Moldovada nə baş verir?.. Dünya

Moldovada nə baş verir?..

Kişinyovdakı son etirazlar Moldova siyasətində qəribə müttəfiqlik ortaya çıxarıb
Cavid
Moldovadakı etirazların arxasında duran əsas partiyalar - Sosialist Partiyası (PSRM), "Bizim Partiya" (PN), eləcə də Ləyaqət və Həqiqət Partiyası (DA) öz aralarında ortaq məxrəcə gəliblər. Onlar korrupsiyaya qurşandığına inandıqları siyasi elitaya qarşı qətiyyətlə çıxır və bu elitanı Moldova vətəndaşlarını yoxsulluq girdabından çıxara bilməməkdə günahlandırırlar. Etirazçı partiyalar erkən seçki və yeni təsdiqlənmiş ölkə hökumətinin buraxılmasını tələb edirlər.
Qüdrətli bir oliqarxın həbsini istəyirlər
Birləşən müttəfiqlər son dərəcə qüdrətli bir oliqarxın da həbs edilməsini istəyirlər. Eyni zamanda media maqnatı olan həmin oliqarx kütləvi fırıldaq yoluyla moldovalıların hökumətə inamını zəiflətməkdə suçlanır.
Sadalanan partiyaları ortaq məqsədlər birləşdirsə də, haçalı siyasi mövqeləri onların birliyini mümkünsüzləşdirir. Sosialist Partiyası və Bizim Partiya rusiyameyllidir. Bu partiyalar Moskvaya yaxınlaşmaq niyyətlərini gizlətmirlər.
Ləyaqət və Həqiqət Partiyası isə avropayönlüdür və Moldovanın Brüsselə üz tutan siyasi kursunu saxlamaq və ölkəni sovet keçmişindən uzaqlaşdırmaq istəyir.
Bu üç partiyanın rəhbərləri baş nazir Pavel Filip və onun hökumətinin təsdiqlənməsi fonunda qızışan etirazlara başçılıq edirlər.
"Jamestown Fondu"nun təhlilçisi Vladimir Socor deyir ki, onların üçü də oliqarx Vlad Plahotniucun mövcud hökumətə hədsiz təsirinə inanır.
Bir milyard dollar yoxa çıxıb
Çoxları təzadlı oliqarx Vlad Plahotniucun adını ötən il aşkar olunmuş kütləvi fırıldaqla bağlayır. Bu fırıldaq nəticəsində Moldova ÜDM-nin 1/8-nə bərabər olan məbləğ - bir milyard dollar ölkə banklarından yoxa çıxıb. Məhz bu qalmaqallı olay oktyabrda hökumətin getməsinə səbəb olub.
Rusiyapərəst, ya avropapərəst olmasına baxmayaraq, etirazçıların liderləri yeni Pavel Filip hökumətinin də əvvəlki hökumətə bənzədiyini düşünürlər.
Bir çoxları bu ittifaqın yeni seçki keçirilməsinə nail olmasından çəkinir. Çünki bu halda rusiyapərəst partiyaların seçkini qazanmaq şansı daha çox görünür.
Son rəy sorğularının sonucuna görə, indi seçki baş tutarsa, Sosialist Partiyası təxminən 17%, "Bizim Partiya" isə 15%-dən bir qədər az səs toplardı. Başqa sözlə, bu rusiyayönlü partiyalar səslərin əksəriyyətini qazanar və növbəti hökuməti formalaşdırarlarsa, yenə Moldovanın müstəqil siyasi kurs yürütmək səylərini əngəllərdilər.
İstəyirlər ki, Moldova Putinin Avrasiya İttifaqına qoşulsun
Əhalisinin 3/4-ü rumın dilində danışan Moldova, ilk baxışdan, Avropaya yaxın olsa da, rusiyapərəst partiyalarin nüfuzu davamlı artıb. Bu nüfuz artımı daha yaxşı dolanışıqla xatırlanan sovet dönəminə xiffətdən qaynaqlanır. Üstəlik, 2014-cü ildə Brüssellə Assosiasiya Sazişi imzalansa da, Avropa Birliyinə (AB) inteqrasiya tərəfdarı olan hökumətlər ölkədə yaşayış standartlarını yaxşılaşdırmağa nail ola bilməyiblər.
