Ermənilərin həyacanı, qələbə qorxusu... Layihə

Ermənilərin həyacanı, qələbə qorxusu...

Sentyabrın 27-dən Ermənistanda elan edilmiş hərbi vəziyyət rejimi bu günə qədər saxlanılır.
Artıq hərbi əməliyyatlar olmasa da, Paşinyan hakimiyyəti bu rejimi yalnız bir səbəblə ləğv etmir. Məsələ burasındadır ki, hərbi vəziyyət dövründə qanunvericilik Baş nazirə etimadsızlıq bildirmək layihəsi təqdim etmək üçün Ermənistan parlamentinə icazə vermir.
Müharibədən bir neçə həftə sonra erməni müxalifəti hərbi vəziyyəti ləğv etməyə çalışıb, hakimiyyət bunun qarşısını alıb, əks-arqument o idi ki, təhlükəsizlik problemlərini qaydasına salmaq üçün hələ bir müddət hərbi vəziyyət rejimi saxlanılmalıdır.
“Hraparak” nəşri yazır ki, müharibə təhlükəsi hələ də ortadan qalxmayıb.
Bu arada onu da qeyd edək ki, Ermənistanda bəzi qüvvələr hələ də müharibə, “qələbə” arzusu ilə yaşayır. Onlardan biri də separatçıların liderlərindən olan Vitali Balasanyanın "Artsax müdafiə ordusunun" gücləndirməsi fikrində olmasıdır.
Politoloq Məhəmməd Əsədullazadə deyib ki, Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin məsuliyyət zonasında fəaliyyət göstərən separatçıların liderlərindən olan Vitali Balasanyanın "Artsax müdafiə ordusunun" gücləndirilməsi, "sərhədlərin" daha da güclü təhlükəsilzik qüvvələri tərəfindən qorunması üçün işlər görəcəklərini vurğulması populizmidir və bundan sonra onların güclənmısi qeyri-mümkündür.
Politoloq qeyd edib ki, azərbaycanlıların Xankəndi və digər ərazilərə köçürülməsi ilə bağlı məsələlərin həlli yaxın perspektivdə mümkün deyil:"Çünki erməni silahlı qüvvələri bu ərazilərdə qalmaqdadır. Onların qalması təhlükəsizliyə riskdir. Ümumiyyətlə, bundan sonra ermənilərin Qarabağda əvvəlki illərdə olduğu kimi rahat yaşaması, separatçıların güclənməsi mümkün deyil. Rusiya tərəfi burada erməni silahlı birləşmələrini qorumaqla vəziyyəti mürəkkəbləşdirir. Ermənistan bundan sonra Qarabağda öz silahlı qüvvələrini yerləşdirməyəcək. Bu, digər ölkənin ərazisində qanunsuz hərbi müdaxilədir.
Əgər Ermənistan öz hərbçilərini bu ərazilərə göndərərsə, Rusiya sülhməramlı qüvvələri bunun qarşısını almasa, Azərbaycan Silahlı Qüvvələri Qarabağda hərəkətə keçməlidir. Balasanyan, Araik Arutunyan Ermənistandan Robert Köçəryanın hakimiyyətə gəlməsi ilə vəziyyətin düzələcəyini gözləyirlər. Hesab edirlər ki, Ermənistan rəhbərliyi və paralel Rusiya onları yenidən silahlandırıb, müharibənin başlanmasına gedəcək. Ötən illərin ssenarisinin yenidən baş verməsi üçün Köçəryanın hakimiyyəti üçün maksimum çalışırlar. Türkiyənin Qarabağda olması Rusiyanın gələcəkdə təxribatılarının qarşısını alır. Azərbaycanın Şuşada hərbi qüvvələri separatçılarıın başı üzərində " domokl qılıncı" olmalıdır".
