Güney Azərbaycanda ədəbi tənqid Güney Azərbaycan

Güney Azərbaycanda  ədəbi tənqid

2-ci yazı

Hökumə Bülluri yazır: "Heydərbabaya xitabımız ulu şair babalarımıza - Dədə Qorquda, Aşıq Qurbaniyə, Xəstə Qasıma, Tufarqanlı və Aşıq Ələsgərə xitabımızdır. Bizim müdrik nənələrimizə, vəfalı qızlarımıza, həyalı gəlinlərimizə, mərd oğullarımıza poetik xitabdır. Azərbaycan təbiətinə, onun uca daılarına, çöllərinə, çaylarına xitabdır". H.Məmmədzadə "Heydərbaba yalqız qaldı" adlı məqaləsində "Heydərbabaya salam" əsərini "Xoş taleli əsər" adlandırır və dövrünün ən mühüm ədəbi hadisəsi kimi səciyyələndirir. Eyni zamanda Şəhriyarın Azərbaycan, bütövlükdə Şərq ədəbiyyatındakı mövqeyini müəyyənləşdirir: "Şəhriyar da Nəsimi, Füzuli, Saib, Nəbati kimi sələflərinin ənənəsini ləyaqətlə davam etdirdi. Farsca və türkcə gözəl söz inciləri yaratdı. İranın iki böyük xalqının sarsılmaz məhəbbətini qazandı". Ümumiyyətlə, Məhəmmədhüseyn Şəhriyar haqqında yazılan bütün məqalələrdə müəlliflər "Heydərbabaya salam" əsərinin müasir Azərbaycan şeirində mühüm yer tutmasını, əlamətdar ədəbi hadisə olduıunu qeyd etməklə yanaşı, onunla ədəbiyyatımızda yeni bir mərhələnin başlanmasını xəbər veriblər.
Göründüyü kimi "Varlıq" səhifələrində Şəhriyar irsinə verilən qiymət və mülahizələr o vaxtadək tədqiqatçılar tərəfindən deyilən elmi fikirlərin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi işinə kömək olmuşdu. Eyni zamanda şəhriyarşünaslığın sonrakı inkişafına təkan verib. Bu klassik sənətkar Şəhriyar idi, XX əsrdə Azərbaycan şeir dilinin Sabir və Səməd Vurğundan sonra növbəti möcüzəsi idi" Qeyd edək ki, "Varlıq" dərgisində böyük şairin vəfatı münasibəti ilə yazılmış yazılar dissertantın da yaxından köməyi ilə transliterasiya edilərək Bakıda "Karvan" dərgisində işıq üzü görmüş, şairin Şimali Azərbaycandakı pərəstişkarlarına çatdırılıb. 1978-1979-cu illər İran inqilabına qədərki və inqilabdan sonrakı dövrdə Cənubi Azərbaycan ədəbiyyatının ən tanınmış nümayəndələrindən olan Həbib Sahirin yaradıcılığına "Varlıq"da dönə-dönə müraciət olunurdu. "Varlıq"da Həbib Sahirin tələbəsi Həmid Nitqinin şairə həsr olunmuş şeiri və "Dərin duyıulu şair Sahir" adlı məqaləsi verilmişdi. "Varlıq"ın 1980-ci il saylarından birində Gəncəli Səbahi "Xalq şairi Sahirin yaradıcılııına bir baxış" adlı məqaləsində tənqidçi şairin yaradıcılığını peşəkarcasına incələyir, Sahiri "xalq şairi"nə çevirən keyfiyyətləri açıqlayırdı. Bu keyfiyyətlər Sahirin yaradıcılığının xəlqiliyində, səmimiyyətində, azadlıq ruhunda olmasında, şeirlərini təmiz, axıcı Azərbaycan türkcəsi ilə yazmasından ibarət idi.
