Mübariz İbrahimov: “Keçmiş döyüşçü olduğum üçün onlara bildirmişdim ki, bizi irəli verin” İdman

Mübariz İbrahimov: “Keçmiş döyüşçü olduğum üçün onlara bildirmişdim ki, bizi irəli verin”

“Qələbə sevincini göz yaşları ilə qeyd etdik. Tanıdıq-tanımadıq, qarşımıza kim çıxırdısa qucaqlayıb öpürdük, təbrik edirdik”.

Bunu apasport.az saytına sambo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Mübariz İbrahimov deyib.

Əslən Ağdamdan olan mütəxəssis torpaqlarımızın işğaldan azad olunmasına münasibət bildirib. O, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin xalqa çatdırdığı qələbə müjdəsini böyük sevinclə qeyd etdiklərini söyləyib. Həmçinin Avstriya və Türkiyə yığmalarında çalışmış məşqçi həmin ölkələrdən də təbrik zəngləri aldığını vurğulayıb: “Telefonlar, demək olar ki, susmurdu. Keçmiş SSRİ ölkələrindən olan dostlarımdan çoxlu zənglər gəldi. Türkiyədə birgə işlədiyim insanlar, Avstriyadakı tələbələrim təbrik etdilər. Bu möhtəşəm duyğuları yaşadıq. Cənab Prezident iki gün əvvəl Ağdamda çıxış edərkən sevinc göz yaşlarımı saxlaya bilmədim. Əminəm ki, işğaldan azad olunan torpaqlarımız dövlət başçımızın sayəsində əvvəlkindən daha gözəl olacaq”.

Birinci Qarabağ Müharibəsinin iştirakçılarından olan İbrahimov bu dəfə də döyüşlərə cəlb olunmaq üçün müraciət etdiyini deyib: “Döyüşlər başlayan gündən səfərbərliyə müraciət etdik. Sonra bizə zəng vuraraq haqqımızda məlumat topladılar. 57 yaşım olduğu üçün mənə gözləmək məsləhət görüldü. Dedilər ki, ehtiyac yaranarsa, sizi də çağıracağıq. Ordumuzun hər gün Qarabağ torpaqlarındakı şücaətlərini gördükdə özümə yer tapa bilmirdim. Nə gecəmiz var idi, nə də gündüzümüz. Deyirdim ki, kaş əsgərlərin yanında olaydım. Keçmiş döyüşçü olduğum üçün onlara bildirmişdim ki, bizi irəli verin, gənclər arxamızca gəlsinlər. Nə də olsa bizə olsun, gənclərimizə yox. Müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında bütün torpaqlarımızı işğaldan azad etdi. Bu gün artıq Kəlbəcər işğaldan azad olundu. İnşallah, dekabrın 1-də də Laçın öz sahibinə təhvil veriləcək”.

57 yaşlı İbrahimov Birinci Qarabağ Müharibəsi zamanı döyüşdüyü anları da xatırlayıb: “Ermənistan hərbçiləri hələ 1988-ci ildən Qarabağa hücum etməyə, dinc əhalini qətlə yetirməyə başladı. O vaxt postlara gizli şəkildə, qaranlıq vaxtı gedib, səhər tezdən də çıxırdıq ki, görməsinlər. Çünki SSRİ ordusu və keçmiş milislər görəndə silahları əlimizdən alırdılar. 1991-ci ilin oktyabrında Azərbaycanın Milli Ordusu yarandı, Ağdamda hərbi hissə quruldu və batalyon komandiri Allahverdi Bağırov oldu. Xocalı faciəsi başladığı zaman Bağırovun rəhbərliyi ilə oradakı yaralıları, qocaları, körpələri dağlardan çıxardıq. 14 nəfərlə birlikdə Kətik yüksəkliyini nəzarətdə saxlayırdıq. Lakin erməni təcavüzkarlar hücumu artırdılar, o istiqamətlərdən geri çəkilməli olduq”.

Ağdamlı sambo məşqçisi doğma torpaqlara yenidən ayaq basacağı günü səbirsizliklə gözlədiyini bildirib: “Ağdama gedəndə ilk olaraq oradakı məscidi ziyarət etmək lazımdır. Yəqin ki, yaşadığımız vaxt orada olan evlər, idman zalları indi qalmayıb. O torpağın hər qarışı bizim üçün əzizdir. Qayıtdıqdan sonra Ağdamda məsciddən başlayaraq yaşadığımız, işlədiyimiz, ayaq basdığımız hər yeri gəzəcəyəm”.