“Ermənistanla sərhəddə toqquşmalar göstərdi ki...” Layihə

“Ermənistanla sərhəddə toqquşmalar göstərdi ki...”

İlyas Hüseynov: “Münaqişənin eskalasiyası hər an baş verə bilər”

“Dağlıq Qarabağ münaqişəsinin alovlanması riski çox yüksəkdir. Bu il iyulun 12-dən 16-dək Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanla sərhədində toqquşmalar göstərdi ki, münaqişənin eskalasiyası hər an baş verə bilər. Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa səfəri zamanı generallarla birlikdə müşavirə keçirməsi, Paşinyanın xanımı Anna Akopyanın hərbi geyimdə təlimlərə qatılması və hərbi ritorikanın davamlı xarakter alması regionda müharibə riskini daha da artırır”. Bunu “Xalq Cəbhəsi”nə müsahibəsində politoloq İlyas Hüseynov deyib. O, həmçinin digər suallarımızı da cavablandırıb.
-Ermənistan Müdafiə Nazirliyi Silahlı Qüvvələrlə paralel yığma qoşun yaradılması üzrə qanun layihəsini ictimai müzakirəyə çıxarıb. Bu qüvvələrə könüllülər ordusunun qərargahı vasitəsilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi rəhbərlik edəcək. “Müdafiə haqqında” qanuna dəyişiklik kimi nəzərdə tutulan layihəyə görə, yığma qoşun Ermənistana silahlı hücum şəraitində vətəndaşların silahlı müdafiəyə könüllü qoşulması sistemidir. Ermənistanda təqdim olunan layihədə könüllülərin adına silah və forma yazılacaq. Könüllü müvafiq vəzifəyə qərargah rəisinin əmriylə təyin olunacaq.
Qeyd etmək istərdim ki, yaxın keçmişdə oxşar struktur – “Yerkrap” könüllülər birliyi olub. Ermənistanda “Yerkrap” könüllülər birliyi 1993-cü ildə yaradılıb və Qarabağ müharibəsi veteranlarını birləşdirib. 1999-cu ildən birliyə general Manvel Grigorian rəhbərlik edirdi, 2018-ci ildə antikorrupsiya istintaqı çərçivəsində saxlanıb. Hazırda birliyin rəhbəri Sasun Mikaelyandır.
Buna görə də, Silahlı Qüvvələrimiz modern silahlarla təchiz olunmalı və müdafiə qabilliyyətimiz daha da artırılmalıdır. Peşəkar ordu quruculuğu prosesi intensivləşdirilməlidir.
-Türkiyə ilə Azərbaycan ordusunun hərbi təlimləri region ölkələrinin mediasında ciddi müzakirələrə yol açdı...Təlimlərdə hansı mesajlar verildi?
-Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər özünün ən qürurverici anlarını yaşayır. Sevindirici haldır ki, tarixən bu iki dövlət arasındakı münasibətlərə heç bir qüvvə mane ola bilmədi, əksinə hər iki ölkə və millətimiz ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər. Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir. Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərir. Türkiyə ilə Azərbaycan dost-qardaş ölkədir. İyul hadisələri zamanı həm Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm Xarici İşlər naziri Mövlud Çavuşoğlu, həm də Milli Müdafiə naziri Hulusi Akarın bəyanatlarında Azərbaycana açıq dəstək ifadə olunurdu. Bu çıxışların ardınca, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin keçirilməsi hərbi-siyasi əməkdaşlığı daha da möhkəmləndirdi. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilmişdi. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakıyla isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirildi. Azərbaycan-Türkiyə münasibətləri, eyni zamanda, NATO ilə əməkdaşlıq sənədləri, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr çərçivəsində, yəni NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir, hərbi kadrların hazırlanması, maddi-texniki təchizat, müdafiə sənayesi sahələrində yeni birgə əməkdaşlıq uğurla davam etdirilir. Türkiyə Azərbaycan müstəqillik qazandıqdan sonra Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib. O zaman orduda kadr çatışmazlığı vardı. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər.
Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında hərbi təlimlər birgə plana uyğun olaraq vaxtaşırı keçirilib. Lakin iyul hadisələrindən dərhal sonra birgə hərbi təlimlərin keçirilməsi düşmən cəbhədə qorxu və xof yaratdı. Ermənistan mediası Türkiyənin Cənubi Qafqazda “sabitliyi və təhlükəsizliyi pozması” ilə bağlı materiallar paylaşmağa başladı. Vurğulamaq lazımdır ki, Ermənistan Azərbaycan ərazilərini işğal etməklə regionda təhlükəsizliyə təhdid törədir və Azərbaycanın digər ərazilərinə raket zərbələri endirəcəyi ilə hədələyir. Bütün bunlar Ermənistanın işğalçı mahiyyətini üzə çıxarır.
