Moskvanın Avropada diplomatik dueli Dünya

Moskvanın Avropada diplomatik dueli

AB üzvləri blokun Rusiyaya qarşı sanksiyaların taleyi məsələsində də parçalanmış mövqe tuturlar

Üzümüzə gələn bir neçə ay ərzində Rusiya özünə qarşı sanksiyalarla bağlı Avropa Birliyinin vəhdətini sarsıtmağa çalışacaq. Bu məqsədlə Moskvaya dostyana yanaşan Macarıstan, Yunanıstan və Slovakiya kimi ölkələrə diplomatik diqqəti yüksəldəcək. Bunu "Stratfor" araşdırmalar mərkəzi yazır. "Rusiyaya ehtiyatla yanaşan Baltik ölkələri və Polşa isə Avropa Birliyinin Rusiya sanksiyaları məsələsində vahid cəbhədə birləşməsindən ötrü səyləri artıracaq. Üzümüzə gələn bir neçə ay ərzində Rusiyanın əlində sanksiyalarla bağlı daha çox təzyiq vasitəsi olacaq, amma bu heç də sanksiyaların tamamilə qaldırılacağı anlamına gəlmir",- təhlildə vurğulanır.
Böyük Britaniya Avropa Birliyindən çıxmağa səs verəndən (Brexit) bəri blok daxilindəki fikir ayrılıqları dərinləşib. Şimali və Cənubi Avropa ölkələri maliyyə məsələləri, qənaət tədbirləriylə bağlı razılığa gələ bilmirlər. Mərkəzi və Şərqi Avropa isə milli parlamentlərinə daha çox səlahiyyət tələb edirlər. "Statfor" qeyd edir ki, AB üzvləri blokun Rusiyaya sanksiyalarının taleyi məsələsində də parçalanmış mövqe tuturlar. 2014-cü ildən qüvvədə olan bu sanksiyalar uzadılmasa, son tarix bitən kimi avtomatik qaldırılmış sayılırlar. Rusiya Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra qoyulmuş bu məhdudiyyətlərlə bağlı Birləşmiş Ştatlar hökuməti daha kəskin mövqe tutur. Moskva isə AB üzvləri arasındakı narazılıqdan öz xeyrinə faydalanmağa çalışır.
Təhlildə qeyd olunur ki, Rusiyanın güc nümayişindən əndişələnən ölkələr onunla birbaşa sərhəd Baltik ölkələri və Polşadır. Macarıstan, Slovakiya və Yunanıstan bu hərbi iştirakdan uzaqda yerləşir, Moskvayla güclü iqtisadi və enerji əlaqələri saxlayır. Sanksiyalar məsələsində daha çox söz və nüfuz sahibi olan Almaniya bu cəbhələrdən heç birinə aid deyil, AB-nin faktiki lideridir, Rusiyayla uzun və keşməkeşli tarixi var.
"Böyük Britaniyanın AB-dən çıxmağa səs verməsi blokda konsensus məsələsini şübhə altına salır. İndi Avropa Birliyinin qarşısında Rusiyanı Minsk razılaşmalarının icrasına razı salmaqdan daha ciddi işlər durur. Macarıstan və İtaliya daxil bəzi AB ölkələri bloka aid bəzi məsələlər, məsələn, miqrant kvotası və xərcləmələrlə bağlı özlərinin referendumunu keçirməyə çağırırlar. Bütün bunlar, eləcə də Britaniyanın qurumdan çıxma vaxtı bəlli olmadığından AB üzvləri hələ bir müddət post-Brexit təkamülüylə məşğul olacaqlar".
Mərkəz qeyd edir ki, bu da Rusiyadan ötrü yaxşı fürsətdir. Moskva sanksiyalarla bağlı gələn ilin əvvəlinə gözlənən səsverməylə bağlı AB-nin birliyinə sarsıtmağa çalışacaq. Artıq ilkin bəhrə göz qabağındadır. Avqustun 25-də Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Slovakiyanın baş naziri Robert Fico sanksiya rejiminin "rasional şəkildə yenidən dəyərləndirilməsi"nə, bu rejimin AB-yə vurduğu ziyanı nəzərə almağa çağırıb. Üzümüzə gələn aylarda Rusiya və Macarıstan, Yunanıstan liderlərinin də oxşar görüşləri gözlənir.
Amma təhlildə vurğulanır ki, AB-nin sanksiyaların saxlanmasını istəyən ölkələri də boş oturmayacaqlar. Qurumun digər üzvləri arasında lobbiçilik edəcəklər. Estoniyanın baş naziri Taavi Roivas avqustun 24-də Tallində Almaniya kansleri Angela Merkellə görüşündə AB-ni sanksiyaları saxlamağa çağırırdı. Litvanın xarici işlər naziri isə sanksiyaları hətta ikiqat artırmağa çağırıb.
"Amma Avropa Birliyindəki qeyri-müəyyənlik gələn ilin əvvəlində sanksiyaların, azından, yumşaldılacağına real fürsət yaradır. Yenə də son qərar həm Ukraynanın şərqində təhlükəsizlik durumundan, eləcə də Brexit danışıqlarının necə gedəcəyindən asılıdır. Bu arada Rusiyaya sanksiyalarının hər iki cəbhəsi siyasi və diplomatik kampaniyanı gücləndirəcəklər".