Məğlub Ermənistan narahatlıq içindədir Layihə

Məğlub Ermənistan narahatlıq içindədir

Azərbaycan Ordusunun 44 günlük müharibə ilə Qarabağı işğaldan azad etməsindən sonra tərəflər arasında qarşıdurma iki ölkənin 30 ildir Ermənistanın işğalı altında qalmış, beynəlxalq səviyyədə tanınan sərhədlərinə keçib.
Mayın 27-də Azərbaycanın azad edilmiş Kəlbəcər bölgəsinə soxulmağa, sərhəd zastavasının arxasında minalar basdırmağa cəhd edən erməni hərbçilərindən altısı Azərbaycan Sərhəd Qoşunlarının əsgərləri tərəfindən saxlanılıb. Amma tərəflər arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağı ziddiyyətlər bundan əvvəl başlayıb. Bu məsələnin münaqişəyə, problemə çevrilməsinin bir neçə səbəbi var.
Yeri gəlmişkən, Ermənistan və Azərbaycan nümayəndələri arasında sərhəddəki vəziyyətlə bağlı danışıqlar Moskvada keçiriləcək.
Bu barədə erməni nəşri “Hraparak” qəzeti məlumat yayıb.
Danışıqlar zamanı Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələr müzakirə olunacaq.
Məlumata görə, erməni tərəfdən Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin müavini Arşak Karapetyan və sərhəd qoşunlarının baş qərargah rəisi Arman Qasparyan danışıqlarda iştirak edəcək. Azərbaycan xarici kəşfiyyat xidmətinin rəisi Orxan Sultanovun Azərbaycan tərəfini təmsil edəcəyi deyilib.
Qarabağdakı sülhməramlı kontingent komandiri Rüstəm Muradovun danışıqlarda Rusiya tərəfindən iştirak edəcəyi qeyd olunub.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Cavid Vəliyev “Miliyet”də yazıb ki, birincisi, Azərbaycanla Ermənistanın beynəlxalq səviyyədə tanınan dövlət sərhədi uzun illər ermənilərin işğalı altında olub. Bu müddət ərzində Ermənistan tərəfi həmsərhəd kənd və qəsəbələrini qanunsuz olaraq Azərbaycana tərəf genişləndirib, Azərbaycan ərazilərinə daxil olub. Bütün işğal boyu sərhəddə yerləşən erməni kəndlərinin sakinləri işğal olunmuş Azərbaycan torpaqlarından əkinçilik və heyvandarlıq üçün də istifadə edib. Başqa sözlə, burada yaşayan ermənilər ötən 30 ildə beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan torpaqları özününkü sayıblar. İndi isə onlar bu imkanları itirir və bu, onlarda narahatlıq yaradır.
Bir sözlə, 30 il idi ki, bu kəndlərin sakinləri əkinçilik və heyvandarlıqdan gəlirlərini Azərbaycan torpaqları hesabına qazanırdılar. İndi onlar bu gəlirdən məhrum olurlar. Artıq sərhədlərə nəzarət təbii olaraq Azərbaycana keçir, nəticədə bəzi erməni kəndlilər yerləşdikləri Azərbaycan torpaqlarını tərk etmək məcburiyyətində qalırlar. Üstəlik, indi onlar otlaq sahələrini itirdikləri üçün heyvanlarının çoxunu satmağa çalışır, yaxid “əkin torpaqları”ndan istifadə edə bilmədiklərindən şikayətlənir. Bu isə Ermənistan daxilində əlavə təzyiqə çevrilir, siyasi həllə nail olunmadıqda isə təxribatlara yol açır.
İkincisi, bütün bunlar Ermənistanda keçiriləcək növbədənkənar seçki ərəfəsində baş verir. Başqa sözlə, sərhəddə yaşananlar ölkə daxilində şiddətli iqtidar-müxalifət qarşıdurmasına da səbəb olur.