Rusiyayönlü partiyalar təkcə AB ilə sazişə qarşı çıxmır, həm də istəyirlər ki, Moldova Putinin Avrasiya İttifaqına qoşulsun.
İki il öncə seçkiyə "Rusiya ilə birgə" şüarıyla gedən Sosialist Partiyası səslərin 20%-ni toplaya bilmişdi. Seçki kampaniyasında istifadə edilən nəhəng bannerlərdə partiya sədri İgor Dodon Putinlə birgə təsvir olunmuşdu. Maraqlıdır ki, Kommunist Partiyası sosialistlərlə hər hansı alyansa girməkdən imtina etdiyinə görə, Avropayönlü partiyalar seçkilərdə irəli çıxmış və hökumət formalaşdırmağı bacarmışdılar.
On il Rusiyada yaşayandan sonra 2014-cü ildə Moldovaya qayıdan Renato Usatii siyasi havanı dəyişib. Onun gəlişi moskvapərəst hökumətin hakimiyyətə gəlmə ehtimalını artırıb.
Onların birlikdə Moskvadan qayıtdığını görən olub
Dodonla Usatii tez-tez Rusiya səfərinə çıxırlar. Yanvarın 20-də - mövcud hökuməti devirməyi hədəfləyən son etirazların başlanmasına bir neçə saat qalmış- onların birlikdə təyyarəylə Moskvadan qayıtdığını görənlər olub.
Yanvar etirazları zamanı bu iki lider AB-yə qarşı mövqelərini çox da qabartmadan antikorrupsiya ehtiraslarına fokuslanıblar. Ancaq bu səylər hər iki siyasətçinin, əslində, Moldovanı Moskvanın oribitinə qaytarmaq məqsədi güddüyü barədə tənqidçilərin şübhələrini azaltmır.
AB-yə inteqrasiya tərəfdarları son iki ildə Ukraynada baş verən olayların Moldovada da təkrarlana biləcəyindən qorxurlar.
Moldova siyasi şərhçisi Petru Bogatu Azadlıq Radiosuna deyib ki, rusiyapərəst partiyalarla əməkdaşlığı AB tərəfdarı olan Ləyaqət və Həqiqət Partiyasının siyasi gələcəyinə kölgə salır:
Moldova vətəndaşının gözündə...
"Avropayla bütünləşmək istəyən Moldova vətəndaşının gözündə, hətta Plahotniuc kimi oliqarxa qarşı olsa da, bir yunionist və demokratın Putinin favoriti sayılan rusiyapərəst əlaltılarla birgə işləməsi Bəşər Əsədə qarşı İŞİD-ə qoşulmağa bənzəyir".
Kreml Moldova böhranını götür-qoy edir. Yanvarın 22-də prezident Putin Rusiya Təhlükəsizlik Şurasında "Moldovada pisləşən durum"u müzakirəyə çıxarıb. Eyni zamanda, baş nazir Filip də Qərbdən dəstək istəyib.
Bütün gözlər Filipə dikilib
Rumıniya, ABŞ və Avropa Birliyi Filipin yeni hökumətinə dəstək ifadə edərək, onu təcili şəkildə AB-yönlü və antikorrupsiya islahatları həyata keçirməyə çağırıb.
Filip daha geniş dəstək üçün yanvarın 26-da qardaş Rumıniyaya səfər edib.
O, Buxarestdən 162 milyon dollarlıq yardım paketinin 65 milyon dollarlıq tranşına dair vədlərlə qayıdıb. Ancaq Filip başçılıq etdiyi yeni hökumətin islahat məsələsinə ciddi yanaşdığını öncədən sübut etməsə, həmin pul gəlməyə də bilər.
İndi bütün gözlər Filipə dikilib.