
Sosial şəbəkələrdə bəzi insanlar tərəfindən ideal həyat görüntüsü nümayiş olunur. Bir növ bəzi insanların həyatlarının yalnız ən yaxşı tərəfləri göstərilir. Bunun isə gün keçdikcə insanlara, xüsusən də gənclərə mənfi təsirləri artmaqdadır.
Mövzu ilə bağlı xalqcebhesi.az-a açıqlama verən həkim-psixoterapevt Elmir Əkbər bunun çox ağrılı məsələ olduğunu vurğulayıb: “Burada o qədər gizli təhlükə var ki. Bu, cəmiyyəti içindən çürüdən mənfi bir tendensiyadır. Onlar çox vaxt heç həyatlarının gözəl tərəflərini də göstərmirlər. Onların göstərdikləri saxta bir görüntüdür, o, onların əsl həyatları deyil, yalançı görüntüdür. Bəziləri varlı sponsor tapıb onun sayəsində yalançı təəssürat yaradırlar ki, guya bunlar nələrsə əldə edib. Amma ən böyük zərbə odur ki, bununla gənclərə hansı mesaj ötürülür? Yəni burada həmin o uğurun, dırnaqarası xoşbəxtliyin arxasında nə durur? Hansı təhsil? Hansı zəhmət? Axı, normal həyat adekvatlıqdır. Biz övladlarımızı körpəlikdən, uşaqlıqdan adekvatlığa öyrətməliyik. Real dünya hansı qanunla işləyir biz uşaqları da, yeniyetmələri də, ümumən, cəmiyyəti buna hazırlamalıyıq. Bunu da deyim ki, bax, bu yanlış ideyalar, fikirlər də hamısı sosial şəbəkələrdən, pullu verilişlərdən qaynaqlanan, təbliğ olunan, təhsilsiz, saxta dırnaqarası psixoloqların təbliğatının nəticəsidir. Bu da vacib məsələdir”.
E.Əkbər bildirib ki, bu, gəncləri özlərinə əmtəə kimi yanaşmağa səsləyir: “Məsələn, bir gənc qız baxır, görür ki, kimsə nağıllarda, xəyallarda ola biləcək xoşbəxt bir həyatı göstərir. Bəs o həyata necə nail olub? Zəhmətinin, təhsilinin sayəsindəmi? ən yaxşı halda təlxəklik sayəsində nail olub”.
Psixoterapevtin sözlərinə görə, xoşbəxtlik heç zaman çığırmır, bağırmır, haylı-küylü olmur: “Xoşbəxtlikdə bir hüzur, sakitlik, alicənablıq, kübarlıq var, həyasızlıq yoxdur. Çığıranlar, bağıranlar həqiqi xoşbəxt adamlar deyillər. Mənə təsir edən odur ki, gənclərin alternativ seçimi yoxdur, nümunə necə olmalıdır onu bilmirlər. Mən hər zaman valideynlərə deyirəm ki, onlar özləri bu missiyanı çiyinlərinə almalıdırlar, övladlarını iyrənclikdən, çirkabdan qoruya bilsinlər, düzgün böyüdə bilsinlər. Xoşbəxtliyindən dəm vuran, saxta şüşə kimi brilyant, almaz rolu oynayan gündəmi zəbt etmiş məşhurlar, əslində, nə qədər cılız, aciz, boş biridirlər və orada xoşbəxtliyin heç əsər-əlaməti də yoxdur. Hamı qışqırır, düzgün yolun göstəricisi olduğunu deyir, amma mahiyyətinə varanda görürsünüz ki, o da əyriliyin bir başqa növüdür. Zərrə qədər ağlı olan insanlar ancaq özünü aldatmaqla bu həyatdan tutub yaşaya bilir. Başını yastığa qoyanda o, övladının sabahını düşünməkdən qorxur, baş verən bu tendensiyaların onun övladına olan təsirini etiraf etməkdən qorxur”.
Röya İsrafilova