Ermənistanda növbədənkənar parlament seçkisi iyunun 20-də keçiriləcək. Seçki ərəfəsində aparılan rəy sorğuları göstərir ki, Paşinyanın dəstəyi 32%-dən 24%-ə düşüb. 44 günlük müharibəni uduzmuş tərəfin baş naziri indi sərhəd hadisələrinə görə rəqibləri tərəfindən bir qədər də sıxışdırılır. Beləliklə, xalqı arasında ona dəstək getdikcə azalır.
Ekspert qeyd edib ki, daxildə Paşinyana təzyiqi artıran əsas qüvvələr 44 günlük müharibədəki məğlubiyyəti həzm edə bilməyən, mütəmadi olaraq təxribat xarakterli açıqlamalar verən, 10 noyabr bəyannaməsini dəyişdirməyə çalışan qruplardır. Onların fikrincə, 10 noyabr bəyannaməsinin icrası təxirə salınmalıdır. Paşinyan isə əksini düşünür. O, hesab edir ki, bəyannamənin şərtləri sürətlə icra olunmalıdır.
Bütün bunların fonunda Ermənistanın seçkiyə qatılmaq niyyətini açıqlamış sabiq prezidenti, əslən Qarabağdan olan Robert Koçaryan radikal erməni diaspor təşkilatı ANCA-nın da dəstəyini qazanıb. Belə təşkilatlar Ermənistanın siyasətinə təsirini qoruyub saxlayır. Yeri gəlmişkən, sərhəddəki təxribatçı hərəkətləri onlar da dəstəkləyir.
Üçüncüsü, Paşinyan ictimaiyyət və müxalifət tərəfindən siyasi təzyiqlərin artdığını gördüyündən, o da bu məsələni gündəmdə saxlamağa məcbur olur. Məhz bu üzdən o, baş verənlərlə bağlı Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə danışıqlara başlamışdı. Lakin qarşı tərəfdən gözlədiyi dəstəyi almayan Nikol Paşinyan sonda müttəfiqlərini sərt tənqid etməyə girişib.
Bunun ardınca o, məsələni BMT Təhlükəsizlik Şurasında belə, qaldırılacağını bildirib. Amma unutmaq olmaz ki, Yerevan hələ 44 günlük müharibə zamanı Fransa və Rusiyanın təşəbbüsü ilə BMT TŞ-də Azərbaycan əleyhinə qərarın qəbuluna çalışmış, amma buna nail ola bilməmişdi.
Başqa sözlə, Paşinyan Ermənistanın beynəlxalq birlikdən çox şey ala bilməyəcəyini hələ 44 günlük müharibənin gedişində görüb. Odur ki, onun son addımları daha çox daxilə hesablanıb.
İşğalçılara dəstək duran Fransaya gəldikdə isə, “Musulmanz En France” yazır ki, beynəlxalq hüquqa “hörmət” edən demək olar ki, bütün dövlətlərdən fərqli olaraq, münaqişənin həllinə məsul olan qrupda həmsədr statusuna malik Fransa Dağlıq Qarabağda separatçılığı dəstəkləyən, həqiqətlərə qarşı çıxaraq, bu məsələdə erməni tərəfinin mövqeyini kor-koranə bölüşən azsaylı ölkələrdəndir. Bu gün ölkə qəzetləri azərbaycanlıların fikrini nəzərə almadan mübahisəli və xəyali xəritələrə istinad edir. Bununla da onlar “ağalarının səsi”ni mexaniki olaraq daha çox yayırlar.
Ölkə mətbuatında gedən debatlara nə Qafqaz üzrə ixtisaslaşmış tarixçilər, nə də Azərbaycan nümayəndələri görünür. Belə debatlarda bir qayda olaraq, yalnız ermənilər çıxış edir, münaqişənin yaşandığı regiona heç vaxt ayaq basmamış, reallıqdan uzaq insanlar absurd petisiyalar imzalayır. Belə bir şəraitdə fransalı oxucu və ya televiziya tamaşaçısında necə aydın fikir formalaşa bilər?
