Endoneziyada 5,7 bal gücündə zəlzələ baş verib Dünya

Endoneziyada 5,7 bal gücündə zəlzələ baş verib

Endoneziyanın Sumatra adasında, Benkulu şəhəri yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.

Xalqcebhesi.az xəbər verir ki, Endoneziya Hökumətinə bağlı Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) məlumatına görə, zəlzələ Benkulu şəhəri yaxınlığında qeydə alınıb.

Yerli vaxtla saat 02:50-də baş verən yeraltı təkanlar şəhərin 43 kilometr cənub-qərbində hiss olunub. Zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı hər hansı xəbərdarlıq edilməyib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) zəlzələnin 5,7 bal gücündə olduğunu və 68 kilometr dərinlikdə baş verdiyini bildirib.

Endoneziya Milli Fəlakətlərin Azaldılması Agentliyinin (BNPB) sözçüsü Əbdül Muharinin sözlərinə görə, zəlzələdən sonra Benkulu şəhərinin mərkəzində 100-dən çox ev və 6 ictimai obyekt zərər görüb. Şəhər mərkəzində 8 ev tamamilə çöküb.

Dövlət xəbər agentliyi Antara-nın yaydığı məlumata əsasən, Benkulu qubernatoru Helmi Həsən zəlzələ nəticəsində hər hansı can itkisi qeydə alınmadığını, təxminən 100 evin zərər gördüyünü təsdiqləyib.

Qubernator Həsən bildirib ki, ağır ziyan dəymiş evlər yenidən inşa olunacaq, az ziyan görmüş evlərin isə təmiri üçün yardım göstəriləcək.

Məryəm Quliyeva