Doktor H.Nitqi öz məqaləsində şairin tərcümeyi-halı və yaradıcılığının məzmun və mündəricəsi haqqında "Varlıq" oxucular ına ətraflı məlumat verərək yazır: "İndi önümdə duran şeir toplusundan da görmək olur ki, Azərbaycanda baş verən hadisələr bu duyğulu şairdə ömür boyunca sürən dərin izlər buraxmışdı. Sahir ağır günlər yaşamış, sis və qaranlıqda qəm və ələm karvanına qoşulmuşdu". "Varlıq"da çap olunmuş məqalələrdə Həbib Sahir Güney Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi təqdim edilir. Vətən, xalq sevgisi ilə dolu olan əsərləri yüksək qiymətləndirilir. Güney Azərbaycanda şifahi xalq ədəbiyyatının toplanıb üzə çıxarılmasında gərgin əmək sərf etmiş və "Varlıq"ın fəal əməkdaşlarından olmuş Əli Kəmalinin vəfatı münasibətilə professor Q.Beqdeli xatirəsində yazırdı ki, "O təkcə hüquqşünas deyildi. O, bir şair, bir alim, ədib və bir tarixçi kimi öz vətəndaşlıq borcunu xalqı, ölkəsi qarşısında ödədi. Mənzum və mənsur əsərlərin və çoxlu elmi-ədəbi məqalələrin müəllifi oldu. Ə.Kəmali böyük şair Telimxanın on üç min beytdən ibarət irsini üzə çıxarmışdı, 50-yə yaxın digər türkdilli şairlərin də əsərlərini toplamışdı. Eyni nömrədə Hüseyn Güneylinin "Elimizin qəhrəman oğlu həyata göz yumdu" adlı yazısı da dərc olunub. Güneyli Kəmalinin 69 el şairinin əsərlərini toplamasını, oxuculara çatdırmasını və 19 folklor araşdırması üzərində işinin yarımçıq qaldığını göstərir.
Türkiyə alimi Əli Yavuz Akpinar da dərginin həmin nömrəsində dərc olunmuş "Əli Kəmali" adlı məqaləsində Kəmalinin Güney Azərbaycanda folklorun toplanması sahəsindəki gərgin əməyindən danışır. "Varlıq" dərgisində Savalanın "Kəmalidən sonra", "Səməd Muradinin "Qara bir xəbər", Əsgər Fələki Üsküyinin "Yaslıdır", Rəhim Gözəlin "Yaradan ölməz", Səlim oğlunun "Kəmali gedib əldən", Mirhidayət Həsarinin "Əli Kəmalinin ölümü" şeirləri də işıq üzü görüb. Şeirlərin əksəriyyəti sənətkarlıq cəhətdən zəif olsa da, Əli Kəmali şəxsiyyətinə, yaradıcılığına, onun keçməkeşli həyat yoluna işıq saldığı üçün diqqəti cəlb edir.
Azərbaycanın şimalında və cənubunda klassik ədəbiyyatın tədqiqatçısı, tərcüməçi kimi də yaxşı tanınan, Şimali Azərbaycandan İrana döndükdən sonra "Varlıq"ın daimi yazarlarından biri olan professor Qulamhüseyn Beqdelinin ölümü münasibəti ilə dərginin 1998-ci il 109-110-cu nömrələrində doktor C.Heyətin, H.Məmmədzadənin, M.Fərzanənin şimallı tədqiqatçılardan A. Rüstəmovanın İ.Həmidovun və başqalarının məqalələrində Q. Beqdelinin həyatı və yaradıcılığı, ədəbiyyat tariximizdəki xidmətləri müxtəlif yönlərdən təhlilə cəlb edilir. Doktor C. Heyət onun haqqında yazır ki, "Q. Beqdelinin yeri aramızda həmişə boş qalacaq. İstər Sibir zindanlarında, istər Bakı Akademiyasında və ya Tehranda "Varlıq"la əməkdaşlıq etdiyi illərdə o heç bir vaxt xalqını, vətənini unutmadı".
