"Zelenski nəyə ümid edir?" Dünya

"Zelenski nəyə ümid edir?"

ABŞ ilə münasibətlərində çətinliklər yarananda ənənəvi olaraq dəstək üçün üz tutduğu ünvanlardan biri olan Britaniyada səfərdə olan Volodimir Zelenski, son günlər ikinci dəfə bəyan etdi ki, Rusiyadan Amerikaya dizel yanacağının tədarükünü nəzərdə tutan sövdələşmələr Donald Trampı dünya ictimaiyyətinin gözündə zəif göstərir. Həqiqətən də, bu sövdələşmələr, yumşaq desək, şübhə doğurur. Üstəlik, Ukraynanın son bir neçə gündə Rusiyanın neft emalı zavodlarına zərbə endirməkdən çəkinməsinə baxmayaraq, bu sövdələşmələr Kremli müharibədə heç olmasa müvəqqəti bir "enerji atəşkəsi"nə razı salmağa yetmədi – halbuki Ağ Ev məhz buna ümid edirdi.

Xalqcebhesi.az xəbər verir ki, bunu Ukrayna Radasının sabiq deputatı Artur Bilous deyib.

"Bəs nə üçün Trampa daş atırsınız? Məqsəd onun qəzəbini alovlandırmaq və onu Putinə daha da yaxınlaşdırmaq idimi? Yoxsa ordumuzun "Starlink"ə və peyk kəşfiyyatı məlumatlarına çıxışını itirməsini, bununla da "Patriot" sistemləri üçün raket əldə etmək kimi onsuz da məhdud olan şansların tamamilə sıfıra enməsini təmin etmək istəyirdiniz? Ondan xoşunuz gəlsin ya gəlməsin, xarici yardımdan kritik dərəcədə asılı olduğunuz bir vaxtda, dünyanın ən güclü şəxsi ilə — yəni məhz kömək üçün üz tutduğunuz həmin şəxslə — gərginliyi artırmaq nə dərəcədə ciddi addımdır?" - o, vurğulayıb.

Bəs bu "güc" və "zəiflik" mövzularını durmadan dilə gətirməyin məqsədi nədir? Görəsən, bu, uşaqlıqdan qalma dərin bir kompleksdir, yoxsa başqa bir şey? Ukraynada öz sərtliyini hamıya sübut etdikdən sonra, o, indi bunu bütün dünyaya da sübut etmək ehtiyacı mı duyur? Əlbəttə, bu o demək deyil ki, dünyanın güclü fiqurları qarşısında mütləq baş əymək lazımdır. Bəzən sadəcə susmaq daha yaxşıdır:

"Məsələn, İsrailin Baş naziri Binyamin Netanyahuya baxaq: Ağ Evdəki Oval kabinetdə Tramp onu, Zelenskiyə etdiyindən də artıq "təriflərə" qərq etmişdi. Buna baxmayaraq, olaçıq qarşıdurmaya girmədən, yenə də bildiyi kimi hərəkət etməyə davam etdi.

Zelenski nəyə ümid edir? Bəlkə də bu ilin noyabrında keçiriləcək Konqres seçkilərində Demokrat Partiyasının qələbə qazanacağına? ​​Bu, onun üçün daha əlverişli olardı, lakin istənilən halda, administrasiya yenə də Prezidentə tabe olaraq qalacaq. Yoxsa o, Trampın impiçmentinə bel bağlayır? Lakin bu ssenari Senatda heç vaxt lazımi üçdə iki səs çoxluğunu toplaya bilməz. Bu o demək deyil ki, insan dəyişən dünyanın, hətta onun güclü oyunçularının kaprizlərinə boyun əyməlidir. Dik durmaq daha yaxşıdır. Bununla belə, onları qıcıqlandırmaqdan da çəkinmək lazımdır. "Sükut qızıldır" — tarix bunu dəfələrlə sübut edib.

Əlbəttə, əgər belə bir qeyri-etik, qaydalar sərhədində gəzən ünsiyyət taktikası qəsdən — xüsusilə də "böyük rəhbər"in əsəblərini pozub onu kənara çəkilməyə vadar etmək, beləliklə də müharibənin aparılma tərzinə qarışmasının qarşısını almaq məqsədilə — seçilibsə, bütün bunlar öz məntiqini itirir. Lakin problem ondadır ki, müharibə üçün mövcud resursların məhdud və sonlu olduğunu nəzərə alsaq, bu taktika olduqca risklidir".

Cavid