Azərbaycanda meşə yanğınları: təxirəsalınmaz tədbirlərə ehtyac var Layihə

Azərbaycanda meşə yanğınları: təxirəsalınmaz tədbirlərə ehtyac var

Bu gün dünyanın əsas gündəmi meşə yanğınları ilə bağlıdır. Dünyanın bir çox nöqtəsində vahiməli yanğın hadisələri baş verir. Buna misal olaraq Türkiyə, Yunanıstan, İtaliya, İspaniya, Amerika Birləşmiş ştatları, Kanada və Rusiyanı misal göstərə bilərik. Bütün bunlarla bağlı müxtəlif fikirlər var.

Bəs Azərbaycanda vəziyyət necədir, iri miqyaslı yanğın təhlükəsi varmı? Problemlər və çıxış yolları nədən ibarətdir?

Xatırladaq ki, Azərbaycanda son genlər bir neçə bölgədə meşə yanğınları baş verib. Dünən Bakı və Qəbələdə yanğınların baş verməsi isə mövzunu yenidən gendəmə daşıyıb.

Dünən Bakıda ağaclıq ərazidə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Vunq-Tau küçəsində ağaclıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub. FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Qəbələdə də mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib. FHN-dən verilən məlumata görə, Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilib. Yanğının söndürülməsini sürətləndirilmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib ki, Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə meşədə baş verən yanğınla bağlı bütün qüvvələrimiz səfərbər olunaraq yanğının tez bir zamanda söndürülməsi üçün çalışırlar.

Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin, rayon icra hakimiyyətinin və yerli kənd camaatının köməyi ilə yanğının digər ərazilərə keçməsinin, genişlənməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür. Nazirlik rəsmisi vətəndaşlara bir daha yanğın təhlükəsizliyi ilə bağlı çağırış edib: “Havaların isti keçməsi, insanların təbiət qoynuna üz tutması meşələrdə yanğınların baş vermə ehtimalını artırdığı üçün hər kəsi bir daha yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırırıq. Unutmayaq ki, cüzi ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb olur, söndürülməsi çox böyük əziyyət və zəhmət tələb edir, flora və faunanın, torpaq qatının məhvi ilə bərabər, dövlətimizin büdcəsinə külli miqdarda ziyan dəyir”.

Xatırladaq ki, ətraf mühit üzrə mütəxəssis Rövşən Abbasov avqustun 5-də “Xalq Cəbhəsi”nə açıqlamasında Qəbələ meşələrində yanğın təhlükəsi ilə bağlı məlumat verib.

R.Abbasov diqqətə çatdırıb ki, yanğınların əksər səbəbləri turistlərin məsuliyyətsizliyi, ocaqların qalanması və söndürülməməsi, siqaretin meşəyə atılması və.s kimi məsələlərlə bağlıdır: “Yəni heç bir yerdə yan təsir olmasa, meşə, ağaclar öz-özünə yana bilməz. Azərbaycanda da meşə yanğınları qalanan ocaqlar və atılan siqaretlər nəticəsində olur. Məsələn Qəbələ meşələrində həddindən artıq quru otlar var. Bir çınqı kifayətdir ki, alışıb yansın. Hazırda vəziyyət o dərəcədədir. Hər yerdə olduğu kimi Azərbaycanda da meşə yanğınları riski artıb. Təbii ki, əsas səbəb insan mənşəlidir. Amma son zamanlar görürsünüz ki yay ayları daha isti və quraq keçir. Qlobal iqlim dəyişiklikləri baş verir. Məsələn əvvəllər dağlarda az da olsa mütəmadi olaraq yağışlar yağırdı. Yağış olanda nəmlik çox olur, otlar, ağaclar islanır və yanğın riski minimuma enir. Təbii ki, hazırda quraqlıq və istilərin yüksəlməsi riskləri artırır. Ona görə də adekvat tədbirlər görülməldiir. Bizdə əvvəlki illərə nisbətən hazırlıq səviyyəsi artıb. Yaznğınsöndürənlərimiz daha peşəkar və hazırlıqlıdırlar. Əksər yerlərə müdaxilə imkanlarımız mövcuddur, texnikalarımız kifayət qədərdir. Amma bütün bunların üzərində daim işlənməlidir. Texniki təminat, eyni zamanda personalın sayı artırılmalıdır. Həmçinin riski artıran amillər nəzərə alınmaldıır.

Birinci risk amili təbii təhlükə ilə bağlıdırsa, ikinci risk amili hazırlıqsızlıqla bağlıdır. Təsəvvür edin ev 3 ballıq zəlzələyə dözməyəcək, eyni zamanda 8 ballıq zəlzələyə dözəcək səviyyədə inşa oluna bilər. Ona görə də bunu təhlükə+hazırlıq=Risk düsturu ilə izah edə bilərik”.

