“Münasibətlər qarşıdurma xarakterini qoruyur” Dünya

“Münasibətlər qarşıdurma xarakterini qoruyur”

“Son illərdə ABŞ-İran arasında dolayı da olsa təmaslar davam etsə də, münasibətlər struktur olaraq qarşıdurma xarakterini qoruyur. Bu səbəbdən görüşün nəticəsini proqnozlaşdırarkən həm siyasi reallıqlar, həm də qarşılıqlı etimadsızlıq faktoru əsas götürülməlidir. Məlumdur ki, müzakirələrin mərkəzində yenə də İranın nüvə proqramı dayanır. 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı bir zamanlar böhranın diplomatik həlli kimi təqdim olunsa da, ABŞ-nin 2018-ci ildə sazişdən çıxması balansı pozdu. Bundan sonra Tehran uranın zənginləşdirilməsi səviyyəsini artırdı, Vaşinqton isə sanksiyaları sərtləşdirdi. Hazırkı mərhələdə tam şəkildə həmin sazişə qayıdış real görünmür”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə söyləyib.

Politoloq deyib ki, ABŞ üçün əsas prioritet İranın nüvə potensialının nəzarətdə saxlanılması və Yaxın Şərqdə eskalasiyanın qarşısının alınmasıdır: “Vaşinqton həm də İsrail və Körfəz müttəfiqlərinin təhlükəsizlik narahatlıqlarını nəzərə almağa məcburdur. İran üçün isə əsas məsələ iqtisadi sanksiyaların yumşaldılması, enerji ixracının genişləndirilməsi və maliyyə sisteminə çıxışın bərpasıdır. Daxili iqtisadi təzyiq Tehranın danışıqlara marağını artırsa da, siyasi baxımdan geri addım görüntüsündən yayınmaq istəyi kompromis imkanlarını məhdudlaşdırır”.

Y.Bağırzadə əlavə edib ki, mövcud şərtləri nəzərə alaraq ən uyğun razılaşma təbii ki, İran tərəfindən zənginləşdirmə prosesini müəyyən səviyyədə dondura və ya monitorinq mexanizmlərini genişləndirməklə bağlı ola bilər: “Yəni İran beynəlxalq nəzarət altında uranın kiçik dərəcədə və müəyyən həcmdə zənginləşdirilməsinə razılıq verə bilər. ABŞ də öz növbəsində bəzi sanksiyaların tətbiqini yumşalda bilər. Bu, şübhəsiz ki, hərtərəfli saziş deyil, amma yenə də gərginliyin idarə olunması üçün yeganə imkan olaraq görünür. Yox, əgər İran bundan da imtina edəcəksə və ya hansısa şərtlər irəli sürəcəksə o zaman gərginlik daha da artacaq və hərbi əməliyyatlar qaçılmaz olacaq”.

Röya İsrafilova