Yaxın Şərqdə rəqib qüvvələr Trampın prioritetlərini müəyyən etməyə çalışır Dünya

Yaxın Şərqdə rəqib qüvvələr Trampın prioritetlərini müəyyən etməyə çalışır

Rusiya və Suriya hökumət qüvvələrinin Hələbdə hava hücumlarını davam etdirdiyi vaxt Suriya üsyançıları arasında prezident seçilmiş Donald Trampın yanvar ayında hakimiyyətə gəlməsindən sonra Birləşmiş Ştatların dəstəyini itirə biləcəyi ilə bağlı narahatlıqlar artmaqdadır. Yaxın Şərqdə rəqib qüvvələr Trampın prezidentliyinin Suriya, İraq, Yəmən və Liviyada münaqişələrin getdiyi region üçün yarada biləcəyi nəticələri təhlil edir.
Rusiya və Suriyanın hərbi təyyarələri Hələbin bombardmanlarını davam etdirir. Rəsmi Moskva hərbi təyyarələrin Aralıq dənizindən hücumlar keçirdiyi vaxt bu həftənin əvvəli üsyançılara qarşı genişmiqyaslı əməliyyatlara başlanıldığını elan edib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu: "Rusiya hərbi dəniz qüvvələrinin tarixində ilk dəfə olaraq döyüş əməliyyatlarına təyyarədaşıyan gəmi cəlb edilib."
Birləşmiş Ştatlar Rusiyanı və ölkənin Suriya hökumətindəki müttəfiqlərini mülki əhali arasında tələfatlarda ittiham edir. Lakin prezident seçilmiş Donald Trampın seçki kampaniyasından sonra tonunun yumşaldığı müşahidə edilir. Çatham House araşdırma mərkəzinin nümayəndəsi Ceyn Kinninmont: "Tramp Rusiya və Vladimir Putin və Rusiyanın Suriyada İŞİD-ə qarşı rolu haqda nisbətən müsbət fikir yürüdüb."
Bu isə regionda Tramp administrasiyasının sünni üsyançı döyüşçülərə dəstəyini geri çəkə bilməsi və bunun da Suriya hökuməti və onun İranda şiə tərəfdarlarının üstünlüyünə yol aça bilməsilə bağlı narahatlıqlara səbəb olub. Tramp eyni zamanda seçki dövrü olduqca pis razılıq adlandırdığı nüvə fəaliyyətinin məhdudlaşdırılması müqabilində sanksiyaların aradan qaldırılmasını nəzərdə tutan nüvə razılığını ləğv edə bilər. Bu mövqe regionda bəzi sünni liderlər tərəfindən dəstək alıb.
Çatham House araşdırma mərkəzinin nümayəndəsi Ceyn Con Kinninmont: "Körfəz ölkələrində Obamanı xüsusilə İran razılaşmasına görə sevmirlər. Onlar onun İranla bağlı yumşaq mövqe tutduğunu və sadəlövh olduğunu hesab edir. Donald Trampın istifadə etdiyi hərbi dil yaxşı qəbul edilib. Amma bunun əməldə nə demək olduğu aydın deyil."
Fransa prezidenti Fransua Olland Trampa İranla nüvə razılığına əməl etməməsinə qarşı xəbərdarlıq edib. "Bu razılıq bizə qarantiyalar verir. Razılığın olmamasının ciddi nəticələri ola bilər."
Hələlik Tramp yeni kabinetinə nazirlər seçdiyi vaxt onun gələcək xarici siyasi kursuna dair kifayət qədər işarə yoxdur. Lakin təhlilçilərin çoxu onun kursunun Barak Obamanın xəttindən fərqlənəcəyini deyir. Çatham House araşdırma mərkəzinin nümayəndəsi Ceyn Kinninmont: "Tramp illərdir hökumətin güclü modelinə hörmət bəslədiyi haqda təsəvvür yaradıb. Bu, həm Çinə, həm Rusiyaya, eləcə də terrorizmə qarşı mübarizədə Yaxın Şərqdə diktatorlara münasibətdə görünür." Yəməndən Liviya və Yaxın Şərqə qədər uzanan münaqişələr ABŞ-ın xarici siyasətinin yeni kursunu götürən Donald Tramp üçün ilk test olacaq.