İran müxalifətinin lideri yenə ev dustağı edilib Güney Azərbaycan

İran müxalifətinin lideri yenə ev dustağı edilib

Hökumət sözçüsü: "İran hökuməti Musəvinin ev dustaqlığını aradan qaldırmağa səy göstərir"

İran müxalifətinin liderlərindən sayılan, dörd ilə yaxındır ev dustağı edilən Mirhüseyn Musəvi xəstəxanadan çıxarılıb.
APA-nın "Radiofərda"ya istinadən verdiyi məlumata görə, Musəvi aprelin 30-da günorta saatlarında mənzilinə geri qaytarılıb və ona qızları ilə görüşməyə icazə verilib. Xəbərdə "Yaşıl hərəkat"ın liderinin bir az arıq və sifətinin də solğun göründüyü bildirilib.
Qeyd edək ki, M.Musəvi aprelin 29-da ürəyindəki nasazlığa görə İran təhlükəsizlik qüvvələrinin nəzarəti altında Tehranın Kardiologiya Xəstəxanasına köçürülüb və ailə üzvlərinin iştirakı olmadan angioqrafiya edilib. O, davamlı başgicəllənmə və aşağı qan təzyiqi simptomlarından əziyyət çəkir. Həkimlər onun xəstəxanada yerləşdirilməsini tələb etsələr də, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) buna icazə vermir. Musəvi 2012-ci il avqustun 23-də ürək-damar tutulmasından əməliyyat olunub. Hazırda İran müxalifətinin digər lideri Mehdi Kərrubi də ev həbsində saxlanılır.
İranın hökumət sözçüsü Məhəmmədbağır Nobəxt ölkə müxalifətinin liderinin son durumundan danışıb. O bildirib ki, İran hökuməti Mirhüseyn Musəvinin fiziki vəziyyəti ilə bağlı xəbəri həssaslıqla nəzərdən keçirir və onu ev dustaqlığını aradan qaldırmağa səy göstərir: "Hökumət hansı mənsəbə sahib olmalarından asılı olmayaraq, ölkə vətəndaşlarının hüquqlarını qorumağa çalışır, o cümlədən ev dustaqlığını da aradan qaldırmağa səy göstərir. Bizim bununla bağlı mövqeyimiz xalqa və mətbuata da gizli deyil. Amma bu məsələnin həyata keçirilməsi bəzi hallarda hökumətin səlahiyyəti çərçivəsindən kənardır".