-Azərbaycana KTMT ilə birgə hərbi təlim keçirmək təklifi nəyə hesablanıb?
-Sentyabrın əvvəlində Moskva vilayətində MDB, Kollektiv Təhlükəsizllik Müqaviləsi Təşkilatı (KTMT) və Şanxay Əməkdaşlıq Təşkilatı üzv ölkələrinin müdafiə nazirlərinin birgə iclası keçirilib. İclas zamanı nazirlər terrorçuluqla mübarizədə əməkdaşlığın genişləndirilməsi üzrə razılıq əldə edib. Razılaşmaya əsasən, sentyabrın sonunda “Qafqaz-2020” strateji komanda-qərargah manevrləri çərçivəsində terrorçuluğa qarşı ilk birgə hərbi təlimin keçirilməsi planlaşdırılır. Bundan başqa, nazirlər bioloji təhlükə təhdidinə çevik reaksiya potensialının yaradılması və qarşılıqlı yardımın göstərilməsi üzrə tədbirləri müzakirə edib. Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bildirib ki, iclasın yekununda nazirlər Böyük Vətən müharibəsi və İkinci dünya müharibəsində qələbənin 75 illiyi ilə bağlı birgə bəyanat imzalayıb. Bəyanatı imzalayan Müdafiə nazirləri bir sıra məsələlərə münasibət bildirməklə yanaşı BMT-nin məqsəd və prinsiplərinə, qəbul edilmiş beynəlxalq hüququn normalarına, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsiplərinə sadiq qaldıqlarını təsdiq ediblər. Azərbaycan KTMT-nin üzvü deyil, lakin MDB çərçivəsində müəyyən hərbi proqramlarda iştirak edə bilər. Lakin MDB də hərbi təşkilat deyil. Bu baxımdan, Azərbaycana bu təklifin edilməsi absurddur.
-Rusiyanın və İranın Ermənistanı silahlandırması bu ölkələrin Azərbaycanla münasibətlərində problemlər yaradacaqmı?
-Hazrki mürəkkəb gesotrateji vəziyyətdə istər beynəlxalq münasibətlər sistemində istərsə də regionumuzdakı kritik şərtlər içərisində milli maraqların qorunması strateji əhəmiyyət kəsb edir və olduqca aktualdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlarda vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Rusiyanın Ermənistana yenə də külli miqdarda silah-sursat ötürməsi gündəmin əsas müzakirə mövzularından biridir. Belə ki, iyul ayının 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz istiqamətində təxribata əl ataraq atəşkəsi pozması, dinc əhalini atəşə tutması fonunda rəsmi Moskva yenə də təcavüzkara dəstək verib. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı məsələ ilə bağlı kəskin fikirlərini səsləndirib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin milli maraqlarını beynəlxalq aləmdə qətiyyətlə və xüsusi prinsipiallıqla qoruyur. Rusiya Prezidenti ilə telefon danışığında ölkə başçımızın səsləndirdiyi fikirlər bunun əyani sübutudur. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan bütün dövlətlərlə, qonşu ölkələrlə mehriban şəraitdə, dostluq və əməkdaşlıq prinsipləri çərçivəsində siyasət yürüdür. Amma ərazilərimizi işğal edən, sülhdən boyun qaçıran, sülh prosesində maraqlı olmayan işğalçı Ermənistana hərbi yardım rəsmi Bakı tərəfindən qəbuledilməzdir. Digər tərəfdən, Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun ATƏT-in Minsk Qrupunun həmsədri statusuna ziddir. Hətta 1997 –ci ildə general Lev Roxlin o zaman olduqca böyük miqdar hesab olunan 1 milyard dollarlıq silahın Rusiyadan işğalçı Ermənisatana pulsuz olaraq verilməsini ifşa etmişdi. 2020-ci ilin 12-16 iyul tarixində Ermənistan ordusunun iki ölkə arasındakı sərhədd xəttində yaratdığı hərbi-siyasi təxribatdan sonra isə bəlli olur ki, Rusiya Ermənistanı silahlandırmaqda yenə də davam edir.
-Minsk qrupunun fəaliyyətindən imtina edilə bilərmi?
-Qeyd etməkdə fayda var ki, 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Dağlıq Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib. Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir. Lakin uzun illər ərzində danışıqlar getsə də, heç bir nəticəyə hasil olunmayıb. Belə olan təqdirdə, Azərbaycan tərəfi ATƏT-in Minks Qrupunun fəaliyyətindən imtina edə bilər. Lakin erməni lobbisi və Ermənistanın havadarları bunu Azərbaycanın əleyhinə istifadə edə bilər. Bunu da nəzərə almaq lazımdır. Çox yaxşı olardı ki, qardaş Türkiyə ATƏT-in Minsk Qrupunun həmsədri kimi danışıqlarda iştirak etsin.

Əli Zülfüqaroğlu