Millət vəkilindən İran hökumətinə istehza Güney Azərbaycan

Millət vəkilindən İran hökumətinə istehza

"Əməli iş görün, sonra ümid edin"
Təbrizin millət vəkili və Şərqi Azərbaycan millət vəkilləri qrupunun rəhbəri Məhəmməd İsmail Səidi İran hökumətinin Urmiyə gölü ilə bağlı açıqlamalarını tənqid edib. O bildirib ki, Urmiyə gölünün durumunun yaxşılaşması ilə bağlı iddialar gülünc doğurur.
"Gölün suyunun artması üçün ilk öncə əməli tədbir alınmalıdır, sonra isə vəziyyətin yaxşılaşmasını gözləmək olar", deyə Təbrizli millət vəkili deyib.
Məhəmməd İsmail Səidi əlavə edib ki, gölün vəziyyətinin yaxşılaşması görüləcək işlərdən asılıdır və heç bir iş görülmədən xalqı ümidləndirmək yersizdir.
Qeyd edək ki, son günlərdə yayılan məlumatlar, şəkillər və ən önəmlisi müxtəlif hökumət rəsmilərini etiraflarına görə, Urmiyə gölünün 94%-i artıq uruyub. Bu hadisə o zamana təsadüf edir ki, artıq Həsən Ruhaninin prezidentlik dövründən kifayət qədər keçir, lakin heç bir əməli işin görülməsi ilə bağlı hər hansı bir məlumat yoxdur. Təbii olaraq bütün bunlar bölgə əhalisinin ciddi etirazına səbəb olmaqdadır.
İran rejimi önləyici tədbirlər həyata keçirməklə gözlənilən faciəni aradan qaldırmaq yerinə, cəmiyyətə yalan məlumatlar ötürür. Bir neçə gün öncə Ətraf Mühit Təşkilatının rəsmisi Urmiyə gölünün hazırkı durumu ilə bağlı tamamiilə həqiqətdən uzaq açıqlama verib. O bildirib ki, "peyk görüntülərinə görə gölün 50% sahəsi su ilə dolub... ."
Rəsmi açıqlama İran mətbutında da geniş şəkildə yayılıb.
Bütün bunlar o halda baş verir ki, Urmiyə gölündən olan şəkillər, bəzi məsul şəxslərin etirafları, yerli və xarici mütəxəssislərin açıqlamaları və ən önəmlisi gölün real vəziyyəti, hökumətin iddialarının tərsini göstərir.