Azadə Rüstəmova isə Beqdeli haqqında klassik Azərbaycan və fars şeirinin tarixçisi, tərcüməçisi, mətnşünas və leksioqraf kimi bəhs edir. Alimin "Əvhədi", "Şərq əbədiyyatında Xosrov və Şirin" mövzusu monoqrafiyalarının ədəbiyyatşünaslığımızdakı elmi dəyərindən söz açır. Əvhədinin "Cami-Cam" əsərini, Qətran Təbrizi divanının fars dilindən Azərbaycan dilinə, Sabir və C. Məmmədquluzadənin əsərlərinin fars dilinə tərcüməsinin onu adı ilə bağlı olduğunu xüsusi vurğulayır. İmamverdi Həmidov isə "Q.Beqdeli müəllimin çətin həyat yolu əsrimizin ortalarından bu yana şimallı-cənublu Azərbaycanın müsibət çəkmiş və təqiblərə məruz qalmış ziyalılarının keçdiyi durumdan xəbər verir"sözləri ilə başladııı məqaləsində Q. Beqdelinin milli azadlıq mübarizəsindəki fəaliyyətindən, mühacirət, sürgün həyatından, totalitar rejimin təqibinə məruz qalmasından, həmçinin klassik ədəbi irsin gənc nəslə çatdırılması, tanıtdırılması yolundakı çalışmalarından bəhs edir. Şimali Azərbaycanda ilk dəfə olaraq M. Şəhriyarın "Heydərbabaya salam" əsərindən seçilmiş nümunələrin nəşrinin Beqdeliyə məxsusluğunu xüsusi qeyd edir.
1999-cu ildə "Varlıq"ın əsas yazarlarından biri doktor Həmid Nitqinin vəfatı da ədəbi mühitdə geniş əks-səda doğurmuşdu. C.Heyətin, H.Məmmədzadənin, Fərzanənin, Dövlətabadinin, İsmayıl Hadinin məqalələrində, şairlərdən Savalanın, Sönməzin, M.Həsarinin, K.Xiyavın, H.Fərşbafın şeirlərində Həmid Nitqinin Güney mədəniyyətinin inkişafındakı xidmətləri yaradıcılıq xüsusiyyətləri xalqına, vətəninə bağlı şəxsiyyət olması öz əksini tapmışdı. C.Heyət Tehranda "Azərbaycan Cəmiyyəti"ndə yaxından tanış olduğu, dostlaşdığı, sonralar Türkiyədə birlikdə təhsil aldığı H.Nitqinin ölümünü böyük milli itki kimi qiymətləndirir. Onun ölümünün təkcə "Varlıq"ın itkisi olmadııını, Güney, bütövlükdə Azərbaycan mədəniyyətinə aid olduğunu xüsusi vurıulayır: "Doktor Həmid Nitqinin dahilər səviyyəsində zəkası vardı. O, hər sahədə söz sahibi idi".
Fərzanə H. Məmmədzadənin fikrini inkişaf etdirərək "Professor Həmid Nitqi" məqaləsində yazır ki, Nitqi Sahir kimi "Təcəddüd" məktəbinin Təqi Rüfət və Şəms Kəsmai kimi nümayəndələrinin davamçısıdır. "Nitqinin şeiri söz dünyamızın rəngarəng bağçasından baş alıb gəlir. Onda həm Söhrab Səbhuri şeirinin zənginliyi, həm də Əxvan Salisin dərinliyi var". Fərzanə "ana dilinə və milli varlııına bəslədiyi inamın hər şeydən çox onun şeirlərində cilvələndiyini" qeyd edir. Ümumiyyətlə, haqqında yazılan bütün məqalələrdə Nitqi yaradıcılığındakı millilik, vətənpərvərlik ön plana çəkilir. İsmayıl Hadi "Karvan ulduzu" adlı məqaləsində yazır: "Onun türkcə yazdıqları ağır, azca da quru olduıuna baxmayaraq dolğun, dəyərli, alimanə idi".
