Qarabağda Türkiyə-Rusiya müharibəsi Dünya

Qarabağda Türkiyə-Rusiya müharibəsi

ABŞ-ın məkrli oyunu, yoxsa...?

Cavid

"Rusiyanın əli ilə Qarabağ üzərindən Türkiyəyə ciddi təhdid formalaşdırılır".
Bu barədə Türkiyənin "Star" qəzeti yazıb.
Qəzet diqqəti ABŞ-ın "Qarabağın taleyini referendum həll edəcək" açıqlamasına çəkir: "Rusiya və Fransa da eyni sözləri deyir. Halbuki Qarabağ Azərbaycanın bölgəsidir, erməni işğalından sonra orada əsrlərdir yaşayan azərbaycanlılar məcburi şəkildə köçürülüb. 25 ildir qaçqın və məcburi köçkünlər ölkənin digər bölgələrində yaşayırlar. Deməli, bunu bilə-bilə ATƏT və Minsk qrupu ədalətsiz yanaşırlar. Bu, dolayı ilə Azərbaycanın ərazi bütövlüyünü tanımamaq mənasını verir".
"Star" qeyd edir ki, Qarabağda son günlər gərginlik artıb, Azərbaycan Ordusu ciddi şəkildə irəliləyib: "Azərbaycan hakimiyyəti böhranı yaxşı idarə edə bilir. Lakin əsas məsələ başqadır. Rusiya davamlı olaraq Ermənistanı müharibəyə məcbur etməklə, hansısa məkrli plan həyata keçirdir. Şübhəsiz ki, bölgəyə öz qoşunlarını yerləşdirmək niyyəti var. Lakin Naxçıvanın təhlükəsizlik məsələsi ortaya çıxarsa, Türkiyə dövriyyəyə girəcək. Yəni vəziyyət gərginləşəcəyi təqdirdə, Türkiyə Qars müqaviləsinə istinad edərək, Naxçıvanın təhlükəsizliyi baxımından proseslərə müdaxilə edəcək. Ermənistan ciddi şəkildə təhdidlər yağdırır, Rusiyanın onu müdafiə etdiyi aşkardır. Digər tərəfdən, Putin bir neçə prosesi eyni anda yürütməyi planlaşdırır. Misal üçün, ABŞ-ın indiyə qədər irəli sürdüyü təhdidlərə rəğmən, o, Birləşmiş Ştatları düşmən elan etmədi. Yeni müharibəni də Türkiyə üzərindən təşkil etmək istəyir. Suriyada da eyni ssenari tətbiq edildi. Kilisin vurulması, İŞİD və PKK əli ilə hücumlar Türkiyəni xaos ölkəsinə çevirmək planları mövcud idi. Rusiyayla ABŞ-ın bu məsələdə eyni hədəfə vurduğu anlaşılandır. Hazırda Rusiya eyni ssenarini Qarabağ üzərində də həyata keçirmək niyyətindədir. Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda istənilən formada təmsil olunması məsələsi son günlər gündəmə gətirilir. Lakin Kreml bunu istəmir. Moskva Türkiyəni Qarabağda müharibəyə daxil etmək istəyir, amma türk ordusunun bu bölgəyə girməsinə qarşıdır".
Qəzet qeyd edir ki, Rusiya yaranmış gərginliyi əvvəldən istəyirdi.
"Burada ABŞ da məkrli rol oynadı. Amerika Rusiyanın gücünü xərcləməsini istəyir. Amma burada əsas təhlükə Rusiyanın əli ilə Türkiyəyə qarşı yeni və açıq təhdid formalaşdırmaqdır", - deyə qəzet qeyd edib.
Bu aralarda Rusiya prezidentinin Bakı səfərinin də münaqişənin həllinə təsir edəcəyi istisna edilmir. Sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib ki, Qarabağ planının vaxtı son dərəcə məxfi saxlanılmaqla ani bir qərarla prezidentin əmri ilə həyata keçiriləcək.
Politoloqun sözlərinə görə, Rusiya prezidentinin səfəri ilə bağlı ortaya atılan məlumatlar ermənilərin Putinə son yalvarışlarının nəticəsidir: "Ermənilər Azərbaycan ordusunun məhz mayın 8-də Şuşa istiqamətində hücuma keçəcəyini nəinki gözləyirmiş, hətta Moskvanı da buna inandıra bilmişdilər. Rus hərbi kəşfiyyatı da müəyən məlumatlar toplamışdı ki, guya Azərbaycanın bütün silah növləri, hətta qırıcı təyyarələri də təmas xətti boyunca təlim uçuşları həyata keçirir və mayın ilk ongünlüyündə sözügedən hücum planı baş tuta bilər. Görünür, hər ehtimala qarşı Rusiyanın özü də bu məsələ haqqında dəqiq informasiya toplamadığından Putinin Bakıya gəlməsi xəbəri ilə hadisələri bir növ təxirə saldı. Putinin belə bir darmacalda, Qələbə bayramına hazırlaşdığı vaxtda Bakıya səfəri nəyisə həll edə bilməzdi. Bu dezinformasiya müəyyən mənada öz rolunu oynasa da, əslində, Azərbaycana Dağlıq Qarabağ üçün daha əlverişli şərait yaratdı. Qarabağ planının vaxtı son dərəcə məxfi saxlanılmaqla ani bir qərarla prezidentin əmri ilə həyata keçirləcək".
ATƏT-in Minsk Qrupunun fəaliyyətində diplomatik aktivlik müşahidə edilmədiyini deyən politoloq bu kontekstdə Medvedyevin Bakı görüşünə toxunub:
"Rusiyanın baş naziri Bakıda olanda Azərbaycanın bölgədə sülhün yaradılması ilə bağlı konseptual planı ilə tanış oldu. Aprel gərginliyi də sübut etdi ki, Azərbaycanın bu planı sırf ərazi bütövlüyümüzün təmin edilməsinə yönəlikdir. Laçın və Kəlbəcərin qaytarılmasının ikinci mərhələyə saxlanılması məsələsi Bakı tərəfindən rədd edildikdən sonra Rusiya bunu Azərbaycan tərəfinin maksimal mövqelərdə dayanması kimi qiymətləndirdi. Ermənistan isə bundan istifadə edərək mülki əhalimizi yenidən atəşə tutdu. Bütün bunlar isə Azərbaycanın irimiqyaslı təlimlər keçirməsinə təkan verdi. Təlimlər artıq başa çatmaq üzrədir, döyüş vəziyyəti isə yüksək səviyyədədir. Nə Ermənistan, nə Rusiya, nə də üçüncü bir dövlət bölgədə ədalətli sülh yaratmağa hazırdır. Bu isə bölgədə sülhün yalnız hərbi yolla mümkünlüyü fikrini gücləndirir".