“Ermənistan Azərbaycana qarşı terror siyasəti həyata keçirir” Layihə

“Ermənistan Azərbaycana qarşı terror siyasəti həyata keçirir”

Zaur Əliyev: "Separatçı rejim beynəlxalq konvensiyalara zidd olaraq xarici şirkətləri işğal altında olan Azərbaycan ərazilərinə investisiyalar qoymağa cəlb edir"

Son zamanlar Dağlıq Qarabağa Azərbaycanın razılığı olmadan səfər edənlərin sayı azalsa da yenə belə səfərlər olur və Azərbaycan tərəfi sadəcə olaraq bu şəxslərin respublikaya girişini yasaqlaya bilir. Bu isə məsələnin birdəfəlik həlli deyil və bunun özündən də ermənilər yararlanmağa çalışırlar.
Sonuncu dəfə ABŞ və İspaniyadan olan jurnalistlər Dağlıq Qarabağa səfər etmişdilər və Azərbaycanın əleyhinə məqalələrlə çıxış etmişdilər. Bunu da qeyd edək ki, jurnalistlərlə yanaşı tanınmış müğənnilərin də zaman-zaman Dağlıq Qarabağa səfərləri təşkl edilir və güman edilir ki, Şuşanın işğalı günü – mayın 8-də daha bir neçə tanınmış müğənni Dağlıq Qarabağa gətiriləcək. Sözsüz ki, bu şəxsləri erməni lobbisi iri qonorarlar hesabına Dağlıq Qarabağa gətirirlər və bununla ictimai rəyə təsir etməyə çalışırlar. Amma indi vəziyyət nisbətən dəyişib. Belə ki, artıq bir sıra Avropa ölkələrinə məxsus şirkətlər də eyni addımı atmaqla Dağlıq Qarabağda biznes strukturları yaratmağa çalışırlar. Hətta bu ölkələr sırasında İtaliya kimi inkişaf etmiş dövlət də var. Azərbaycan tərəfi isə bununla bağlı italiyalı nazirə artıq etirazlarını bildirib. "Bəzi italyan şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərindəki fəaliyyəti, bu ərazilərə səfərlərin təşkili, habelə, İtaliyadakı sərgi və tədbirlərdə qondarma respublikanın iştirakı qəbuledilməzdir". Bunu Azərbaycan-İtaliya işgüzar görüşündə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, İtaliyanın bəzi şirkətləri Qarabağda fəaliyyət göstərir və İtaliya hökuməti tərəfindən belə halların qarşısı alınmalıdır. İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi isə məsələ ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı azərbaycanlı həmkarı ilə danışıqlar aparıb. "Sözügedən şirkətlərə bununla bağlı xəbərdarlıq olunacaq. Ümid edirəm ki, onlar bu fəaliyyətlərini dayandıracaqlar", - deyə F. Quidi qeyd edib.
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək hesab edir ki, bu gün Dağlıq Qarabağ ətrafında baş verənlər ikili yanaşmanın nəticəsidir: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin mövqeyi bəllidir. Biz bütün platformalarda Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsinin vacibliyini dilə gətiririk". Türkiyə parlamentinin sədri münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətinin ürək açan olmadığını bildirib: "Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu münaqişənin həlli üçün heç nə edə bilmir. Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir, davam edir. Bu münaqişə başlayanda ana bətnində olan körpənin artıq 23 yaşı var. 1 milyondan artıq azərbaycanlı bu münaqişə nəticəsində ata-baba yurdlarından didərgin düşüb. Təəssüflər olsun ki, beynəlxalq təşkilatların bu münaqişəyə ikili standartlı münasibəti davam edir". C.Çiçək Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə, Cənubi Qafqaz regionunda təhlükəsizliyə nail olmağın qeyri-mümkünlüyünü vurğulayıb: "Bu münaqişə həll edilmədikcə Cənubi Qafqaz regionunda təhlükəsizlik riski davam edəcək. Ermənistan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını azad etməlidir".
Amma hazırda ekspertləri narahat edən məsələ budur ki, xarici şirkətlərin Dağlıq qarabağa axını ciddiləşdirilə bilər və bu, dünya ictimaiyyətini çaşdırma məqsədli olar. Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev isə deyib ki, respublikamıza qarşı təkcə mədəni deyil, həm də iqtisadi terror siyasətini həyata keçirən Ermənistan dövləti və Dağlıq Qarabağın separatçı rejimi beynəlxalq konvensiyalara zidd olaraq müxtəlif vasitələrlə xarici şirkətləri işğal altında olan Azərbaycan ərazilərinə investisiyalar qoymağa cəlb edirlər. Onun sözlərinə görə, Azərbaycanın icazəsi olmadan xarici şirkət işğal altındakı ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlə məşğuldur: "Həmin şirkətlər sırasında "Global Gold", "Lincy" (ABŞ), "First Dynasty Mines", "Sterlite Gold Ltd", "Grand Tobacco" (Kanada), "Akopian", "Vartanian", "Framation", "Mak-Mak Adams", "Pemod Richard" (Fransa), "Siemens", "Schnieder" (Almaniya), "Simon Petrolium Technology" (Böyük Britaniya), "Zvezda" (Rusiya), "Patrex" (Portuqaliya), "Franck Muller", "Andre Group", "Alpoto" (İsveçrə), "Australia Nairi Ltd", "Tida Joint Venture" (Avstraliya), "FKX" (Argentina), "Karabagh Telecom", "Shusha" (Livan), "Thomson" (Niderland), "İntracom" (Yunanıstan) "Mc and Co" (Kipr), "Gideon Richter), (Macarıstan), "Cochrane Pond" (Kanada), "Santa Candelaria" (Çili) və digərlərini misal göstərmək olar.
