“Postpandemiya dövründə Azərbaycan Avropadakı bu güc mərkəzi ilə daha çox əməkdaşlıq edəcək” Layihə

“Postpandemiya dövründə Azərbaycan Avropadakı bu güc mərkəzi ilə daha çox əməkdaşlıq edəcək”

Əziz Əlibəyli: “Bu, həm də ATƏT xətti ilə Qarabağ münaqişəsində də tətbiq olunacaq”

(əvvəli ötən sayımızda)

Müsahibimiz Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli “Xalq Cəbhəsi”nin suallarına aydınlıq gətirib.
-Azərbaycan enerji resursları, layihələri və geostrateji üstünlüyü ilə ABŞ üçün böyük cazibə yaradır. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunun məzmununda böyük bir əməkdaşlıq, regional tərəfdaş və qlobal miqyasda maraqların üst-üstə düşməsi kimi mesajlar dayanır.
Məsələnin mahiyyətinə görə Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 ildir əməkdaşlıq edirlər.
Ötən əsrin 70-ci illərindən etibarən Yaxın Şərqdə siyasi konyukturanın dəyişməsi, 80-ci illərin qarşıdurmalarında, soyuq müharibə nəhənglərinin birinin – SSRİ-nin dağılmasından sonra ABŞ –ın Mərkəzi Asiyaya, Xəzər hövzəsinə və Qafqaza baxışlarını dəyişdi.
Ümummili Lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbər gəlişindən sonra isə ABŞ-la Azərbaycan arasında münasibətlər xüsusi mərhələyə keçdi.
Qlobal nüfuz savaşında xüsusi yer tutan ABŞ bu kontekstdə Azərbaycana xüsusi önəm verərək, resurs dövlətinin potensialını qiymətləndirməyi bacarıb. Eyni dövrə təsadüf edən Qarabağ müharibəsi də ABŞ-ın mövqe sərgiləməsi üçün vəsilə olub. Belə ki, ABŞ-ın BMT-dəki o zamankı nümayəndəsi Madlen Olbrayt 5-6 sentyabr 1994-cü ildə Bakıya səfər edərək, Qarabağda digər ölkələrin hərbi birləşmələrinin yerləşdirilməsinə qarşı çıxaraq, ATƏT-in maraqlarını müdafiə etmiş və az sonra Azərbaycan – ABŞ əməkdaşlığının böyük uğuru olaraq 20 sentyabr, 1194-cü ildə ”Əsrin müqaviləsi” kimi nəhəng anlaşmanı reallığa çevirdilər.
Hətta ABŞ 1997-ci ildə "Xəzər hövzəsinin enerji inkişafı" adlı bəyanatda səsləndirdiyi 4 istiqamətin ana xəttində Azərbaycan müdafiə edilir, Qarabağın həlli istiqamətində konkret addımlar atacaqlarına işarə olunurdu. Təəssüf ki, ABŞ-da güclü dayaqlara malik olan erməni lobbisinin təsiri nəticəsində qəbul edilən 907-ci maddə Azərbaycana silah satışını əngəlləmiş və bu neqativ tendensiya uzun illər ABŞ-Azərbaycan münasibətlərində anormal detal kimi rol oynamışdı.
11 sentyabar terrorundan sonra ABŞ-ın təşəbbüsü ilə başlayan beynəlxalq antiterror əməliyyatlarına Azərbaycan dəstək nümayiş etdirərək, sonrakı illərdə sülhməramlı qismində müxtəlif ölkələrdə əsgəri xidmət göstərib.
Bakı – Tiflis- Ceyhan xəttinin açılması ilə ABŞ-la münaisbətlər növbəti dəfə yeni mərhələyə adlamış, ABŞ iqtisadi sferada Azərbaycanda böyük layihələrin reallaşmasında önəmli rol oynamağa davam edib.
İlham Əliyevin prezidentliyindən etibarən isə ABŞ –la əlaqələr yeni məna kəsb edib, ABŞ Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, tərəflər arasında bir çox istiqamətləri əhatə edən yüksək səviyyəli münasibətlər mövcuddur. Tərəflər arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İstər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edərək getdikcə öz əhatə dairəsini genişləndirməkdədir.
Məsələn, hansı istiqamətlərdə?
-Azərbaycan Birləşmiş Ştatlarla geniş iqtisadi əməkdaşlıq əlaqələri qurub. Bu əməkdaşlığın əsas istiqamətlərini isə Azərbaycanda neft və qaz sektorunun inkişafı, yeni boru kəmərlərinin tikintisi və istismarı, Şərq-Qərb dəhlizi boyu infrastruktur layihələrinin həyata keçirilməsi, qeyri-neft sektoru sahəsində qarşılıqlı ticarətin genişləndirilməsi və s. təşkil edir. İki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsinin göstəricilərindən biri olaraq ticarət dövriyyəsinin həcmi də ildən-ilə artmaqdadır.
