Seçkilər yaxınlaşdıqca gərginlik daha artır Dünya

Seçkilər yaxınlaşdıqca gərginlik daha artır

ABŞ seçkilərinin son günlərində əsas gündəm namizədlərin şəxsi keyfiyyətləridir

Noyabrın 8-də amerikalılar yeni prezident seçəcək. İqtisadiyyat və xarici siyasət kimi məsələlər mühüm olsa da, rəy sorğularının nəticələri göstərir ki, seçicilər qərarlarını iki əsas namizəd, demokrat Hillari Klinton və respublikaçı Donald Trampın şəxsi keyfiyyətlərinə görə verəcəklər. Seçki kampaniyasının son günlərində Ağ Ev uğrunda rəqabət aparan Hillari Klinton və Donald Tramp əsas diqqəti bir-birinin nöqsanlarına yetirir. Klintonun dövlət katibi olduğu dövrdə şəxsi email adresindən istifadə etməsi ilə bağlı Federal Təhqiqatlar Bürosunun (ingilis dilində Federal Bureau of Investigation-FBI) başladığı yeni təhqiqat onun etibarsız olduğu məsələsini yenidən önə çıxarıb. Tramp isə dərhal bu vəziyyətdən sui-istifadə etməyə çalışır: "Bu, Vatergatedən bəri ən böyük siyasi qalmaqaldır və hər kəs ümid edir ki, sonda ədalət öz yerini tapacaq,"- deyə o bildirib.
Seçki kampaniyasının son günlərində Klinton özünü müdafiə etməyə çalışsa da, eyni zamanda o, Trampın xasiyyətindəki qüsurları insanların diqqətinə çatdırmağa çalışır. "Donald Tramp insanlarda qorxu hissi yaradır, demokratiyamıza ləkə salır və hər dəfə bir qrup amerikalını təhqir edir,"- Klinton deyib. Adətən prezidentlik uğrunda seçki kampaniyalarında diqqət əsasən iqtisadiyyat, xarici siyasət və mühacirət kimi məsələlərə yönəlir. Amma ekspert Met Dalek deyir ki, bu il tamamilə fərqlidir. "Bu seçki əsasən xarakter və şəxsiyyət üzərində qurulub. Məncə, bu xarakter məsələsi diqqət mərkəzində qalmağa davam edəcək və qeyri-adi bir şəkildə siyasi məsələlər, adətən olduğu kimi, o qədər də vacib olmayacaq."
Rəy sorğularının nəticələri göstərir ki, bir çox seçici Klintonun etibarlı olub-olmadığını sual edir. Ancaq daha da çox insan Trampın prezident olmaq üçün lazımı keyfiyyətlərə malik olmamasından qorxur. Vest Virciniya Universitetinin təhlilçisi Patrik Hikinin dediyinə görə, hər iki namizədin qüsurları kampaniya boyu diqqət mərkəzində olub. "Fikrimcə, bu çox qeyri-adi prezident seçkisidir, çünki hər iki namizəd Amerika xalqının əksəriyyəti tərəfindən sevilmir. Adətən bu namizədlərdən biri ilə baş verə bilər, hər ikisi ilə deyil." Şəxsiyyətlə bağlı suallar bütün kampaniya boyu əsas məsələ olub. Tramp ikinci debat zamanı Klintonu email işinə görə tənqid edib. "Əgər qalib gəlsəm, mən baş prokurordan bu vəziyyəti araşdırmaq üçün xüsusi ittihamçı təyin etməsini tələb edəcəm,"- deyə Tramp bildirib.
Üçüncü debatda isə Klinton Trampa qarşı qadınlarla bağlı mübahisəli şərhlərinə görə hücuma keçib. "Donald düşünür ki, qadınları alçaltmaq onu yüksəldir. O, qadınların ləyaqət və mənliyini təhqir edir və məncə, hər bir qadın bu hissin nə olduğunu yaxşı bilir,"- deyə Klinton bildirib. Təhlilçi Patrik Hiki deyir ki, şəxsiyyətə qarşı bütün bu hücumlardan sonra, seçkinin nəticələri namizədlərdən hansının tərəfdarlarının daha fəal olmasından asılı olacaq.
"Bu, müəyyən mənada anti-seçkidir və fikrimcə, bu o deməkdir ki, seçki günü mühüm olan seçici fəallığı olacaq, yəni nəticələri hansı tərəfin tərəfdarlarının seçki məntəqələrinə getməsi müəyyən edəcək." ABŞ tarixində ən uzun və ziddiyyətli seçki kampaniyası növbəti çərşənbə axşamı başa çatacaq. Seçicilərin çoxu bu günü səbirsizliklə gözləyir.