İrəvanın İsgəndər-M hədəsi: BMT cavab verəcəkmi? Dünya

İrəvanın İsgəndər-M hədəsi: BMT cavab verəcəkmi?

Ermənistan məhz havadarlarına arxayın olaraq belə bəyanatlar verir.
Bu sözləri Ermənistanın Rusiyadan aldığı raketlərin İsgəndər-M olduğunu təsdiqləməsini şərh edən politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, Ermənistan sözügedən bəyanatla, əslində, Rusiya ilə milyardlıq silah müqavilələrinin üstünü açmış oldu:
"Azərbaycanla Ermənistan arasında rəsmi müharibə elan edilməyib. Bunun üçün də ermənilərin verdiyi bəyanat onların müdafiə nazirliyinin bəyanatından o tərəfə keçmir. Ancaq ATƏT-in Minsk Qrupu və BMT avtomatik olaraq İrəvanın bu hərəkətinə reaksiya verməlidir. Çünki Ermənistan təkcə Azərbaycanı deyil, bütün regionu təhdid edib. Bu gün Ermənistan İsgəndər-M raketlərini almasını təsdiqləməklə bərabər, regionda balansın pozulmasını və Rusiya ilə milyardlıq silah müqavilələrinin üstünü açmış oldu. Budəfəki bəyanat Ermənistanın əvvəlki bəyanatları ilə heç uyğun gəlmir. Hesab edirəm ki, Ermənistan məhz havadarlarına arxayın olaraq bu cür addım atıb".
Politoloq İraq və Suriyada baş verən hadisələrin fonunda belə bəyanatların tez-tez səsləndirilməsinə də işıq salıb:
"Yəni nəinki Azərbaycanı, üstəlik, Türkiyəni də təhdid etməklə məşğuldurlar. Düşünürəm ki, sözügedən bəyanat birbaşa Rusiya ilə də razılaşdırılıb. Ona görə də dərhal dünya ictimaiyyəti və bütün cavabdeh qurumlar bu məsələyə diqqət yetirməli və öz mövqelərini ortaya qoymalıdırlar".
Politoloq bildirib ki, Azərbaycan ermənilərin bu cür saxta bəyanatlarına öyrəşib:
"Ermənistan təhdid hərəkətləri onu deməyə əsas verir ki, İrəvan nəyin bahasına olursa-olsun, Dağlıq Qarabağ məsələnin həllini uzatmaq, sülh yolu razılıqdan yayınmağa çalışır. Ona görə də Azərbaycan hər hansı "İsgəndər"lərin hücumuna qarşı öz hazırlığını bəyan edib".
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Rusiyadan alınan raket kompleksinin İsgəndər-M olduğunu ötən gün rəsmən təsdiqləyib. Ermənistan Müdafiə Nazirliyinin Artilleriya və Raket Qoşunları bölməsinin qərargah rəisi polkovnik Artavazd Yağmuryan ölkəmizi təhdid edərək hökumətləri rəsmi icazə verəcəyi halda İsgəndər-M vasitəsilə Azərbaycana zərbə endirilə biləcəyini deyib.
Nüvə başlığı daşımaq gücündə olan bu yarımballistik raket 500 km məsafədəki hədəfi 100 faiz dəqiqliklə vurmaq qabiliyyətinə malikdir. Rusiyada İsgəndər-M-in satışı ilə bağlı qadağa olsa da, Ermənistana verildiyi ötən gün rəsmən açıqlandı.