Çox təəssüf ki, R.Abbasovun bu proqnozu özünü doğrultdu və Qəbələ meşələrində də yanğın baş verdi.

Amma bundan əvvəl Şamaxı, Ağsu, Lənkəran və Yardımlı meşələrində analoji halların şahidi olmuşuq.

Rəsmi məlumatlara görə, avqustun 4-də Ağsu rayonunun Gəgəli kəndinin (Bakıdan 153) kilometr qərb) şimal-qərbində, "El yeri" adlanan dağlıq ərazinin yaxınlığında yanğın baş verib.

Fövqəladə Hallar Naziliyinin məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub.

Nazirlik bildirir ki, yolsuzluq və çətin relyef şəraitində getdikcə yayılan yanğının söndürülməsi üçün gərgin mübarizə aparılıb. Nazirlik bildirib ki, avqustun 5-də günorta saatlarında Ağsunun Gəgəli kəndi tərəfində başlayan yanğının yanğınsöndürənlər və kənd əhalisinin köməkliyi ilə söndürülməsinə nail olunub.

Buna baxmayaraq yanğın Ağsu rayonunun dağlıq ərazisindən Şamaxı rayonu ərazisinə keçib.

Bundan öncə, Azərbaycan yanğınsöndürünləri avqustun 3-də ölkənin Lənkəran rayonu, Moloja kəndi (Bakıdan 272 kilometr cənub) yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğını avqustun 4-də söndürə bilib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın zamanı 10 hektar sahədə kol-kos, quru ağaclar və qismən ağaclar yanıb.

Avqustun 2-də isə Yardımlı rayonunun Honuba kəndi (Bakıdan 292 kilometr cənub) yaxınlığında meşə zolağında yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təxminən 15 hektar sahədə xəzəl, kol-kos, qurumuş ağac kötükləri və qismən ağaclar yanıb.

Sinoptiklər ümumilikdə avqust ayında isti şəraitinin quru və isti olacağını bildirir. Temperaturlar bəzi günlərdə 44 dərəcəyədək qalxıb və isti hava şəraiti davam edir.

Ekoloq Fikrət Cəfərov isə hesab edir ki, Azərbaycanda baş verən meşə yanğınlarının 95 faizi insanların ehtiyatsız davranışı ilə bağlıdır: Ümumiyyətlə əhalinin təbiətlə davranış mədəniyyəti çox da yüksək deyil. Məsələn, yolla gedən avtomobillərdən yanan siqareti yol kənarına atırlar. Aydındır ki, siqaret də yol kənarında quru ot üzərinə düşür və yanğın baş verir.

Bilirsiniz ki, hazırda turizm mövsümüdür və insanlar meşələrdə, çay kənarlarında istirahətə yollanırlar. Bu zaman isə kabab bişirməyə üstünlük verirlər. Mən özüm dəfələrlə təbiətdə kabab bişirən insanlarla rastlaşmışam və onlara izah etmişəm ki, kabab bişirdikdən sonra ocağı tamamilə söndürmək lazımdır.

Çox zaman insanlar közü sadəcə torpaqla örtürlər, ancaq kömür qalır və sonradan yanğına səbəb olur. Ümumiyyətlə Azərbaycanda yanğınların 95 faizi birbaşa insan davranışı ilə bağlıdır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova “Report”a açıqlamasında bildirib ki, meşə, milli park və qoruqlarda baş verə biləcək yanğınların qarşısının alınması məqsədilə tədbirlər planı hazırlanıb: "Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə hazırladığı planda baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması ilə bağlı həm təlimlər, həm də yanğınsöndürmə avadanlıqlarının yoxlanması ilə bağlı reydlər öz əksini tapır".

Ekoloq Telman Zeynalov isə “Xalq Cəbhəsi”nə bildirib ki, istər yerdə, istərsə də Atmosferdə istilik 50 dərəcə olsa belə meşələrin özbaşına yanması mümkün deyil: “Çünki meşədə olan hava axını, havanın təzyiqi və nəmişlik yanğının baş verməsinə imkan verməz. Bunu ancaq insan əli və ya ekosilahlarla etmək mümkündür”.

T.Zeynalov Azərbaycanda da təxribat ehtimallarının olduğunu və meşə yanğınlarına qarşı hazırlıqlı olmağın vacibliyini önə çəkib: “Atalar misalı var, meşə çaqqalsız olmur. Hansısa təxribat məqsədilə meşələrimizi yandıra bilərlər. Ona görə də önləyici təbirlər görməli və hazırlıqlı olmalıyıq”.

Dünyada və Azərbaycanda baş verən yanğın hadisələri göstərir ki, artıq əvvəlki qaydada meşə yanğınlarından qorunmaq mümkün deyil. Bunun üçün təcili olaraq ciddi araşdırmaya, planlı və kompleks tədbirlərə ehtiyac var. Əks halda fəlakətlə üzləşə bilərik...

Əli Zülfüqaroğlu