Ermənistan prezidenti müttəfqlərindən çox narazıdır Dünya

Ermənistan prezidenti müttəfqlərindən çox narazıdır

Ermənistan prezidenti Serj Sərkisyan Kollektiv Təhlükəsizlik Müqviləsi Təşkilatının Moskvada keçirilən iclasındakı çıxışı zamanı bu hərbi bloka daxil olan digər ölkələri tənqid edib.
Sərkisyan öz çıxışında KTMT üzrə müttəfiqlərin Qarabağ münaqişəsi zonasında baş verənlərə görə İrəvanı müdafiə etməməsindən narazılıq edib.
"Əlbəttə, hər ölkənin öz maraqları və prioritetləri var. Ancaq bu, bizim ümumi maraqlarımıza və qarşılıqlı öhdəliklərimizə mane olmalı deyil"- deyə Sərkisyan bildirib.
"Hər dəfə Azərbaycan Silahlı Qüvvələri Ermənistan Respublikasına qarşı bütün kalibrli silahları, minomyotları, artilleriya qurğularını işə salanda onlar həm də Astanaya və Düşənbəyə, Bişkekə və Moskvaya, Minskə də atəş açmış olurlar. Yada salıram ki, bizim nizamnaməmizdə müvafiq bənd var. Ancaq biz bu bənd tətbiq etməməyimiz bir yana, heç telefonun dəstəyini götürüb maraqlanmırıq ki, müttəfiq Ermənistanda nə baş verir" - deyə Ermənistan prezidenti narazılığını dilə gətirib.
Sərkisyan əlavə edib ki, "hələ bunlar yetmirmiş kimi" KTMT üzrə bəzi müttəfiqlər beynəlxalq təşkilatlarda Ermənistanın əleyhinə səs verir, üçüncü ölkələrlə ikitərəfli bəyannamələr qəbul edərək KTMT üzrə mütəfiqlərin maraqlarına qarşı çıxır. Bununla da bütünlükdə KTMT-ni, onun əhəmiyyətini zərbə altına qoyur.
Ermənistan prezidenti həm də şikayətlənib ki, Azərbaycan ordusu atəşkəs razılaşmasından sonra ilk dəfə dekabrın 8-də təmas xəttində tanklardan və qaubitsalardan istifadə edib. Bununla da münaqişə zonasında gərginlik "yeni təhlükəli səviyyəyə" çatıb.
Sərkisyanın fikrincə, Azərbaycanın bu addımı "xaricdən aldığı eyhamın nəticəsində" həyata keçirdiyi istisna deyil. Bununla da Sərkisyan Rusiyanın Qarabağ məsələsində Azərbaycanı dəstəkləyə biləcəyinə dair Ermənistan cəmiyyətində hökm sürən narahatlıqları bölüşmüş olur.