Politoloq Mirsamir Məmmədovun fikrincə, erməni ictimaiyyəti hələ də mühariənin yenidən başlayacağı qorxusu ilə yaşayır: “44 günlük müharibə qələbəsindən sonra hökumətin işğaldan azad edilən bölgələrimizin infrastrukturunun inkişafı ilə bağlı proqramları erməni ictimaiyyətinin Paşinyana olan nifrətini artırıb. Dünya erməniləri və onlara havadar olan dövlətlər də başa düşdülər ki, zəbt olunan Azərbaycan torpaqlarında erməniılər bəşəri cinayətlər törədiblər. Bu gün qalib Azərbaycan 30 ilə yaxın ermənilərin törətdikləri vəhşilikləri, dağıntıları bərpa edəcək. Qısa zaman kəsiyində viranə qalan torpaqlarımız abadlaşdırılacaq. Azərbaycan prezidentinin işğaldan azad edilən torpaqlarımıza səfər etməsi və oradan ermənilərə mesajlar verməsi o deməkdir ki, artıq Qarabağ Azərbaycandır. Bundan sonra heç bir qüvvə, heç bir dövlət Azərbaycanla təhdid dilində danışa bilməz. Azərbaycan öz gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Tez bir zamanda ermənilər tərəfindən dağıdılan şəhər və kəndlərimiz abadlaşacaq, torpaqlarımızdan didərgin salınan minlərlə soydaşımız evlərinə qayıdacaqlar. Qarabağa yenidən həyat veriləcək. İş yerləri açılacaq, turizm bərpa olunacaq, infrastruktur bərpa olunacaq, kənd təsərrüfatı, sənaye sahəsi inkişaf etdiriləcək və s. Amma bununla yanaşı 30 ildə ermənilərin Azərbaycana vurduğu ziyan mütləq ödəniləcək. Beynəlxalq hüquq normaları çərçivəsində Beynəlxalq Məhməyə müraciət olunacaq, BMT ekspertlərinin iştirakı ilə bu məsələ təftiş ediləcək. Ermənilər elə zənn etməsinlər ki, Azərbaycan onlara törətdikləri vəhşilikləri bağışlayacaq”.
Yeri gəlmişkən, Valeri Krovanın “FranceInter”də Qarabağdan hazırladığı reportajı dərc olunub.
WorldMedia-nın fransız dilindən tərcümə etdiyi yazını təqdim edirik:
Azərbaycan Ermənistanla ötən ilin sonlarında apardığı 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağda hələ ötən əsrin 90-cı illərində baş vermis ilk döyüşlər zamanı itirdiyi torpaqların böyük hissəsinə tam nəzarəti geri qaytarıb. Tərəflər arasında 1991-1994-cü illərdə baş vermis ilk savaşda iki tərəfdən 30 min insan ölmüş, 600 min azərbaycanlı öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalmışdı. İndi bu insanlar tezliklə öz torpaqlarına qayıda biləcəklərinə ümid edirlər.
Ağdama aparan uzun yol Azərbaycan hərbi polisi tərəfindən mühafizə olunur. Bu rayon Ermənistan tərəfindən 1990-cı illərdə işağ olunmuşdu. Ötən illər ərzində o, tanınmamış “Dağlıq Qarabağ respublikası” ətrafında “təhlükəsizlik zonası”nın bir hissəsi idi. Ermənilər rayonu ötən il noyabrın 19-da Azərbaycana döyüşsüz təhvil verməyə razılaşıb. Bununla da Ağdam Bakının nəzarətinə keçib.
Vaxtilə 25 min əhalisi olmuş Ağdam bu gün “kabus şəhər” adlandırılır. Onun indiki vəziyyətini gördükdə keçmişini təsəvvür etmək mümkün deyil. Burada bütün evlər yerlə-yeksandır. Yalnız bir neçə bina möcüzəvi şəkildə salamat qalıb. Ötən illər ərzində bura erməni separatçıları üçün arxa cəbhə olub. Ağdamdakı qədim məscid onıar tərəfindən tövləyə çevrilib. Bu, ermənilərə qarşı köhnə nifrəti daha da alovlandıran faktlardandır.
Həyat yoldaşı müharibədə həlak olmuş Tərlan adlı tənha qadın Ağdamdan 30 kilometr aralıda, dövlətin verdiyi mənzildə yaşayır. Onun həyat yoldaşı 1991-1994-cü illərdə baş vermis Birinci Qarabağ savaşında şəhid olub. O zaman separatçılar onları öz torpaqlarından çıxmağa məcbur edib. Tərlan evlərini tərk edən zaman özü ilə yalnız bir şəkil – həyat yoldaşının şəklini götürə bilib. Bu gün həmin şəkil qonaq otağının divarında asılıb. Qadın deyir ki, illər keçsə də, müharibənin ona vurduğu yara sağalmır.
