Türkiyədə seçki müddəti niyə qısaldıldı ? Dünya

Türkiyədə seçki müddəti niyə qısaldıldı ?

Cavid

"AKP yenidən təkbaşına iqtidar olmaq problemini həll edəcək". Bu sözləri Türkiyədə seçki müddətinin qısaldılmasına münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşavirinin sözlərinə görə, Mərkəzi Seçki Komissiyasının seçkiləri təyin etməyə və müddəti ikiqat azaltmağa ixtiyarı yoxdur:"Buna konstitusiya da icazə vermir. Yeni seçkilər haqqında mütləq hazırda tam işlək vəziyyətdə olan parlament qərar çıxarmalı idi. Çünki MSK-nın vəzifəsi yalnız seçkiləri hazırlayıb həyata keçirməkdir. Seçkilər keçirilməsi haqqında daha ali orqan qərar verməli idi. Ona görə də bu məsələ qarşıda çox ciddi polemikalara yol açacaq və partiyalar məsələnin parlamentdə müzakirəsini tələb edəcəklər".
Politoloq Türkiyədə seçkilərin müddətinin qısaldılmasının (90 gündən 60 günə endirilib) əsas səbəbini ölkə və onun ətrafında baş verənlərlə əlaqələndirib:"Daxildə PKK ilə ciddi mübarizə gedir. Ölkədə siyasi sabitsizlik hökm sürür. Xaricdə isə Suriya və İŞİD-lə mübarizə var. Bir tərəfdən də NATO-nun İŞİD-ə qarşı hərbi hava əməliyyatları davam edir. Türkiyə də İŞİD-ə qarşı quru əməliyyatlarını davam etdirməli idi. Ancaq iş o yerə çatıb ki, ölkənin başı seçkilərə qarışıb. Görünür, seçkilər üçün lazımı şərait olmadığından müddəti də qısaltmaq məcburiyyəti qarşısında qalıblar".
Q. Hüseynli müddətlə bağlı qərarın qüvvəyə minəyəcəyi təqdirində partiyalararası rəqabətə də toxunub:"Bu seçkilər 7 iyundakından fərqli olaacq. Müddətlə bağlı dəyişiklikdən əlavə bir çox şeylərə korrektə ediləcək. Seçkilərin şəffaf, adil keçəcəyinə o qədər də inanmıram. Çünki AKP təkbaşına hökumət qurmaq üçün əlindən gələni edəcək. Bu da müxtəlif seçki pozuntularına gətirib çıxara bilər. HDP ciddi problemlərlə rastlaşacaq. Dəmirdaş və partiyanın bir qisim deputatı haqqında cinayət işi qaldırıldığından, onların namizədliklərinin qeydə alınması qarşıda ciddi problem olaraq dayanacaq. Üstəlik, bölgədə ciddi müharibə şəraitinin keçirildiyi bəzi yerlərdə seçkilərin baş tutacağı hələ sual altındadır. Bu dəfə HDP-nin seçki barajını aşması çox çətin görünür. AKP var gücüylə təkbaşına iqtidar olmaq problemini həll etməyə çalışacaq və yəqin ki, buna nail olacaq da. CHP və MHP isə səslərini qoruyub saxlaya biləcək. CHP-nin səslərinin bir qədər də artması istisna deyil".
Analitik Vüqar Zifəroğlu isə deyib ki, HDP bütün baş verənlərin fonunda ona səs verən seçicilərin etimadını doğrultmadı. O, "kürd açılımı" məsələsinin əvvəldən yanlış olduğunu və bu gün Türkiyənin bu yanlışın bədəlini ödədiyini bildirib: "AKP-nin koalisiyanın alınmaması və təkrar seçkiyə gedilməsi üçün manevrlər edəcəyi, böyük ehtimalla, buna nail olacağı və təkrar seçki keçiriləcəyi təqdirdə təkbaşına iqtidara sahiblənəcəyi bəlli idi. HDP bütün baş verənlərin fonunda ona səs verən seçicilərin etimadını doğrultmadı. Bu partiya bugünkü fəaliyyəti ilə bir daha sübut etdi ki, PKK kimi bölücü terror təşkilatının siyasi qanadı funksiyasını yerinə yetirir və artıq növbəti təkrar seçkidə 10 faizlik həddi keçə bilməyəcək. Türkiyədə baş verənlərdə ən paradoksal hal ondadır ki, topladığı 10 faiz səslə 13 il sonra seçkilərdə AKP-ni təkbaşına iqtidardan salan partiya cəmi 2 ay sonra onu yenidən təkbaşına iqtidar edəcək. Hazırda isə bütün bu siyasi qarşıdurmaların fonunda aktivləşən bölücü terror hər gün can almaqda davam edir".
Qeyd edək ki, Türkiyə Mərkəzi Seçki Komissiyası erkən seçkinin vaxtının dəyişdirilməsi ilə bağlı qərar qəbul edib. Qərara əsasən, 90 gün müddətinə keçiriləcək seçkinin vaxtı 60 günə endirilərək noyabrın 1-nə təyin edilib.