1996-cı ildə Həmid Nitqinin Ankarada Atatürk Kültür mərkəzi tərəfindən buraxılmış "Hər rəngdən. Dünəndən bu günə" adlı şeir kitabına ön sözündə Əli Yavuz Akpinar 1936-cı ildən Həmid Nitqinin Tehrana getdikdən sonra "İqdam", "İttilaat", "Damavənd", "Kanun", "Keyhan" və başqa qəzetlərdə çıxış etdiyini, ilk yazarlar arasında yer aldııını və Türkiyəyə getdiyi tarixə qədər Tehranda çıxan "Azərbaycan" qəzetinin başyazarı olduğunu xatırladır. Eyni zamanda Nitqinin 1978-1979-cu illər İran inqilabından sonra doktor C.Heyətin və arkadaşlarının Tehranda çıxartdıqları "Varlıq" dərgisində fədakarlıqla çalışan əməkdaşlardan biri olduğunu, ədəbiyyat, dil və imla məsələləri ilə bağlı yazılarının böyük maraq doğurduğunu göstərir.
Şimali Azərbaycanda yaşayan şairlərdən Rəsul Rzanın, Əliağa Kürçaylının, Xəlil Rza Ulutürkün və başqaları haqqında "Varlıq"da məqalələr dərc edilib, onların xatirəsinə həsr olunmuş şeirlər nəşr olunub. İstər Güney, istərsə də Quzeyin görkəmli ədiblərinə həsr olunmuş məqalələrdə sənətkarlıq xüsusiyyətlərindən, bədii məziyyətlərdən daha artıq sənətkarın xalqına, milli soykökünə, dilinə bağlılığı əsas götürülüb və bu ölçülərlə bu və ya digər yazıçının, şairin ədəbi irsi dəyərləndirilib. Bu Cənubi Azərbaycan ədəbi tənqidinin tarixi şəraitlə şərtlənən reallığıdır. Ədəbi nümunələrin özü kimi ədəbi tənqid nümunələri də çox zaman patetik, publisistik ruhla dolu olur. Yuxarıdakı nümunələrdən də gördüyümüz kimi, "Varlıq"da da poeziya haqqında yazılar başlıca yer tutur. Bu da təbiidir. Çünki Cənubi Azərbaycanda poeziya bir janr kimi aparıcı yer tutur və onun təhlilinə həsr edilmiş yazılar da çoxluq təşkil edir. "Varlıq" dərgisində o taylı bu taylı - Azərbaycanda doğma dildə nəşr olunan kitabların təbliğinə də xüsusi dəqqət verilmişdi.
Əziz Möhsüni və Məmmədrza Heyət "Yeni çıxan kitablar" rubrikasında da poeziya nümunələrini - şeir kitablarını təqdim edərkən yalnız qısaca informasiya verməklə kifayətlənmir, çox zaman kitabın məzmunu, bölmələri ön söz haqqında məlumat verirdilər. Bu səpgili təqdimatlarda kitabların ideya təhlilinə xüsusi diqqət yetirilir ki, bu da ədəbi tənqidi fikrin tədqiqi üçün maraqlıdır. "Yeni çıxan kitablar" rubrikasında "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası" (IV cild), Abdulla Foruğun "Dadlı sözlər", M.S.Ordubadinin "Qanlı sənələr", G. Səbahinin "Ötən günlərim", doktor Əli Sərabinin "Eynalı, el daıı, Təbriz, Günəş yurdu" və s. kitabları haqqında verilən təhlili yazılar bu baxımdan səciyyəvidir.
Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi tərəfindən çapa hazırlanmış antologiyanın (4 cilddə) üzərində xüsusi dayanılır. Hər bir cildin ədəbiyyat tarixi üçün əhəmiyyəti kitaba daxil edilmiş sənətkarların yaradıcılıq idealları haqqında "Varlıq"ın oxucularına ətraflı məlumat verilir.

Pərvanə Məmmədli
araşdırmaçı