“Bu, bizim əcdadlarımızın torpağıdır. Bizim torpağımızdır, bizim vətənimizdir! Ən əziz insanımı bu torpaq uğrunda itirmişəm. Heç nə olmamış kimi yaşamaq mümkün deyil. Mənim qızım atasız böyüyüb, bütün həyatım məhv olub. Bunu həzm etmək çətindir”, - deyə o, bildirir.
Tərlanın rəfiqəsi Arzu da buraya eyni kənddən köçüb. Onlar 1993-cü ildən öz torpaqlarına qayıda bilmirlər. Ermənistanın Qarabağı, nəhayət, geri qaytarması bütün azərbaycanlılar kimi, onların da özlərini qurbanı saydıqları ədalətsizliyi qismən aradan qaldırıb. Bununla belə, Arzu yenə də xəbərdarlıq edir: “Ermənilər problem yaratmadan, sakit şəkildə yaşamaq istəyirsə, problem yoxdur. Lakin belə olmayacaqsa, bu dəfə bizi heç kim dayandıra bilməyəcək”.
Azərbaycanla Ermənistan arasında ötən il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəsdən sonra Bakının nəzarətinə keçmiş rayonlardan biri də Zəngilandır. Buradan baxdıqda İran sərhədi kimi, Ermənistan sərhədi də aydın şəkildə görünür. Ağdamdan fərqli olartaq, Azərbaycan Zəngilanı işğaldan silah gücünə azad edib. Yol boyu mühafizə kombinezonu geymiş azərbaycanlı minaaxtaranları görmək mümkündür.
Artıq burada bütün kəndlərin adı Azərbaycan adları ilə əvəzlənib. Üzərində erməni dilində adlar yazılmış lövhələr ağ rənglə boyanıb. Başqa sözlə, terminologiya sahəsində də müharibə gedir.
30 yaşlı Qədir Zəngilan rayonu uğrunda döyüşlərdə iştirak edib. Mərmi qəlpəsilə yaralanmış Qədirin sol gözü ağ sarğı ilə örtülüb. Qədir deyir ki, xalqın mediada “Müzəffər Ali Baş Komandan” adlandırılan prezident İlham Əliyevin arxasında olduğu hər addımda hiss olunur: “Birinci Qarabağ müharibəsi zamanı biz hazırlıqsız idik, xalq parçalanmışdı. Amma bu dəfə idarəetmə mütəşəkkil idi. Xalq da qələbəyə inanırdı. Mən özüm də inanırdım ki, tez bir zamanda qalib gələcəyik, özü də lap tez. Bu qələbədən sonra prezidentimizə rəğbətim daha da artıb”.
Yolda Qarabağın Azərbaycana aid olduğunu göstərən afişalar görünür. Təbliğat videolarında isə Azərbaycan əsgərinin rəşadəti tərənnüm olunur. Son müharibədə təxminən 3 min Azərbaycan əsgəri şəhid olub.
İndi – qələbədən sonra rəsmilər daha ölçülüb-biçilmiş açıqlamalar verir. Halbuki, müharibə dövründə çox sərt bəyanatlar səsləndirilirdi.
Azərbaycanı Parisdə, UNESCO-da təmsil etmiş, indi isə ölkənin mədəniyyət naziri olan Anar Kərimov bunu belə izah edir: “Biz bir yerdə yaşaya bilməsək, münaqişənin davamlı həllinə nail ola bilmərik. Məqsədimiz ermənilərə qarşı etnik təmizəmə aparmaq deyil. Doğrudur, onların bizə qarşı etdiklərini unutmuruq, amma iki icmanın barışmasında maraqlıyıq. Başqa seçimimiz yoxdur”.
İstənilən halda, müharibənin yaralarını sağaltmaq çox vaxt aparacaq. Üstəlik, hər şey hələ də tam həll edilməyib. Dağlıq Qarabağın bir hissəsində yenə də ermənilər yaşayır və onların gələcəyilə bağlı dəqiq fikir yoxdur.
Atəşkəsdən sonra döyüşlərin yenidən alovlanmasının qarşısının alınması üçün bölgədy 5 il müddətinə 2 minlik Rusiya sülhməramlıları yerləşdirilib. Birinci Qarabağ müharibəsi nəticəsində məcburi köçkünə çevrilmiş 600 min azərbaycanlıya gəlincə, onlar öz torpaqlarına yalnız ərazilərin minalardan təmizlənməsindən, orada infrastrukturun bərpasından sonra qayıda biləcəklər. Bunun üçün isə ən azı aylar lazımdır.

Cavid