Münasibətlərdə çox önəmli detallardan biri Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi ilə bağlıdır ki, bu da qlobal oyunçunun Qafqaz və Yaxın Şərq bölgəsində hazırda davam edən toqquşma mühitində işirakında Azərbaycanın payının olmamasıdır.
Balanslı xarici siyasət, əməkdaşlığa və faydaya yönələn iqtisadi əlaqələr Azərbaycanın regiondakı rolunu və əhəmiyyətini birbaşa ortaya qoymuşdu.
Çox yaxşı əlaqələrimizə baxmayaraq, Prezident İlham Əliyev bəyan edib ki, ölkə ərazisindən hərbi məqsədlər üçün üçüncü ölkəyə qarşı istifadə edilməsinə yol verməyəcək. Çünki Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi faktiki imkan verdi ki, bölgədə hərbi toqquşma ehtimalı aradan qalxsın.
Azərbaycanın fəaliyyəti cənub qonşusu İran və dünya gücü ABŞ arasında münasibətlərin gərginləşməsi regionda yeni münaqişə ocağının yaranacağı kimi narahatlığa əsas vermədi.
ABŞ prezidenti Donald Tramp Prezident İlham Əliyevə yazdığı məktubda bildirib:”28 May – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Amerika xalqı adından səmimi salamlarımı və təbriklərimi çatdırıram. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir. Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk. Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır. Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik”.
-Digər həmsədr dövlətlərlə Azərbaycan münasibətlərinin hazırki dönəmini və postrandemiya dövrünü necə dəyərləndirirsiniz?
-Münasibətlərin çoxlu istiqamətləri var. ABŞ, Fransa və Rusiya ilə Azərbaycan ATƏT xətti ilə əməkdaşlıq etsə də, üç ölkə ilə ayrı-ayrılıqda müqavilələri var, iqtisadi ixracda və idxalda, logistikada önəmli rola malikdirlər.
Fransa Azərbaycanla münasibətlərində artıq ciddi korektlər etməkdədir. Biz bu ölkəyə Avropa İttifaqının siması kimi baxsaq, dəyişən və istiləşən münasibətlərin kökündə Mehriban Əliyevanın humanitar və siyasi addımlarının olduğunu görərik. Digər vacib nüans bu ölkədə böyük təsirə malik olan erməni lobbisidir ki, artıq onu da dəf etməyə başlamışıq.
Bilirsiz ki, münasibətlərin kökündə qarşılıqlı fayda dayanmalıdır. Ölkə rəhbərinin Fransaya sonuncu səfərində onlar da dərk etdilər ki, Azərbaycan faydalı ölkədir, Şərqin qapısıdır, nəhayət ciddi ticarət tərəfdaşıdır.
Erməni təbliğatından onlar da ayılmağa başladılar və elə həmin səfərdə Fransanın 11 şirkəti ilə bağlanan müqəvilələr və Fransanın Azərbaycana silah satışı ilə bağlı razılığı böyük bir prespektiv vəd edir.
Postpandemiya dövründə Azərbaycan Avropadakı bu güc mərkəzi ilə daha çox əməkdaşlıq edəcək və bunu həm də ATƏT xətti ilə Qarabağ münaqişəsində də tətbiq edəcək.
Eyni qayda ABŞ və Rusiya üçün də önəmlidir.
Biz artıq postpandemiya dövründə yeni dünya nizamı ilə üz-üzə qalacağıq, neft dövrü bitir, yeni əməkdaşlıq sahələri yaranır, hansısa mövcud siyasi qüvvələr nüfuzdan düşür və belə bir dünyada heç kim Azərbaycan kimi faydalı müttəfiqdən imtina etməz.
Rusiyada milyonlara soydaşımız yaşayır, nəhəng ticarət əlaqələrimiz var. Ermənistan kimi dövlətin ağasıdır.
ABŞ Azərbaycana hər zaman ehtiyac duyur, “İranın, Orta Asiyanın qapısıdır”, deyə daha çox əlaqələr yaratmaq istəyir. Bütün bu faktorlar gələcəkdə əməkdaşlıq üçün çoxlu səbəblər verir.

Əli