Sevr müqaviləsi və Yaxın Şərqin hazırkı vəziyyəti Dünya

Sevr müqaviləsi və Yaxın Şərqin hazırkı vəziyyəti

Bu müqavilə Qərbdə əksəriyyət tərəfindən unudulsa da...

Cavid

Avropa 95 il əvvəl Sevr müqaviləsi ilə Osmanlı imperiyasını parçaladı. Həmin müqavilə bir il güclə qüvvədə qalsa da, təsirləri bu gün də hiss olunur. 95 il əvvəl Osmanlı imperiyasının küllərindən Yaxın Şərqi yenidən qurmaq üçün Avropalı diplomatlar Sevrdə bir araya gəldi. Ancaq bu plan o qədər tez ləğv olundu ki, indi bir çoxları müqaviləni xatırlamasa da, ömrü qısa olan Sevr Müqaviləsinin nəticələri bu gün də görünür. Həmin nəticələrdən bir neçəsini nəzərdən keçirək.
"Foreign Policy" yazır ki, 1915-ci ildə Britaniya qoşunları Gelibolu yarımadasından İstanbula yürüş etməyə hazırlaşır, Londonda isə hökumət Ottoman imperiyasına son qoyulacağını müjdələyən ipək dəsmallar hazırlayırdı. Ancaq Britaniya vaxtından əvvəl sevinsə də (Çanaqqala döyüşü Osmanlıların I dünya müharibəsində qazandığı azsaylı qələbələrdən biri oldu), 1920-ci ilə qədər Britaniya özünə inanmaqda haqlı çıxdı: müttəfiq qoşunların Osmanlı paytaxtını tutmaları ilə müharibənin qalib qüvvələrinin nümayəndələri ilə məğlub Osmanlı hökuməti arasında müqavilə imzalandı və bununla imperiyanın torpaqları Avropanın nüfuz dairələrinə bölündü. Sevr müqaviləsi İstanbul və Bosforu beynəlmiləlləşdirdi, Anadolu ərazisinin müəyyən hissələrini yunan, kürd, erməni, fransız, italyan və britaniyalılara verdi. Avropanın Yaxın Şərqi bölmək üçün hazırladığı birinci planın necə və niyə görə uğursuz olduğuna nəzər salsaq, regionun bugünkü sərhədlərini, eləcə də, müasir kürd millətçiliyinin ziddiyətlərini və müasir Türkiyənin üzləşdiyi siyasi problemləri daha yaxşı başa düşə bilərik.
Sevr müqaviləsinin bağlandığı bir il ərzində Avropa qüvvələri görə biləcəklərindən daha çox işə girişdiklərindən şübhələnməyə başladılar. Mustafa Kamal Atatürk kimi xarici işğala müqavimət göstərməkdə qətiyyətli olan Osmanlı zabitləri ordunun qalan hissələrini yenidən bir araya gətirib neçə illərdir apardıqları ümidsiz mübarizədən sonra müqavilənin şərtlərini həyata keçirməyə çalışan xarici orduları sıxışdırıb çıxardılar. Nəticə isə bu gün tanıdığımız, indiki sərhədləri 1923-cü ildə Lozanna müqaviləsi ilə rəsmi şəkildə müəyyənləşdirilmiş Türkiyədir.
Sevr müqaviləsi Qərbdə əksəriyyət tərəfindən unudulsa da, "Sevr sindromu" (xarici, xüsusilə də, Qərb qüvvələrinin Türkiyəni parçalamağa çalışdığı düşüncəsi) adlanan millətçi xarakterli şübhəçilik hissinin formalaşmasına təkan verdiyi Türkiyədə güclü irsi var. Bu müqavilə, heç şübhəsiz, Türkiyənin kürd separatçılığı ilə bağlı həssaslığında, eləcə də, 1920-ci ildə Anadolu ilə bağlı planlarına haqq qazandırmaq üçün Avropalı diplomatlar tərəfindən tez-tez istifadə olunan erməni soyqırımının tarixi bir həqiqət yox, Türkiyəyə qarşı gizli plan olduğu düşüncəsininin formalaşmasında da müəyyən dərəcədə rol oynayır. Bundan başqa, Türkiyənin müstəmləkə işğalı ilə apardığı əsaslı mübarizə əvvəlcə soyuq müharibə dövründə Britaniyaya, indi isə ABŞ-a qarşı antiimperiya xarakterli millətçilik formasında öz izini qoyub.
Ancaq Sevr müqaviləsinin təsirləri təkcə Türkiyədə görünmür. Elə buna görə də, bu müqavilə Sayks-Piko sazişi ilə birgə Yaxın Şərq tarixinə daxil edilməlidir. Bununla regionun problemlərinin Avropanın boş bir xəritədə sərhədləri çəkməsi ilə başladığı fikrinin yanlış olduğunu göstərmək olar.
