Narazı miqrantlar düşdükləri vəziyyətə görə ABŞ-ı günahlandırır Dünya

Narazı miqrantlar düşdükləri vəziyyətə görə ABŞ-ı günahlandırır

Angela Merkel Rusiyaya haqq qazandırdı

Cavid

Hazırda qaçqın düşərgəsində yaşayan və düşdüyü vəziyyətə görə ABŞ-ı günahlandıran Rzqar Abdul bildirir ki, əgər imkanı olsaydı, ABŞ-da məskunlaşardı. İraqın Kərkük şəhərindən olan 28 yaşlı Abdul ABŞ qüvvələrinin ölkədən çıxarılmasından sonra İslam dövlətinə daha çox qüvvənin qoşulduğunu və bunun nəticəsində öz yurd-yuvasını tərk etməli olduğunu deyir. İraq müharibəsi dövründə ABŞ üçün tərcüməçilik etdiyini bildirən Abdul İraqın probleminin Amerikanın problemi olduğunu, ABŞ-ın İraq, Suriya və digər yerlərdə əlindən gələni etmədiyini deyir. "Tms" yazır ki, Macarıstanda yerləşən qaçqın düşərgələrindən tutmuş Avropanın seçilmiş rəsmilərinin ofislərinə qədər hər yerdə bir çoxları bu böhranı ABŞ-ın xarici siyasətinin uğursuzluğu hesab edir. Prezident Obama qəbul ediləcək suriyalıların sayının 10 minə qədər artırıldığını bildirsə də, Avropaya güclü zərbə vuran qaçqın böhranına görə ABŞ günahlandırıldı. Almaniyada sağçı və solçuların hər hansı bir məsələ üzrə eyni fikirdə olmalarına nadir hallarda rast gəlinir. Ancaq onlar indi ABŞ-ın yanlış siyasət yeritdiyi ilə bağlı ortaq fikirdədirlər. Almaniya Parlamentinin Solçu Partiyasının sədr müavinləri Sahra Vaqenknext və Ditmar Barç ABŞ-ın Yaxın Şərqdə yeritdiyi siyasəti qınayaraq və Suriya Prezidenti Bəşər Əl-Əsədə qarşı çıxan üsyançıların dəstəklənməsi cəhdlərinə eyham vuraraq bildiriblər: "İslam dövləti kimi qatil qruplaşmalar Almaniyanın müttəfiqləri də daxil olmaqla, bir sıra ölkələrdən dolayı yolla dəstək alıb, pul və silahla təmin olunublar." ABŞ-ın üsyançıların dəstəklənməsi və Əsədin devrilməsi üçün əlindən gələni etmədiyini iddia edənlər də olub. Mühafizəkar "Almaniya üçün Alternativ" partiyasının sədr müavini Aleksandr Gauland həftəlik "Junge Freiheit" qəzetinə verdiyi müsahibədə Amerikanın qaçqın axını üçün məsuliyyət daşıdığını deyib. ABŞ-dakı rəsmilər isə tənqidlərin şişirdildiyini, MKİ-nin Əsədi devirmək üçün bir milyard dollar xərclədiyini bildirir. Bəziləri isə heç kimin Suriyadakı müharibənin bu həddə gəlib çatacağını əvvəlcədən duya bilməyəcəyi fikrini irəli sürür. "Bu qədər qaçqın axınına görə ABŞ-ı günahlandırmaq asandır. Ancaq bunun səbəbkarı ABŞ deyil" – Almaniya Kansleri Angela Merkelin koalisiya hökumətinin bir hissəsi olan "Xristian Sosial İttifaqı" partiyasının mətbuat katibi Stefen Meyer belə deyib.
