FSB Güləni necə çökdürdü? Dünya

FSB Güləni necə çökdürdü?

Fətullahçı terror təşkilatı (FETÖ) Rusiyada mədəniyyət, media və biznes sahəsində fəaliyyətini davam etdirməyə çalışır

Cavid

Anadolu agentliyi xəbər verir ki, SSRİ dağıldıqdan sonra Fətullah Gülən Rusiyadakı ilk addımını müsəlmanların çoxluq təşkil etdiyi Tatarıstan və Qafqazda atdı.

Təşkilat ilk mərhələdə maliyyə məsələlərini həll etmək üçün 1990-cı illərdə qazanclı işlərdən biri olan Türkiyədən Rusiyaya çanta ticarətinə girişib. Bununla bərabər, təşkilat sonrakı mərhələlərdə inşaat sektorundan yararlanmağa başlayıb.

Rusiyada sistem qurulduqdan sonra FETÖ rusiyalı siyasətçilər və digər nüfuzlu şəxslərlə əlaqə qurmağa başlayıb. Daha sonra başqa sovet ölkələrində də təşkilatın rıçaqlarını yaratmaq üçün mədəniyyət, düşüncə, tarix və sənət mövzularını əhatə edən "Dialoq Avrasiya Platforması" yaradılıb.

Türkiyədə və Rusiyada 1998-ci ildə qurulan bu təşkilat xeyli nüfuzlu şəxsi özünə cəlb edə bilib. Eyni zamanda rusca "hə" mənasını verən "DA" (Dialoq Avrasiya) dərgisində FETÖ reklamı hazırlanıb.

FETÖ 1990-cı illərdə müsəlmanların çoxluq təşkil etdiyi Tatarıstan, Dağıstan, Başqırdıstan, Xakasiya, Qaraçay-Çərkəz, Saxa (Yakutiya) respublikalarında, Moskva, Yekaterinburq və Sankt-Peterburq kimi şəhərlərdə məktəblərini açıb.

Ancaq Rusiyada hər şey təşkilatın istədiyi kimi davam etməyib. 2000-ci illər FETÖ məktəbləri üçün heç də yaxşı illər olmadı. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) FETÖ-nun müdafiə etdiyi ideologiyanı və fəaliyyətini tezliklə nəzarətə götürdü. 2003-cü ildə Rusiyanın əksər şəhərlərində FETÖ məktəbləri milli təhlükəsizliyi təhdid etdiyi üçün bağlandı, Türkiyədən gələn FETÖ müəllimləri də ölkədən deportasiya edildi. O dövrdə prokurorluq FETÖ ideologiyasının totalitar təriqət olduğunu açıqlamışdı. Hətta Tatarıstan prokurorluğu FETÖ-nu Yehovanın Şahidləri, Məryəm Ana Mərkəzi, ABŞ və Avropada terror təşkilatı elan edilən Aum Sinrikyo kimi qeyri-ənənəvi dini cərəyanlarla müqayisə etmişdi.

Bütün araşdırmalardan sonra 2008-ci ildə Rusiya Ali Məhkəməsi FETÖ ideologiyasını ölkədə qadağan etdi. Hətta Rusiya xüsusi xidmət orqanları təşkilatın silahlı qanadı olduğunu ortaya çıxarmışdı. 2010-cu ildə Moskva yaxınlığında FETÖ-culara məxsus bir evə edilən basqın zamanı qumbaralar və partlayıcı maddələr aşkar olunmuşdu.

FETÖ məktəbləri Rusiyada bağlansa da, Gülən bu ölkədən əl çəkmək istəmirdi. Bu məqsədlə o, media, sənət, biznes sahələrində əlaqələri genişlədirmək üçün MİRNAS təşkilatını yaratdı. Paytaxt Moskvada bu günə qədər fəaliyyət göstərən bu təşkilat FETÖ-nun Rusiya elm dünyası və iş adamlarına qarşı təbliğat maşını kimi istifadə olunur. Su-24 böhranından sonra bu təşkilat Türkiyə əleyhinə təbliğat apararaq uzun müddət Prezident Rəcəb Tayyib Ərdoğanı tənqid etmişdi.

Moskvada 2011-ci ildə açılan Türk-Rus Mədəniyyət Mərkəzi FETÖ-nun əsas qollarından biridir. Sözügedən mərkəz türkcə dil kursları təşkil edir. Bu mərkəz başqa ölkələrdə olduğu kimi, "Dil və Mədəniyyət Festivalı" adı altında türkcə olimpiadaları da idarə edir.

Təşkilatın Rusiyada aktiv istifadə etdiyi sahələrdən biri də mediadır. Rusiyada türk dilində fəaliyyət göstərən Xəbərrus portalı FETÖ-nun yayım orqanı kimi tanınır.

Rus dilində çap olunan MK qəzetinin türk variantını isə Türkiyədə bağlanan Cihan agentliyindən ayrılanlar çap edir. Bu mətbu orqanlarda Türkiyənin İŞİD-i dəstəklədiyi tez-tez iddia olunur. Ayrıca, bu media orqanlarında çalışan jurnalistlər Türkiyədə AKP əleyhinə yazılan yazıları rus dilinə çevirib yerli mətbuata ötürməklə diqqət çəkir.

FETÖ-nun iş dünyasındakı qolu olan və təşkilatın əsas maliyyə dayaqlarından sayılan "Rus-Türk İş adamları Dərnəyi" (RUTİD) 2011-ci ildə Moskvada yaradılıb. Dərnəyin Moskva və Sankt-Peterburqda iki şöbəsi fəaliyyət göstərir.