

Nəticələrimiz yaxşı oldu, yarışlardan üzüağ çıxdıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev III MDB Oyunlarında 13 medal qazanan yığmanın çıxışı barədə danışarkən deyib.
O, nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Bildiyiniz kimi, MDB Oyunlarına aşağı yaş qruplarından olan üzgüçülər qoşulurlar. İlk dəfə bu turnirdə medal qazandıq. Düşünürəm ki, bizi üzgüçülükdə daha parlaq gələcək gözləyir. Ötən gün Süleyman İsmayılzadə 800 metr məsafəyə sərbəst üzmə üsulunda rusiyalı rəqibindən az fərqlə geri qaldı və ikinci oldu. Lakin bu gün qızıl medalı əldə etdi. Nəticəmiz daha da yaxşı ola bilərdi. Gələcək yarışlarda medal sayını çoxaltmaq hədəfindəyik. Artıq federasiya olaraq, yenilik edirik. III MDB Oyunlarından öncə kanadalı idman direktoru bizə qoşuldu".
Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.