

Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyi və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə birgə təşkil etdiyi tədbirdə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, tanınmış ictimai xadimlər, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəalları və Azərbaycan diasporunun tanınmış nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir Rəhman Mustafayev Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna rolundan, müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında böyük xidmətlərindən danışıb.
Diplomat çıxışında Heydər Əliyevlə 20-ci əsrin məşhur tarixi şəxsiyyətləri - Almaniyada Konrad Adenauer, Türkiyədə Mustafa Kamal Atatürk və Fransada Şarl de Qoll arasında paralellər aparıb. O, Heydər Əliyevlə Şarl de Qollun taleyini müqayisə edib. Vurğulayıb ki, bu iki fiqurun çoxlu ortaq cəhətləri var. Onlar ölkə ağır böhran vəziyyətində olanda hakimiyyətə qayıdıb.
Səfir Azərbaycanın 1993-cü ildə vətəndaş müharibəsi ərəfəsində, işğal olunmuş əraziləri, yüz minlərlə qaçqın, hakimiyyətin iflic vəziyyəti və dərin iqtisadi böhranla üzləşdiyi ağır vəziyyətdə olduğunu xatırladıb: "Bu, faktiki olaraq vətəndaş müharibəsi astanasında olan Azərbaycan idi. Ərazisinin böyük hissəsi işğal olunmuşdu".
Diplomat simvolik məqama da diqqət çəkərək bildirib ki, mayın 9-da Qırmızı Meydanda keçirilən Qələbə paradında bir çox azərbaycanlı kimi o da qürur hissi keçirib: “Hərbçilərimizin Azərbaycan bayrağı ilə Qırmızı Meydandan təntənəli şəkildə keçməsinə baxanda, təbii ki, tamam başqa Azərbaycanı xatırladım...Başa düşdüm ki, Heydər Əliyev olmasaydı, hərbçilərimizin Qırmızı Meydandan bu təntənəli yürüşü də baş tutmaya bilərdi”.
Xarici siyasətdən danışan səfir xüsusilə vurğulayıb ki, Heydər Əliyev Qərb liderlərində olduğu kimi geosiyasi “çətir”ə malik deyildi. "Marşal planı yox idi. Kənardan nə maliyyə, nə iqtisadi, nə siyasi, nə də geosiyasi dəstək yox idi. Yəni bu çətiri Heydər Əliyev özü, öz əlləri ilə yaratmışdı", - diplomat qeyd edib.
R. Mustafayev əlavə edib ki, ulu öndərin dövründə həyata keçirilən balans siyasəti və enerji layihələri strateji tərəfdaşlıqların əsasını təşkil edib: “Buna görə də təbii ki, biz deyirik ki, bu gün tanıdığımız Azərbaycanın – sabit, hörmətli və strateji cəhətdən müstəqil dövlətin əsasını məhz o qoyub”.
Rusiya XİN başçısının müavini Mixail Qaluzin çıxışında Heydər Əliyevin Sovet İttifaqının və müstəqil Azərbaycanın tarixində müstəsna rolunu vurğulayıb.
“Heydər Əliyevin xatirəsi qəlbimizdə diqqətlə qorunur və bu, bizim ümumi tarixi keçmişimizin parlaq rəmzidir”, - rusiyalı diplomat vurğulayıb.
O xatırladıb ki, Heydər Əliyev 1982-1986-cı illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi maşınqayırma və ticarətdən tutmuş mədəniyyət və nəqliyyata qədər 12-dən çox nazirliyin işini əlaqələndirib: “Onun şəxsi nəzarəti altında əhəmiyyəti bu gün də aktuallığını qoruyan əsas infrastruktur layihəsi olan Baykal-Amur magistral xəttinin tikintisi olub. “Əlbəttə ki, Heydər Əliyevin şəxsiyyəti Rusiya üçün çox böyük əhəmiyyət kəsb edir. Ona görə ki, Heydər Əliyev görkəmli dövlət xadimi, uzaqgörən, strateji düşünən siyasətçi kimi əvvəl Sovet İttifaqının, sonra isə Azərbaycanın suveren və müstəqil dövlət kimi inkişafına böyük töhfələr verib. Yeni dövrdə Heydər Əliyev Rusiyanın böyük dostu kimi əlbəttə ki, Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinin əsasını qoyub. Ona görə də, Heydər Əliyevin xatirəsi hər zaman bizin ürəklərimizdə yaşayacaq”.
İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyi kontekstində çıxış edən Rusiya XİN rəhbərinin müavini mayın 9-da Qırmızı Meydanda keçirilən paradda Azərbaycan hərbçilərinin iştirakının rəmzi olduğunu qeyd edib: "Bu, qəhrəmanlıq ənənələrinin davamlılığını və münasibətlərimizin müttəfiqliyini nümayiş etdirən daha bir mühüm yaddaş estafetidir".
Tədbirdə Dövlətlərarası Aviasiya Şurasının prezidenti Tatyana Anodina, sənətşünas Zelfira Trequlova, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) inkişaf üzrə rektoru Artyom Malqin, Sosialist Əməyi Qəhrəmanı, BAM-ın işçisi Leonid Kazakov və başqaları xatirələrini bölüşüblər.
Tədbirdə həmçinin Rusiyanın elmi və dini qurumlarının rəhbərləri adından məktublar oxunub. Rusiya Müsəlmanlar Ruhani İdarəsi sədrinin birinci müavini Dəmir Muxetdinov Rusiyanın ali müftisi Ravil Qaynutdinin adından müraciəti oxuyub. Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Stepan Kalmıkov Rusiya Elmlər Akademiyasının prezidenti Gennadi Krasnikovun məktubunu təqdim edib.
Tədbir çərçivəsində ümummilli lider Heydər Əliyevin həyat və dövlət fəaliyyətinə həsr olunmuş fotosərgi və ulu öndərə həsr olunmuş kitablar nümayiş etdirilib.