
“2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan Ermənistana 17 milyon 372,1 min dollar dəyərində məhsulun ixrac edilməsi iki ölkə arasında uzun fasilədən sonra real iqtisadi münasibətlərin formalaşması baxımından əhəmiyyətli siqnaldır. Mən hesab edirəm ki, burada əsas məsələ 17 milyon dolların özü deyil, iki ölkə arasında iqtisadi münasibətlərin praktiki müstəvidə bərpa olunmasıdır. Bu prosesi klassik mənada iqtisadi yardım kimi qiymətləndirmək düzgün olmaz. Daha çox qarşılıqlı kommersiya maraqlarının və iqtisadi etimadın formalaşması kimi yanaşmaq lazımdır”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında iqtisadçı Asif İbrahimov deyib.
A.İbrahimov əlavə edib ki, Azərbaycan öz məhsulunu ixrac edir, Ermənistan isə həmin məhsullara iqtisadi tələbat yaradır və bununla da normal ticarət münasibətlərinin ilkin bazası yaranır: “Ermənistandan Azərbaycana ixrac tədarükünün başlaması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ermənistanın kənd təsərrüfatı məhsulları, alüminium folqa, ferromolibden, tekstil və digər məhsulları Azərbaycan bazarına çıxarma imkanlarının müzakirə edilməsi münasibətlərin siyasi bəyanatlardan real iqtisadi əlaqələr mərhələsinə keçdiyini göstərir. Əgər bu proses davamlı və qarşılıqlı iqtisadi maraqlar əsasında inkişaf edərsə, gələcəkdə ticarət dövriyyəsinin həcmi ilə yanaşı, onun strukturunda da ciddi dəyişikliklər mümkündür”.
O vurğulayıb ki, burada ən mühüm məsələ iqtisadiyyat vasitəsilə etimadın qurulmasıdır: “Uzun illər qarşıdurma yaşamış iki cəmiyyətin bir-birinin məhsullarını alması təkcə iqtisadi hadisə deyil, həm də ciddi psixoloji dəyişiklikdir. İnsanlar və bizneslər qarşılıqlı şəkildə bir-birindən məhsul almağa, xidmət göstərməyə və gəlir əldə etməyə başladıqca, münasibətlərə yanaşma da dəyişir. Düşmənçilik üzərində qurulan münasibətin yerini tədricən qarşılıqlı maraq və qarşılıqlı fayda tutarsa, sülhün onda dayanıqlı olacağını düşünürəm. Azərbaycan istehlakçısının Ermənistan məhsullarına münasibətində də zamanla iqtisadi amilin önə çıxacağını düşünürəm. İlk mərhələdə müəyyən psixoloji və emosional yanaşmaların olması təbiidir. Lakin məhsul keyfiyyətlidirsə, qiyməti rəqabətqabiliyyətlidirsə və Azərbaycan qanunvericiliyinin bütün tələblərinə cavab verirsə, istehlakçı üçün əsas məsələ onun hansı ölkədən gəlməsindən daha çox, gündəlik həyatına hansı faydanı gətirməsidir”.
İqtisadçının sözlərinə görə, eyni zamanda, yerli istehsalçının maraqları və rəqabət mühiti qorunmalıdır: “Əslində, qarşılıqlı ticarətin iqtisadi gücü də bundan ibarətdir: bir Azərbaycan şirkəti Ermənistandan daha sərfəli xammal alırsa, onun istehsal xərci azalır; Ermənistan şirkəti Azərbaycanda bazar əldə edirsə, onun satışları və gəliri artır; Azərbaycan istehlakçısı isə daha geniş məhsul seçimi və rəqabətli qiymət qazanır. Yəni eyni ticarət əməliyyatında bir neçə tərəf iqtisadi fayda əldə edə bilər. Belə münasibətlər çoxaldıqca sülh və sabitlik artıq yalnız siyasi məqsəd deyil, hər iki cəmiyyət üçün real iqtisadi marağa çevrilir. Növbəti mərhələdə əsas məsələ təkcə mal mübadiləsinin artırılması deyil, enerji, logistika, nəqliyyat, kənd təsərrüfatı, tikinti, sənaye və xidmət sektorlarında əməkdaşlığın genişləndirilməsidir. Bir müddət sonra söhbət yalnız bir yük maşınının sərhədi keçməsindən getməyəcək. Müqavilələr, ödənişlər, logistika, sığorta, investisiya və uzunmüddətli biznes tərəfdaşlıqları yarana bilər. Bu isə iqtisadi əlaqələri daha dayanıqlı və siyasi dəyişikliklərə daha az həssas edir”.
A.İbrahimov həmçinin diqqətə çatdırıb ki, Azərbaycan üçün Ermənistan bazarının özündən daha böyük məsələ Cənubi Qafqazda yeni iqtisadi və logistika arxitekturasının formalaşmasıdır: “Ermənistan bazarı Azərbaycanın ümumi ixrac potensialı ilə müqayisədə böyük deyil. Lakin regional kommunikasiyaların açılması, nəqliyyat əlaqələrinin bərpası və ticarət marşrutlarının genişlənməsi Azərbaycanın tranzit və logistika imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər. Ermənistan üçün isə Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələrin normallaşması yeni bazarlara və alternativ təchizat və nəqliyyat imkanlarına çıxış deməkdir. Ticarətin genişləndirilməsi qarşılıqlı iqtisadi fayda, şəffaflıq, məhsul təhlükəsizliyi, gömrük və keyfiyyət standartlarına uyğunluq prinsipləri əsasında həyata keçirilməlidir. Ermənistan məhsullarının Azərbaycan bazarına daxil olması yerli istehsalçını sıxışdırmamalı, eyni zamanda, Azərbaycanda istehsal olunmayan və ya çatışmazlığı olan məhsulların idxalı Azərbaycan biznesinin rəqabət qabiliyyətini artıra bilməlidir. Məqsəd bir ölkənin digərinin bazarını tutması deyil, hər iki tərəfin biznesinin və istehlakçısının qazandığı qarşılıqlı ticarət modelinin yaradılmasıdır. Qısaca desək, Azərbaycanın Ermənistana 18 milyon dollarlıq ixracı və qarşı istiqamətdə ticarətin başlanması hələ böyük iqtisadi göstəricilər deyil. Amma siyasi və strateji əhəmiyyəti rəqəmlərindən daha böyükdür. Əgər iqtisadi münasibətlər qarşılıqlı ticarətə, enerji və nəqliyyat əməkdaşlığına, investisiyalara və biznes tərəfdaşlıqlarına çevrilərsə, iqtisadi maraq sülhün qorunması üçün real stimul yaradacaq. Sülhün ən möhkəm dayaqlarından biri insanların və bizneslərin bir-birindən fayda əldə etdiyi iqtisadi münasibətlərdir”.
Röya İsrafilova