Avrasiya İttifaqı nə vəd edir? Dünya

Avrasiya İttifaqı nə vəd edir?

Qərbin müqaviməti Putinin yeni imperiya arzusunu puça çıxara bilər

Cavid

Avrasiya İttifaqının yaradılması prosesini sürətləndirmək və 2015-ci ilə kimi bu məsələnin həllinə nail olmaq üçün Moskva yeni yollar axtarmaqdadır. Hətta bir müddət əvvəl Putinin SSRİ dövründə anadan olan vətəndaşlara harada yaşamasından asılı olmayaraq, Rusiya vətəndaşlığının verilməsi barədə məsələni gündəmə gətirməsini Avrasiya İttifaqının yaradılmasına hesablanan daha bir addım hesab etmək olar.
Dörd illik fasilədən sonra Vladimir Putinin yenidən Rusiyanı idarə etməyə başlaması istər beynəlxalq aləmdə, istərsə də MDB məkanında siyasi və hərbi gərginliyin artması ilə müşayiət olunmaqdadır. Qərbə qarşı yeni cəbhə açmaqla, hər vasitə ilə Rusiyanın simasında keçmiş SSRİ-nin qüdrətini bərpa etmək planlarını reallaşdırmağa cəhd edən Putin bu işi təkbaşına, postsovetməkanı ölkələrinin iştirakı olmadan edə bilməyəcəyini yaxşı anlayır. Ona görə də hələ Rusiyada keçirilən prezident seçkiləri ərəfəsində Putin Qərbə qarşı yeni sipər yaradacağını və bu müstəvidə də 2015-ci ilə kimi MDB-yə üzv dövlətlərin də daxil olacağı Avrasiya İttifaqı adı altında yeni qurum yaradacağını bəyan etmişdi. Bu məqsədlə də Putin bir sıra tədbirlər keçirməyi planlaşdırır. Plana əsasən, Avrasiya İttifaqı, ilk növbədə Rusiya, Belarus və Qazaxıstanın Gömrük İttifaqı əsasında yaradılmalı, sonra isə ona Baltikyanı ölkələr istisna olmaqla digər postsovet məkanı ölkələri qoşulmalıdırlar. Amma hadisələrin gedişi göstərir ki, faktiki olaraq, keçmiş SSRİ imperiyasının bərpasını nəzərdə tutan Putin üçün Avrasiya İttifaqının yaradılması heç də asan olmayacaq. Bunu Qazaxıstanın yeni ittifaqa münasibəti ilə bağlı verdiyi açıqlama da sübut edir. Belə ki, Qazaxıstan hələ bir neçə ay bundan əvvəl Gömrük İttifaqı əsasında yeni qurumun formalaşdırılmasının 2015-ci ildən daha gec tarixlərə kimi təxirə salınmasını təklif etmişdi. O vaxt Qazaxıstanın bu təklifi Rusiyanın ali dairələrində birmənalı qarşılanmadı. Rusiyanın yeni ittifaq tərəfdarı olan tanınmış politoloqları isə Putinə yaxın mətbuata verdikləri açıqlamalarda Qazaxıstanın bu təklifini kəskin tənqid edərək, Astananı az qala "müqəddəs" bir vəzifənin reallaşmasına mane olmaqda günahlandırmağa cəhd etdilər. Qazaxıstan Xarici İşlər Nazirliyi isə buna cavab olaraq, hazırkı mərhələdə hər hansı bir ittifaqın yaradılması ilə bağlı məsələdə tələsikliyə yol verilməsinin məqsədəuyğun olmadığını bəyan edərək, adıçəkilən məsələdə keçmiş ittifaq respublikalarının mövqelərinin nəzərə alınmasının vacibliyini vurğuladı.
Azərbaycanın Avrasiya İttifaqına qoşulması hansı anlama gəlir? Ölkəmizin bu ittifaqa qoşulması gələcəkdə hansı təsirləri göstərə bilər? Və bu layihədə iştirak Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı təsir göstərə bilər?
Azərbaycan cəmiyyətini ən çox narahat edən bu suallardır.
Qeyd edək ki, Dövlət Dumasının spikeri Sergey Harışkin bildirib ki, 2014-cü il Avrasiya İttifaqı üçün həlledici olacaq və qurumun yaradılması haqda müqavilə imzalandıqdan sonra beynəlxalq hüququn subyektinə çevriləcək.
Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanın Avrasiya İttifaqına üzv olması elə də ciddi nəticələrə gətirib çıxarmayacaq. Yeni yaradılacaq qurumu MDB ilə müqayisə edən siyasilər Avrasiya İttifaqının da MDB kimi ölü doğulacağını və ciddi fəaliyyət göstərə bilməyəcəyini söyləyirlər. Politoloq Fikrət Sadıqov qeyd edib ki, Avrasiya İttifaqı hələlik rusların özləri üçün də mahiyyəti bəlli olan qurum deyil. Avrasiya İttifaqının hər hansı bir proqramının və əsas konsepsiyasının olmadığını bildirən politoloq hesab edir ki, Azərbaycanın hazırda Avrasiya İttifaqına üzvlüyü reallığa əsaslanmayan bir addım olardı: "Azərbaycan üzv olacağı təqdirdə şərtlər irəli sürməlidir. Bizim ən aktual və ağrılı problemimiz Qarabağla bağlıdır. Əgər Rusiya münaqişənin həllində bizə köməklik edərsə və 7 rayonumuzun boşalmasında kömək göstərərsə, ittifaqa üzv olmaqla bağlı müəyyən müzakirələrə getmək mümkündür. Dünyada həmişə hansısa aktual məsələlər və problemlər güzəştli formatda həll edilib. Əks halda heç bir imtiyaz almadan Azərbaycanın Avrasiya İttifaqına üzv olması yolverilməzdir".
