14:41
574
“Dünən Milli Məclisin 3 komitəsinin Mənzil Məcəlləsinə dəyişikliklə bağlı birgə iclası keçirildi. İclasda məcburi köçkünlərin konstitusion hüquqlarının, mənzil hüquqlarının, mülkiyyət hüquqlarının bərpa olunması ilə bağlı məsələlər müzakirə olundu. Müəyyən qərarlar qəbul edildi, eyni zamanda, müəyyən sosial məsələlərə də fikir verildi”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev deyib.
E.Musayev bildirib ki, 44 günlük müharibədən sonra eyni zamanda, Xankəndi və ətraf bölgələrdə antiterror əməliyyatı aparılandan sonra bu bölgədə Ermənistan-Azərbaycan münaqişəsində və Cənubi Qafqazda yeni şərait yarandı: “Yeni şərait ondan ibarətdir ki, Azərbaycan 30 il işğalda olan torpaqlarını azad elədi və təbii ki, müəyyən işlər həyata keçirdi. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, nəqliyyat-kommunikasiya xətlərinin çəkilməsi, sosial obyektlərin, yaşayış obyektlərinin inşası, yolların çəkilməsi, körpülərin tikilməsi və s. işlər görüldü. Bundan sonra Böyük Qayıdışa start verildi. İndi əsas məsələ odur ki, insanlarımız öz dədə-baba yurdlarına qayıdırlar. Paralel də dövlət öz sosial dəstək missiyasını davam etdirir. Növbəti bu 3 ildə də sosial dəstək missiyası davam etdiriləcək”.
Deputat vurğulayıb ki, Prezidentin bu yöndə çox sayda fərmanları, Azərbaycan hökumətinin müəyyən qərarları var: “Həmçinin ayrı-ayrı qurumların, Milli Məclisin qanunvericilik sahəsində qəbul etdiyi qanunlar var. Bütün bunlar hamısı bizim vətəndaşlarımızın sosial müdafiəsinə yönəlib. İndi məcburi köçkünlərimiz yavaş-yavaş artıq öz dədə-baba yurdlarına qayıdırlar və təbii ki, onların həm mənzil hüquqi, həm mülkiyyət hüquqi bərpa olunur. Mənzillər, torpaqlar onların xüsusi mülkiyyətinə keçirilir. Eyni zamanda, sosial dəstək sahəsində də 3 il müddətinə bu proses həyata keçiriləcək. Məcburi köçkünlərin övladları təhsillərində sonuna qədər dövlətin dəstəyini alacaqlar. 4 minə yaxın məcburi köçkün övladı ali təhsil müəssisələrində dövlət hesabına təhsil alır. Hesab edirəm ki, dövlətimizin məcburi köçkünlərlə bağlı apardığı dəstək siyasəti doğrudur və məcburi köçkünlərimiz məskunlaşana qədər paralel olaraq da bu dəstək olmalıdır və nəzərdə tutulur”.
Röya İsrafilova