

Rüşvət almaqda təqsirləndirilən sabiq ETSN əməkdaşlarının kassasiya şikayəti
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin rüşvət almaqda təqsirləndirilən sabiq direktoru İlqar Qəribov, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin barələrindəki hökmdən verdikləri kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Ali Məhkəmənin qərarı
Qərara əsasən, onların kassasiya şikyaəti təmin edilib. Təqsirləndirilən şəxslərə verilən cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi təbliğ olunmaqla şərti hesab olunub və onlar azadlığa buraxılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü
Xatırladaq ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, İlqar Qəribova 8 il 6 ay, digər təqsirləndirilən şəxslərə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdi.
Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun əməkdaşları ölkə ərazisində meşə sahələrində, qoruqlarda ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı kompleks tədbirlər hazırlayaraq həyata keçiriblər.
Hər iki dövlət qurumuna vətəndaşlardan Oğuz, Qəbələ rayonları ərazilərində yerləşən meşə sahələrində qiymətli ağac növlərinin meşələrin mühafizəsinə məsul olan idarənin əməkdaşları tərəfindən qanunsuz olaraq kəsilməsi barədə çoxsaylı müraciətlər daxil olub.
Qeyd olunan xüsusatların hərtərəfli və obyektiv araşdırılması məqsədilə adıçəkilən rayonların meşə zonaları və meşə təsərrüfatının mühafizəsinə məsul olan şəxslər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat nəzarətinə götürülüb.
Qəbələ, Oğuz rayonlarında meşə sahələrində ağacların qanunsuz kəsilərək satışı
Araşdırmalarla məlum olub ki, dəstə üzvləri öz qulluq mövqelərindən sui-istifadə edərək uzun müddət Qəbələ, Oğuz rayonlarında meşə sahələrində ağacların qanunsuz kəsilərək satışı ilə məşğul olublar.
Keçirilən əməliyyat tədbirləri
Keçirilən əməliyyat tədbirləri nəticəsində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin saxlanması təmin olunub.
Direktor İlqar Qəribovun üzərinə və xidməti iş otağına baxış zamanı onun qanunsuz ağac kəsimindən əldə etdiyi külli miqdarda pul vəsaitləri və digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Onlara Cinayət Məcəlləsinin 259.3-cü (qanunsuz ağac kəsmə), 308-ci (vəzifə səlahiyyətlərini aşma), 314-cü ( səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməs) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.