Böhran Britaniyada da ölkənin Yaxın Şərqlə bağlı öhdəlikləri üzrə gedən mübahisələri canlandırıb. 2013-cü ildə İcmalar Palatasının Britaniyanın Suriyada hərbi fəaliyyət göstərməsinin lehinə səs verməsi ilə baş nazir Devid Kemeron böyük zərbə aldı. Həmin səsvermə ABŞ-ın Əsədin kimyəvi silahlar işlətdiyi iddiaları üzərindən başlatdığı müdaxiləni dayandırmağa kömək etdi. Hər iki ölkənin İslam dövləti və Əsəd rejimini güclü tənqid etməsinə baxmayaraq, ABŞ və Britaniya şərhçiləri öz ölkələrinin qətiyyətsizliklərini tənqid etdilər.
"Problem burasındadır ki, başladığınız işi davam etdirə bilmirsiniz. Liviyada olduğu kimi. Müəmmar Qəddafi devrildi, bəs sonra?" – London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin professoru, Avropa İttifaqının siyasi iqtisad üzrə ixtisaslaşan alimi İen Beq deyib.
26 yaşlı Cəbrayıl Məhəmməd ABŞ-ın artıq qüvvələrindən istifadəni dayandırdığı vaxt nə baş verdiyini bildiyini düşünür. Bu da Suriyada yüz minlərlə insanın ölümü və Məhəmməd kimilərin Hələb şəhərini tərk etmələri ilə nəticələndi. İndi günə 20 avro alan Məhəmməd başqa yerə getmək üçün pasportunun verilməsini gözləyir.
Avropa İttifaqının qaçqınların yeni ölkələrə köçürülməsi ilə bağlı təklif olunan proqramı gələn aya qədər təxirə salması bu böhranın həll edilməsi yolları ilə bağlı yaranan daxili fikir ayrılıqlarını əks etdirir. Qaçqınların yerləşdirilməsi ilə bağlı planı irəli sürənlər Aİ üzvlərinin 160 minə qədər miqrantı 22 ölkə arasında bölüşdürmək üçün ortaq məxrəcə gəlmələrinə ümid edirdi. Bir çox rəsmilər irəli sürülən təklifin ədalətsiz olduğunu bildirib. Danimarka bu planı rədd etməyi planlaşdırır. Çexiya, Slovakiya, Polşa və Macarıstanın xarici işlər nazirləri birgə bəyanat verərək Aİ-ni maliyyə vəsaitlərinin daha bərabər şəkildə bölüşdürməyə, eləcə də Suriya və İraqda davam edən böhranın həll edilməsi üçün göstərilən beynəlxalq cəhdlərdə daha böyük rol oynamağa çağırıblar. Macarıstanın baş naziri Viktor Orban isə mətbuat konfransında miqrantlara qarşı qəzəbli olduğunu və hüquq-mühafizə orqanlarının daha sərt fəaliyyətə keçəcəklərini bildirərək deyib: "Onlar dəmir yolu stansiyalarını tutublar, barmaq izlərini verməkdən imtina ediblər və yemək, su, qalacaq yer, tibbi xidmətlə təmin ediləcəkləri yerlərə getmək istəmirlər."
Bu arada insan hüquqlarını müdafiə edən qruplar da miqranların "qeyri-insani" şərtlər altında saxlanıldığı və təhlükəsizlik işçilərinin tulladıqları yemək üçün mübarizə apardıqları yerlərdə vəziyyətin yaxşılaşdırılması üçün təzyiqləri artırıblar. Artıq hər gün Macarıstana minə yaxın miqrant daxil olur və bu, düşərgələrlə qatar stansiyalarında həddən artıq izdihama səbəb olur. İzdiham ucbatından Budapeştdən qatarların gediş-gəlişi dayandırılsa da, ötən həftənin cümə günü Avstriyaya 8000-dən çox miqrantın keçməsi gözlənilirdi. Rəsmilərin verdiyi məlumata görə, BMT-nin Qaçqınlar üzrə Agentliyi 300 ailəni müvəqqəti sığınacaqla təmin etmək üçün yığma evlər daxil olmaqla, regiondakı 95 min nəfəri lazımi şeylərlə təmin etməyi planlaşdırır.