Türkiyənin akademik heyətin Azərbaycana səfəri barədə  məqalə dərc olunub Cəmiyyət

Türkiyənin akademik heyətin Azərbaycana səfəri barədə  məqalə dərc olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə 3-8 may tarixlərində Türkiyənin müxtəlif ali təhsil və tədqiqat müəssisələrini təmsil edən akademik heyətin Azərbaycana səfəri barədə Akademik Araşdırma İnstitutu tərəfindən məqalə dərc olunub.

Qeyd edək ki, “Azərbaycanı Tanımaq” proqramı çərçivəsində təşkil olunan səfərdə Çanakkale Onsekiz Mart Universiteti, Sakarya Universiteti, Erciyes Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, Hacettepe Universiteti və Sivas Cumhuriyet Universiteti ilə yanaşı, Asiya Çalışmaları İnstitutu, Ankara Humanitar Elmlər İnstitutu, Türkiyat Araşdırmaları İnstitutu və Orta Doğu Strateji Araşdırmalar Mərkəzindən (ORSAM) dəvət olunmuş nümayəndələr iştirak ediblər.

Akademik heyət üçün BMTM tərəfindən Azərbaycanın xarici siyasəti, regional proseslər və postmünaqişə dövründə həyata keçirilən bərpa-quruculuq işlərinə dair geniş və əhatəli mühazirə sessiyaları təşkil edilib.

Eyni zamanda, nümayəndə heyətinin Milli Məclis, Xarici İşlər Nazirliyi, ADA Universiteti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində görüşləri təşkil edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qarabağa təşkil olunan səfər çərçivəsində isə nümayəndə heyəti Ağdam, Xocalı, Xankəndi, Füzuli və Şuşa şəhərlərində olub, işğal dövrünün ağır nəticələri, eləcə də, azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və inkişaf layihələri ilə yerində tanış olublar.

Cavid