Ohanyanın Müdafiə Naziriliyindən qovulması… Dünya

Ohanyanın Müdafiə Naziriliyindən qovulması…

Ermənistan prezidenti Serj Sarkisyanın sərəncamı ilə ölkənin müdafiə naziri Seyran Ohanyan vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə Prezident Aparatının rəhbəri Vigen Sarqisyan gətirilib.

Ohanyanın Müdafiə Naziriliyindən qovulması sensasion hadisə deyil. Aprel döyüşlərindəki ağır məğlubiyyətdən sonra onun tezlikdə istefaya göndəriləcəyi gözlənilirdi. Hətta bu, Ermənistanın siyasi gündəminin ən aktual mövzusuna çevrilmişdi.

Aprel döyüşləri təkcə Ohanyanın tax-tacını deyil, Ermənistan hakimiyyətinin bünövrəsini sarsıtmışdı. İşğal etdikləri torpaqların müəyyən hissəsinin Azərbaycan ordusu tərəfindən azad edilməsi, ordudakı saysız-hesabsız itkilər xalq arasında Sarkisyanın nüfuzunu heçə endirmişdi. Bu baxımdan gözdən pərdə asmaq üçün Serjin kadr islahatlarına başlamaqdan başqa yolu qalmamışdı.

Sarkisyan anlayırdı ki, səfalət içində yaşayan ermənilər onun yarıtmaz siyasətinin, korrupsioner məmurlarının əlindən boğaza yığılıb, ölkə xaos təhlükəsi ilə üz-üzədir, hər an xalq üsyanı baş verə bilər. Belə məqamda vəziyyətdən çıxmaq üçün ən optimal variant xalqın ağzını yummaqdır. Şübhəsiz ki, Sarkisyan hakimiyyətdə qalmaq üçün ona sadiq nazirləri belə qurban verməyə hazır idi və bunu etdi də.

Ohanyanın Sarqisyanla əvəzlənməsi Ermənistanda ciddi kadr çatışmazlığı faktını üzə çıxardı. Öncə Vigen Sarqisyanın kimliyi ilə bağlı bəzi məqamlara diqqət yetirək. 41 yaşlı Harvard məzunu bundan öncə müxtəlif vəzifələrdə çalışıb:

Ermənistanın yeni müdafiə nazirinin hərbi sahə ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. O, təhsilinə uyğun olaraq ən yaxşı halda hansısa ölkədə səfir, yaxud XİN-də şöbə müdiri işləyə bilər. Vige peşəkar hərbçi deyil. O, ordunun döyüş qabliyyətini yüksəldə, nizam-intizamı bərpa edə, gənclərə vətənpərvərlik ruhunu aşılaya bilməz. Vigenin müdafiə naziri olması hansısa mühəndisin, bənnanın, çilingərin baş həkim, cərrahiyə şöbəsinin müdiri işləməsinə bənzəyir.

Yeni müdafiə naziri ordunu bir yolla idarə edə bilər: Ohanyanın yüksək çinli kadrlarını vəzifədə saxlayıb, onların təcrübələrindən yararlanmaqla. O, nazirlikdə kadr islahatları aparıb kimləri müavin, şöbə müdirləri gətirə bilər ki?! Ən yaxşı halda keçmiş iş yoldaşlarından kimisə. Onlar da dəxlisiz adamlardır.

Sual oluna bilər ki, Sarkisyan bunu bildiyi halda niyə Ohanyanı başqası ilə yox, Vigenlə əvəzlədi?

Birinci, Serj Harvard məzununu nazir təyin etməklə savadlı və gənc kadrların vəzifəyə gətirildiyinin görüntüsünü yaradır. O, bununla komandasında sırf Rusiya meyilli məmurların olmadığını göstərmək istəyir. Əslində Sarkisyan dəxlisiz adamlara yüksək vəzifə verməklə onları təsir altında saxlamağa çalışır. Onsuz da Vigen və onun kimi məmurların uğur qazanmaq şansız sıfıra bərabərdir. Helə halda bu məmurlar xalq arasında yüksək nüfuz qazana və prezidentlik iddiasına düşə bilməzlər. Hiyləgər Serj hakimiyyəti tək əlində saxlamaq üçün ordunu oda atmağı gözə aldı.


İkinci səbəb ondan ibarətdir ki, Ermənistanda ciddi kadr çatışmazlığı var. Bunu dövlət rəsmiləri özləri də etiraf edir. Çətin həyat şəraiti, işsizlik gəncləri ölkəni tərk etməyə məcbur edir. Savadlı gənclər perspektivi olmayan İrəvan universitetlərində təhsil almaqdan imtina edirlər. Onlar müxtəlif yollarla Avropaya, Qərb ölkələrinə üz tutur, təhsili başa vurduqdan sonra isə Ermənistana qayıtmırlar. Bu səbəbdən Ermənistanda hazırlıqlı kadr tapmaq çətin və müşkül məsələdir. Diplomat Vigenin müdafiə naziri gətirilməsi də məhz kadr çatışmazlığının nəticəsidir.