Missiyası ictimaiyyəti maarifləndirmək olanların həqiqəti təhrif etməsi və ya gizlətməsi azadlığın təhlükədə olması deməkdir.
Parisin aparıcı həftəlik qəzetlərindən birinin müharibə zonasına öz xahişi ilə yollanmış reportyoru məqaləsində Qarabağ cəbhəsində “cihadçı muzdlular”ın mövcudluğunu pisləyir. Azərbaycanın hakimiyyət orqanları ondan soruşurlar ki, “siz istədiyiniz yerə sərbəst gedə bildinizmi? Döyüş meydanında heç olmasa bir muzdlu gördünüzmü?”. Jurnalist cavab verir: “Bəli, mən tam sərbəst idim. Xeyr, mən heç bir muzdlu görmədim. Sadəcə olaraq, digər jurnalistlərin yazdıqlarını təkrar etmişəm və əgər mən bunun əksini desəydim, məqaləm dərc olunmayacaqdı”.
Əslində Ermənistan-Azərbaycan münaqişəsində jurnalistlərin işi heç də asan olmayıb. TF1 televiziya kanalının xüsusi müxbiri Lizeron Budul münaqişə zonasında şahidi olduqlarını dəqiq göstərmək istəyirdi. Lakin onun reportajı məhz erməni dairələrin təzyiqi ilə kanalın saytından silindi. Bu azmış kimi, Budul sosial şəbəkələrdə ölümlə belə, hədələndi…
Əlbəttə ki, ölkəmizdə hökm sürən islamofobiya şəraitində erməni silahlı qüvvələrinə qeyd-şərtsiz dəstək təəccüblü deyil. Bəzən “yeni səlib yürüşü” kimi təqdim edilən bu münaqişəyə dini müharibə donu belə, geydirilirdi. Guya türklərin dostu olan müsəlman Azərbaycan xristian ermənilərə qarşı savaşırmış...
Ancaq bu, qətiyyən belə deyil! Əksinə, monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycan bütün dinlərin sərbəst olduğu, hətta dövlət tərəfindən dəstəkləndiyi dünyəvi, multikultural ölkədir.
Xeyr, Dağlıq Qarabağda heç də tarixən ermənilər məskunlaşmayıb. Ermənilər bu bölgəyə sonradan gəlib! Xeyr, bu bölgə erməni əyaləti deyil. BMT-nin bütün qərarlarına əsasən, bölgə Azərbaycanın tərkib hissəsidir! Xeyr, azərbaycanlılar erməniləri oradan qovmayıb. Ermənistanda yaşayan 300 min azərbaycanlı Yerevanın Qarabağın müstəqilliyini tələb etməsindən sonra doğma yurdlarından didərgin salınıblar! Xeyr, münaqişəni Azərbaycan Silahlı Qüvvələri başlamayıb. Müharibənin əvvəlində erməni silahlı birləşmələri cəbhə xəttindən 40 kilometrdən də uzaqda yerləşən mülki kəndləri raket atəşinə tutub!
Bəli, təcavüzkar heç də bizə təqdim olunan tərəf deyil!
Qafqaz həm strateji, həm də iqtisadi baxımdan mühüm regiondur. Burada insanların sülh şəraitində birgə yaşamasının zamanıdır. Qoy, Azərbaycan və Ermənistan gələcəklərini birlikdə qursunlar.
Bununla biz vəziyyəti olduğu kimi göstərməyə çalışır, sivilizasiyanın beşiklərindən olan, saysız-hesabsız mədəni sərvətlərə sahib, fransalı rəsmilərin mövqeyinə baxmayaraq, fransız dilinin sevildiyi Azərbaycanla bağlı vəziyyəti oxucularımıza olduğu kimi göstərmək istəyirik.
Qoy, bu şahidliyimiz ölümcül ideologiya üzərində ağılın qalib gəlməsinə töhfə versin.
Cavid