ABŞ separatçılara pul verməyəcək Dünya

ABŞ separatçılara  pul verməyəcək

Amerika Birləşmiş Ştatları gələn il Ermənistanın işğalı altındakı Azərbaycan torpaqlarında formalaşdırılan separatçı rejimə yardım ayırmayacaq.
Bu prezident Barak Obama tərəfindən 2017-ci maliyyə ili üzrə dövlət büdcəsi layihəsi dərc edildikdən sonra məlum olub.
Qeyd edək ki, ABŞ-ın bu ilki büdcəsində də Azərbaycanın işğal altındakı ərazilərinə (Dağlıq Qarabağa) hər hansı formada yardımı nəzərdə tutan heç bir müddəa yer almayıb.
Ötən ilin dekabrın 18-də ABŞ Konqresi tərəfindən qəbul edilmiş 2016-cı maliyyə ili üzrə "Ümumi təxsisatlar" (ayırmalar) qanunda da ABŞ-ın Azərbaycanın işğal altındakı ərazilərinə (Dağlıq Qarabağa) hər hansı formada yardımını nəzərdə tutan heç bir müddəa yer almayıb. ABŞ-dakı erməni diasporunun və ermənipərəst konqresmenlərin təşəbbüsü ilə belə bir maddənin qanun layihəsinə salınmasına cəhd edilsə də, bu, baş tutmayıb.
Xatırladaq ki, 2014-cü maliyyə ilindən etibarən ABŞ Konqresi qəbul etdiyi yekun təxsisatlar qanununa Azərbaycanın işğal altındakı ərazilərinə hər hansı formada yardım göstərilməsini nəzərdə tutan müddəanı daxil etmir. Lakin 1998-2013-cü maliyyə illəri üzrə Konqresin qəbul etdiyi yekun təxsisatlar qanununda və ya onun əlavəsində Azərbaycanın işğal altındakı ərazilərində icra olunan müxtəlif layihələrin ABŞ tərəfindən maliyyələşdirilməsi üçün istifadə edilən bənd olub.