“Türkiyənin İŞİD və PKK-ya qarşı aktiv mübarizəyə qoşulması regiona təsirsiz ötüşməyəcəyək” Dünya

“Türkiyənin İŞİD və PKK-ya qarşı aktiv mübarizəyə qoşulması regiona təsirsiz ötüşməyəcəyək”

Yusif Bağırzadə: "İstər İŞİD, istərsə də PKK özbaşına yaradılmayıb və onların arxasında müəyyən güc mərkəzləri, dövlətləri dayanır"

"Türkiyə bizim strateji müttəfiqimizdir və regionda, NATO-da güc sahibi olan bir dövlətdir. Heç şübhəsiz ki, Türkiyədə cərəyan edən proseslərin regiona, o cümlədən Azərbaycana birbaşa təsiri var. Eyni zamanda Azərbaycanda olan proseslərin də Türkiyəyə təsiri var və bu danılmaz bir faktdır". Bu fikirləri AMİP sədri Yusif Bağırzadə birdirib. Onun sözlərinə görə, geopolitik anlamda "Altılıq" dövlətlərinin İranla anlaşması, Rusiyaya tətbiq edilən iqtisadi sanksiyaların da Azərbaycana təsiri var:"Çünki bu proseslərin hamısı bir-birinə bağlı olan məsələlərdir. Azərbaycanın enerji daşıyıcılarının Avropaya nəqlində Türkiyə və Gürcüstanın xüsusi rola malik olduğunu nəzərə alsaq, hər iki ölkə, xüsusilə qardaş Türkiyədə baş verənlərin Azərbaycana təsirsiz ötüşməyəcəyi şübhəsizdir. Ona görə də hesab edirəm ki, Türkiyənin İŞİD və PKK-ya qarşı aktiv mübarizəyə qoşulması regiona təsirsiz ötüşməyəcəyək. Bu arada onu da qeyd edim ki, istər İŞİD, istərsə də PKK özbaşına yaradılmayıb və onların arxasında müəyyən güc mərkəzləri, dövlətləri dayanır. Son vaxtlara qədər Türkiyə bu proseslərdən kənarda idi. Rəsmi Ankara yalnız Suriya və İraqdan qaçqın düşmüş insanlara yardım edirdi. Lakin müəyyən qüvvlər hər vasitə ilə Türkiyəni də aktiv hərbi əməliyyatlara cəlb etməyə çalışdılar və buna nail oldular. Ancaq düşünürəm ki, Türkiyə dövləti bütün, unitar dövlətdir və bu sınaqdan da alnıaçıq çıxacaq. Çünki Azərbaycana Türkiyənin stabilliyi, güclü olması lazımdır".
"Birləşmiş Ştatlar və Avropa İttifaqının TAP layihəsinə dəstək nümayiş etdirməsi hansı müsbət dividentlər gətirəcək?",- sualını cavablandıran partiya sədri bildirib ki, Birləşmiş Ştatlar və Avropa İttifaqının birbaşa TAP layihəsinə dəstək verməsi Rusiyanın Cənub Dəhlizi və Türk Axını məsələsini şübhə altına qoydu: "Digər tərəfdən İran rəsmilərinin TAP layihəsinə maraq göstərmələri barədə açıqlamaları da müsbət dəyərləndirilməlidir. Paralel olaraq düşünürəm ki, bütün bunlar bizim xeyrimizə olan məsələlərdəndir. Baxmayaraq ki, Rusiya Yunanıstan vasitəsilə TAP layihəsinə maneçilik törədirdi. Ancaq bu məqsədlər baş tutmadı. Ümumiyyətlə, isə qarşıdakı müddətdə regionda ciddi hadisələr gözlənilir. Ona görə də bir qədər ayıq olmaq lazımdır. Xüsusilə, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar çox ayıq olmalıdırlar".