Heç şübhəsiz, Avropa qüvvələri sərhədləri öz maraqlarına uyğun yaratmaqdan məmnun idi, lakin Sevr müqaviləsinin uğursuz olması sübut edir ki, heç də hər şey onların planına uyğun getmir. Anadolunun xəritəsini yenidən çəkmək istəyən avropalı dövlət xadimlərinin cəhdləri dəf edilsə də, Yaxın Şərqdə sərhədləri müəyyənləşdirməyə nail oldular, çünki burda onlara müqavimət göstərənləri üstələyə biləcək hərbi qüvvələri var idi. Əgər suriyalı millətçi Yusif əl-Əzma da Maysalun döyüşündə Fransanı məğlub edərək Atatürk kimi hərbi uğur əldə etmiş olsaydı, Avropanın Yaxın Şərq üçün planları da Anadoluda olduğu kimi uğursuz olardı.
Əgər Yaxın Şərqin sərhədləri fərqli olsaydı, daha stabil vəziyyətdə olan region məzhəblərarası ixtilaflara daha az meylli olardımı? Xeyr. Ancaq Sevr müqaviləsi ilə tarixə nəzər salsaq, Avropanın müəyyənləşdirdiyi sərhədlərlə Yaxın Şərqin qeyri-stabil vəziyyəti arasında daha dərin əlaqə olduğunu görərik: Avropanın qoyduğu sərhədlərlə əhatələnən regionlar onsuz da müstəmləkə işğalına müqavimət göstərə bilməyəcək dərəcədə zəif və nizamsız idi. Türkiyə isə doğru sərhədlər əldə etməklə Suriya və ya İraqdan daha varlı və demokratik hala gəldi. Türkiyənin Avropanın planlarını dəf etməsinə imkan verən amillər güclü, mərkəzləşmiş, Avropa üslubunda suveren bir dövlət qurmasına imkan verən amillərlə eyni idi. Həmin amillər isə Osmanlı imperiyasından qalan ordu və iqtisadi infrastruktur oldu.
Bir çox kürd millətçi Türkiyənin sərhədlərinin yanlış olduğunu iddia edə bilər. Əslində, bəziləri də kürd dövlətinin olmamasını Osmanlı imperiyasından sonra qoyulan sərhədlərdə ciddi qüsur hesab edirlər. Ancaq Avropa imperialistləri Sevr müqaviləsi ilə kürd dövləti yaratmağa çalışarkən kürdlər də müqaviləni ləğv etmək üçün Atatürklə birgə mübarizə apardılar. Bu, bir daha xatırladır ki, siyasi sədaqət milli kimlikləri aşa da bilər.
Sevr müqaviləsi ilə yaradılacaq kürd dövlətinin Britaniyanın nəzarəti altında mövcud olması nəzərdə tutulurdu. Bu, bəzi kürd millətçilər tərəfindən qəbul edilsə də, digərləri Britaniyanın hakimiyyəti altında "müstəqillik" fikrini bəyənmədilər. Buna görə də, Türkiyənin milli hərəkatı ilə mübarizəyə qoşuldular. Kürdlər xüsusilə Türkiyə və ya Osmanlı hakimiyyətini xristian müstəmləkəsindən üstün tutdular. Bəzi kürdlər də Britaniyanıın regiona qayıtmaq istəyən erməniləri dəstəkləyəcəyindən narahat idilər. Sonradan qurmaq istədikləri dövlətin daha çox türk xarakterli, dinin daha az önəm daşıyacağı aydın olması ilə verdikləri qərardan peşman oldular. Müəyyən dərəcədə təzyiq altında qalanlar isə yeni dövlətin onlara təklif etdiyi kimliyi qəbul etməyi seçdilər.
Bir çox türk millətçi hələ də Sevr müqaviləsi ilə dövlətlərinin dağıdılmasından qorxur, kürd millətçilər isə əldə edə biləcəkləri dövləti təsəvvür edirlər. Eyni zamanda Türkiyə hökuməti Osmanlı imperiyasının tolerantlıq və multikulturalizm cəhətlərini tərifləyir, kürd separatçıların lideri Abdullah Öcalan isə həbsdə Benedikt Andersonun kitablarını oxuduqdan sonra bütün ölkələrin sadəcə sosial qurğu olduğunu iddia edir. İqtidarda olan AKP ilə HDP partiyası son on il ərzində kürdləri partiyaları üçün verilən səsin sülh üçün verilən səs olduğuna inandırmaq, hansı partiyanın daha stabil dövlət yaradaraq Türkiyənin uzun müddətdir davam edən münaqişəsini həll edə biləcəyini göstərmək uğrunda rəqabət aparıblar.
Ötən bir neçə həftə ərzində vəziyyətin yenidən gərginləşməsi, AKP-nin kürd siyasi liderləri və polis məmurlarına atəş açan kürd üsyançılarının həbsini istəməsi ilə hər iki tərəfdən millətçilər zidd mövqelərinə geri qayıdırlar. Türkiyə ötən 95 il ərzində Sevr müqaviləsini dəf etməsinin siyasi və iqtisadi faydasını görüb. Ancaq bu uğurun davam etdirilməsi daha çox uzlaşma tərəfdarı olan, sərhəd və milli kimlik üzrə gedən döyüşləri lazımsız hesab edən siyasi bir model yaradılmasını tələb edir.