Bəhlul Mustafazadə Çinə transferi ilə bağlı danışdı: Mənə maraqlı deyildi İdman

Bəhlul Mustafazadə Çinə transferi ilə bağlı danışdı: Mənə maraqlı deyildi

“Zədədən sonra transfer təklifləri barədə söhbət olmayıb. Açığı, mənim üçün də maraqlı deyildi. Bütün fikrim zədəmi sağaltmağa yönəlmişdi”.

Bunu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Teleqraf-a açıqlamasında deyib.

Çindən transfer təklifi aldığı deyilən müdafiəçi bu məsələyə münasibət bildirib. O, hazırda əsas diqqətinin futbola qayıtmağa yönəldiyini vurğulayıb.

Bəhlul Mustafazadə uzun müddətdən sonra meydana döndüyü üçün sevindiyini söyləyib:

“Yaxşıyam. Uzun müddətdən sonra meydana qayıtdığım üçün çox şadam. Ümid edirəm, belə bir hal təkrarlanmaz. Meydana qayıtdığım üçün şadam, qarşıda bizi yaxşı oyunlar gözləyir”.

Müdafiəçi “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-offunda mərhələ keçmək şansının olduğunu bildirib:

“Bu, futboldur. Şanslarımız var. Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. “Qarabağ” olaraq belə oyunlara çox çıxmışıq. Ümid edirəm, mərhələni keçən tərəf biz olarıq”.

Qeyd edək ki, "Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.