İlk olaraq qeyd edək ki, bu gün erməni işğalı altında olan Söyüdlü - Zod qızıl mədəni Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşir. Söyüdlü - Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970-80 ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə "Şəhrizər", yəni qızıl şəhəri adı ilə məşhur olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, işğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 20 ildir ki, Ermənistan respublikası tərəfindən talan edilir".
Onun sözlərinə görə, təkcə 1990-1991-ci illərdə aparılmış tədqiqatların nəticələrinə görə Azərbaycan dövlətinin mülkiyyətində olan 3 qızıl yatağında (Qızılbulaq, Vecnəli və Zod) 140 tona yaxın qızıl ehtiyatı vardır. 1998-ci ildə Kanadanın "Canadian First Dynasty Mines Ltd" şirkəti ilə müqavilə bağlamış Ermənistan hökuməti 2002-2003-cü illərdə Zod yatağından 5 ton qızıl çıxarıb: "Bundan savayı, qeyd edilən sahədə Ermənistanın növbəti ortağı Hindistanın "İndian Sterlite Gold Ltd" şirkətidir. Azərbaycanın işğal olunmuş torpağında Söyüdlü – Zod qızıl yatağında ATƏT-in Minsk Qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatlarının "Global Gold Armenian Ltd" şirkəti əsas tərəfdaşlardan biridir. "Global Gold Armenian Ltd" 1995-ci ildə yaradılıb və onun yaradılması haqqında sazişi şahid qismində ABŞ-ın Ermənistandakı səfiri Piter Tomson imzalayıb.
Əldə olunan məlumatlara əsasən, Avstraliyanın "İnternational Base Metals Limited" şirkəti qanunsuz olaraq Azərbaycan ərazilərində ermənilərlə iş birliyi yaradıb. İşğalçı ermənilərlə sövdələşən bu şirkət işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətini davam etdirərək bu təbii ehtiyatları Avropa bazarına çıxarmağa çalışır. Bu da Ermənistan tərəfindən beynəlxalq səviyyəli növbəti hüquqa zidd addımlarından biridir".
Zaur Əliyev bildirib ki, Kanadanın "First Dynastry Mines" şirkəti də belə qanunsuz fəaliyyətlə məşğuldur: "Cənubi Koreyanın "Samsung" şirkətinin nümayəndəliyi də iki ilə yaxındır Xankəndində fəaliyyətə başlayıb. Burada yerləşən nümayəndəlikdə məişət avadnlıqları, audio-video qurğular və s. brend məhsullar satışa çıxarılıb. ABŞ-ın avtomobillərə texniki yardım göstərən və dünyanın 100-dən artıq ölkəsində ofisləri olan "GS Motors" şirkəti də 2014-cü ilin avqust ayından etibarən Xankəndində maşınlara texniki xidmət göstərən mərkəz açıb.
Türkiyənin "BEKO" şirkətinin Azərbaycanın işğal olunmuş torpaqlarında mərkəz açması barədə də internetdə kifayət qədər məlumat var. Fransanın poliqrafiya məhsullarının çapı ilə məşğul olan "Cartor" şirkəti "Şuşanın "azad olunmasının" 20 illiyi", "Dağlıq Qarabağ Ordusunun yaranmasının 20 illiyi" və digər günlərdə Xankəndindəki nümayəndəliyi vasitəsilə sifarişlər həyata keçirib".
O, həmçinin əlavə edib ki, separatçı rejimdə Bako Saakyana məxsuz "Qarabağ Telekom" şirkətinin müqavilə bağladığı şirkətlər aşağıdakılardır: "AS EMT (Estoniya), Bitel Ltd. Cosmote, (Qırğızıstan) – Mobile Telecommunications S.A. ETISALAT (Birləşmiş Ərəb Əmirlikləri), Globe Telecom (Filippin) , GSM Kazakhstan Ltd (Qazaxıstan), Orange A/s (Danimarka) OMNITEL (Litva) Swisscom Mobile Ltd, "Meqafon" (Rusiya), (Yunanıstan), H3g (İtaliya). Limited (Böyük Britaniya), t-mobile (İsveçrə), AT & T Wireless PCS LLC, (ABŞ) Cosmorom (Rumıniya), Moldcell SA (Moldova) və s.
Dağlıq Qarabağın işğal olunan ərazisində Çexiyanın "Metle Beyz" şirkətinin 127 milyon dollar investisiya qoyması barədə xəbərlər də çex mediasında yazılıb. 2015-ci ildən bu şirkət tam gücü ilə işləyəcək. Qeyd edək ki, 2014-cü ildə adıçəkilən şirkət işğal oluan ərazilərdə ən çox vergi ödəyən şirkət olub".

Əli