ABŞ Səddamın milyardlarını tapdı Dünya

ABŞ Səddamın milyardlarını tapdı

650 milyon dollar nağd pul...

Cavid

2003-cü ildə ABŞ və müttəfiqləri İraqa daxil olanda kütləvi qırğın silahları yerinə xeyli miqdarda qızıl külçələr tapdı. Ancaq illər keçməsinə baxmayaraq, dəyəri milyard dollarla ölçülən bu qızılların taleyi qaranlıq qalır. Amerikalıların İraqda xəzinə axtarışı 2003-cü ilin mayına təsadüf edir. İraq-Suriya sərhədinə yaxın Əl-Qaim şəhərində, bir yük maşınında tapılan xəzinədə hər biri 18 kq olan 2000 qızıl külçə var idi. Həmin vaxt qızılların dəyəri təxminən 500 milyon dollar idi.
Əldə olunan bilgilərə görə, iki şəxs 350 dollar qarşılığında yük maşınını Bağdaddan Əl-Qaim şəhərinə aparacaq, orada tanımadıqları bir şəxsə təhvil verəcəkdilər. Bir neçə gün sonra ABŞ əsgərləri Kərkük şəhərində bir TIR-a baxış zamanı 350 milyon dollar dəyərində 100 külçə tapdı. Bu yük maşınının sürücüsü də külçələri 300 dollar qarşılığında Kərkükə gətirmək tapşırığı almışdı.
Verilən məlumata görə, külçələrin dövlət möhürü olmayıb, tələsik əridilərək 10 kiloqramlıq qəliblərə tökülüb. Amerikalların gözünü qamaşdıran xəzinə axtarışı öz nəticəsini verirdi. Qısa müddət sonra eyni bölgədə təxminən 700 milyon dollar dəyərində 1183 külçə, 2003-cü ilin iyununda Bağdadın cənubuna gedən yolda benzin tankerinin içində 90 milyon dollar dəyərində yeni külçələr tapıldı.
Bunlar yalnız quru yolla daşınan qızıllar idi və xəzinə təkcə qızıl formasında amerikalların qarşısına çıxmırdı. Müharibədən sonra verilən məlumata görə, bir dəfə Səddam Hüseynin sarayında 700 milyon, yaxın qohumunun evindən isə 112 milyon dollar nağd pul tapılmışdı. Ən maraqlısı isə odur ki, bu qədər pul evin bağçasındakı it damında gizlədilmişdi. Bundan başqa, ABŞ əsgərləri Bağdad ətrafındakı bir neçə ev və dövlət dairələrində apardıqları axtarış zamanı bir gecədə 650 milyon dollar nağd pul tapmışdılar.
ABŞ rəsmiləri tapdıqları külli miqdarda qızılları ictimaiyyətdən gizlətmədi. Faktla bağlı araşdırma aparılacağını, külçələrin sonradan seçiləcək yeni İraq hökumətinə təhvil veriləcəyini demişdilər. Lakin 2003-cü ilin sonunda bir qrup Qərb mediası amerikalıların İraqda tapdıqları külçələrin hamısının qızıl olmadığını, təxminən 100 külçədən ibarət mis və sink olduğunu yazdı. Bu tarixdən etibarən heç kim qızıl külçə və pullardan söz açmadı.