İslam Kərimovun davamçısı … Dünya

İslam Kərimovun davamçısı …

Şövkət Mirziyoyevin prezident seçilmək şansları daha yüksəkdir


İslam Kərimovun ölümündən sonra Özbəkistanda müvəqqəti prezident postuna baş nazir Şövkət Mirziyoyev əyləşdi. Müvəqqəti prezident ölkənin gələcək kursu haqda danışarkən Rusiya ilə münasibətlərin inkişaf etdiriləcəyini, Çinlə əməkdaşlığa açıq olacaqlarını, ABŞ-la da münasibətləri kəsməyəcəyini, həmçinin, Şimali Koreya ilə belə əlaqələr yaradacaqlarını bəyan etdi. Bu, Özbəkistanın Kərimovdan qalma balanslı-ziddiyyətli siyasətidir. Bu həm də Ş.Kərimovun xarakterindən də irəli gələn məsələ hesab oluna bilər.
Lakin Mirziyoyevin dövründə Rusiya ilə daha sıx əlaqələr qurulacağı ehtimalları yüksəkdir. Səmərqənddə Kərimovun qəbri üzərində onun Putinlə səmimi münasibəti də bunu deməyə əsas verir. Təbii ki, Ş.Mirziyoyev müvəqqəti prezidentlikdən "əbədi prezidentliyə" (Özbəkistana 27 il rəhbərlik etmiş İslam Kərimova məhz "əbədi prezident" deyilirdi. Özbək xalqının əksəriyyəti əslində liderlərinin uzun müddətli qalmasına qarşı çıxmırlar) keçə bilərsə...
Ş.Mirziyoyevin seçkidə ölkənin gələcək prezidenti olacağına dair ehtimallar güclüdür. Kərimovdan sonra konstitusiyaya uyğun olaraq ölkəyə Senatın sədri Niqmatulla Yuldaşev rəhbərlik etməli və növbəti seçkiləri müəyyənləşdirməli idi. Lakin o, Şövkət Mirziyoyevin xeyrinə geri çəkildi və bunu ölkədə sabitliyin qorunması ilə əsaslandırdı. Parlament üzvləri onun təklifini yekdilliklə dəstəklədilər.
Şövkət Mirziyoyevin əla xidmət dəftərçəsi var: rəsmi məlumata görə, Mirziyoyev Özbəkistan SSR-də Cizak ərazisində doğulub. Bir neçə il öncə media yazdı ki, əslində o, Ura-Tyubin qəsəbəsində dünyaya göz açıb. Şaiyələr təsdiqlənmədi, daha sonra aydınlaşdı ki, adıçəkilən qəsəbədə onun babası yaşayıb. Lakin onun tacik çöllərində aulların birində doğulduğu, uşaq vaxtı ailəsi ilə birlikdə Özbəkistana köçdüyü versiyası da var. Bütün hallarda onun həyatı haqda müəmmalar hər addımda ortaya çıxır.
1981-ci ildə Mirziyoyev Daşkənd İrriqasiya İnstitutunun kənd təsərrüfatının mexanikləşdirilməsi ixtisasını bitirib. O zamanlar ali məktəbdə kənd təsərrüfatı nüfuzlu ixtisas idi, xüsusilə pambıqçılığın inkişaf etdiyi Özbəkistanda. 1991-ci ildən sonra hakimiyyət ölkədə iqtisadiyyat strukturunu dəyişməyə başladı. Əsasən sənayeinin inkişafına üstünlük verildi. 2000-ci ildə İrriqasiya İnstitutunun məzunu Mirziyoyev Nazirlər Kabinetində bu kursu həyata keçirirdi. (İslam Kərimovun mümkün varislərindən hesab olunan, Mirziyoyevin rəqibi, həmçinin, baş nazir olanda onu müavini və maliyyə naziri Rüstəm Əzimov da həmin institutun məzunudur).
Mirziyoyev institutu bitirəndən sonra ali məktəbdə qaldı, partiya işini təşkil etdi və prorektor vəzifəsinə qədər yüksəldi. 1990-cı ildə Özbəkistan SSR-nin Ali Sovetinə deputat seçildi. Lakin sonra o, kəskin dönüş edərək, ali məktəbdən getdi və Daşkəndin Kuybışev (indiki Mirzo-Uluqbek) rayonunda rəhbər oldu. 1994-cü ildə o, Özbəkistan parlamentinin deputatı idi. 1996-cı ildə Cizak rayonuna "akim" (başçı) gedir. Bura kənd təsərrüfatı regionudur, əsasən pambıq və taxıl istehsal olunur. İki il sonra Mirziyoyev prezident Kərimovun doğma şəhəri olan Səmərqəndə başçılıq etməyə başladı. Ekspertlər Mirziyoyevin Səmərqənd klanına bağlı olduğunu deyirlər. Hansı ki, bu, İsam Kərimovun klanı idi. O, 2003-cü ildə baş nazir təyin olunur. Və budur, artıq prezident olması üçün önü açılıb.
2000-ci illərdə Mərkəzi Asiya ölkələrində sınaqdan çıxmış partiya sistemini qismən canlandırmağa başladılar. Özbəkistanda liberal-demokratiya partiyası təsis olundu. Bu partiyanı "işgüzar insanların partiyası", yaxud sahibkarların partiyası adlandırırdılar. Həmin vaxt liberal-demokratlar Rusiyada Vladimir Jirinoviskinin davamçısı hesab olunurdu. Qonşu Qazaxıstanda da prezidentin partiyası xalq demokratiyası adlanırdı.
Mirziyoyev liberal-demokratların siyasi şurasına daxil oldu. Mənbələr iddia edir ki, o, partiyada faktiki rəhbər idi. Liberal-demokratlar stabil olaraq parlamentdə yerlərin 1/3 hissəsinə sahib idi. İlk dəfə 2015-ci ildə onlar baş nazir vəzifəsinə Mirziyoyevin namizədliyini irəli sürdü. Əslində, bu, simvolik idi, yəni baş naziri partiya seçir görüntüsü yaradılırdı. Şövkət Mirziyoyev əsasən kənd təsərrüfatına rəhbərlik edirdi və sərtliyi ilə ad çıxarmışdı. Daha sonra o, iqtisadi strukturu dəyişməyə nail oldu və Özbəkistan sənaye ölkəsinə çevrildi, şəhər əhalisinin sayı 50 faizi üstələdi. Respublikaya genişmiqyaslı layihələrin icrası üçün dünya texnologiya liderləri gəldi.
Mirziyoyev Kərimovun postuna müvəqqəti yiyələndikdən sonra ölkədə iqtisadi inkişafı rəqəmlərlə göstərdi. Həmçinin, xarici siyasət kursunu açıqlayaraq, Mərkəz Asiya qonşuları, Rusiya, MDB ölkələri, ABŞ, Çin, Yaponiya, Koreya, Almaniya, Fransa və Böyük Britaniya ilə dostluq əlaqələri qurmaq niyyətlərini bildirdi. Onun ümumi siyasi portreti maraqlıdır: texnokrat və təsərrüfatçıdır. İnzibati nərdivanı pillə-pillə, rayona rəhbərlikdən tutmuş ölkə iqtisadiyyatını idarə etməyə qədər qalxıb. Sahibkarların partiyasında geniş əlaqələrə malikdir. Baş nazir Mirziyoyev sadə səbəbə görə uca bəyanatlar vermirdi. O, zabitəli Özbəkistan siyasətinin oyun qaydalarına riayət edirdi. Kərimovdan sonra cavabsız qalan bir sual var: Mirzoyoyev indi hansı bəyanatı səsləndirəcək?