Bəs Kremlin məntiqi nədir? Moskva Ermənistana da, Azərbaycana da eyham vurur ki, Qarabağ Gömrük İttifaqı, Avrasiya Birliyi ilə dolayısı ilə bağlı olan mövzudur. Amma bu eyhamın arxasında Kreml Qarabağ da daxil olmaqla, Ermənistanı da, Azərbaycanı da, bütövlükdə bölgəni öz siyasi-hərbi orbitində saxlamaq niyyəti güdür və problemin "kardinal həllini" də məhz bu formatda təsəvvür edir.
Yəni Azərbaycan Avrasiya Birliyinə qoşulsa da, qoşulmasa da, Rusiya problemin ədalətli, beynəlxalq norma və prinsiplər əsasında həllinə səy göstərməyəcək.
Siyasi şərhçi Natiq Miri Avrasiya İttifaqının yaradılması ilə bağlı proqnozları ciddi qəbul etmədiyini bildirdi. Ekspertin fikrincə, hətta formal olaraq elan olunsa belə, Avrasiya İttifaqının ciddi quruma çevriləcəyi mümkün görünmür: "Rusiya rəsmilərinin bu yöndəki açıqlamalarını o qədər də ciddi qəbul edə bilmirəm. Çünki xatırlayırsınızsa, Rusiya prezidenti Putin növbəti dəfə prezident vəzifəsinin icrasına başlayanda 2013-cü ilin may ayında Gömrük İttifaqının və Avrasiya Birliyinin reallaşacağını, bütün postsovet respublikalarının bu qurumlara üzv olacağını proqnozlaşdırırdı. Ancaq gördüyünüz kimi, nə Gömrük İttifaqı, nə də Avrasiya İttifaqı hələ də baş tutmayıb. Ola bilsin ki, Avrasiya İttifaqı elan olunsun. Çünki formal olaraq ortada Belarus, Qazaxıstan və Rusiyanın razılığı var. Eyni zamanda digər Orta Asiya respublikalarının da bu ittifaqa qoşulması gözləniləndir. Ancaq açığı, mən Azərbaycanın bu qurumlara üzv olacağına inanmıram. Hesab edirəm ki, 2015-ci ilə qədər həm regionda və həm də qlobal səviyyədə vəziyyət dəyişəcək. O zaman ortalığa çıxacaq ki, Azərbaycanın gələcəyi bu qurumlarla bağlı deyil".
H.Miri bildirib ki, Bakı üçün daha perspektivli layihə məhz Avropaya inteqrasiyadır: "Ona görə də belə bir inkişaf perspektivi olduğu təqdirdə Azərbaycanın ölü doğulmuş bir quruma - Avrasiya İttifaqına üzv olacağını gözləmirəm. Bu, Azərbaycanın mənafeyinə uyğun qərar olmaz. İkinci tərəfdən, artıq regionda ciddi siyasi proseslər gedir, Qərblə İran arasında münasibətlər bərpa olunur və getdikcə bu proses sürətlənir".
Onun fikrincə, Avrasiya İttifaqına üzv olsa Azərbaycan bütün azadlıqlarından imtina etməli olacaq: "Çünki bu addım yenidən Rusiyanın orbitində fırlanmaq anlamına gəlir ki, burada da nüvə rolunda Moskva çıxış edəcək, siyasəti o müəyyən edəcək, enerji daşıyıcılar məhz onların nəzarəti və maraqları nəzərə alınaraq dünya bazarına çıxarılacaq. Bununla da Azərbaycanın gələcək inkişaf perspektivinin üstündən xətt çəkilə bilər. Son 20 ildə Rusiya öz forpostu Ermənistana məhrumiyyətlərdən başqa nə veribsə, Azərbaycana da onu verəcək. Rusiya ilə yenidən ittifaq nə verəcək? Məgər oradan gəlmədik? Üstəlik, Moskva qoltuğumuza da Qarabağ kimi problem vermədi? Rusiyanın bizə nəsə verəcəyini düşünənlər onda şimal qonşumuzun təməl siyasətini yenidən gözdən keçirsinlər. Rusiya bizi nə vaxtsa sevəcəkdisə, o zaman Türkiyə ilə Azərbaycan arasında süni, qondarma erməni dövlətini niyə yaradırdı? Bu gün ABŞ Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq istəyərkən biz hansı ciddi səbəblər ucbatından yenidən Rusiyanın orbitinə qayıdırıq? Burada cəlbedici olan bir dənə də ciddi faktor göstərsinlər. Göstərə bilməzlər, çünki yoxdur".
Politoloq Sergey Markedonov da Gömrük və Avrasiya İttifaqı ideyalarının yaxın gələcəkdə reallaşacağına ümid etmədiyini və Putinin layihələrinin uğurlu təsdiqini tapacağına inanmadığını bildirib.
Onu da qeyd edək ki, Moskvanın SSRİ-ni yeni formada bərpa etmək niyyətinin ən böyük fəsadlarından birinin də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olacağı heç kimə sirr deyil. Məsələ burasındadır ki, Azərbaycan SSRİ-nin yeni forması olan Avrasiya İttifaqına daxil olmaq niyyətində olmadığını dəfələrlə bəyan edib. Bu fonda isə Kreml son dövrlərdə ölkəmizə qarşı müxtəlif formalarda təzyiq rıçaqlarını işə salıb. Elə cəbhəboyu erməni hərbi birləşmələrinin son vaxtlar fəallaşmasının arxasında da Rusiyanın təzyiq niyyətlərinin dayandığı heç kimə sirr deyil.