Rusiya Ukraynadan əl çəkmir Dünya

Rusiya Ukraynadan əl çəkmir

Kremldən dəstəklənən separatçılar Luqanskda vilayət administrasiyasını ələ keçiriblər

Ukraynanın şərqində vəziyyət ağır olaraq qalır. Birbaşa Kremldən hər cür dəstək alan rus separatçılar mərkəzi hakimiyyəti tabe olmaqdan imtina edərək, hər gün qarşıdurmanı daha da dərinləşdirirlər.
Ötən gün Luqanskda vilayət administrasiyasının binası Rusiyayönümlü separatçılar tərəfindən ələ keçirilib. Separatçılar armatur və dəyənəklərlə silahlanaraq binaya hücum ediblər. Onlar administrasiya binasının qapı və pəncərələrini sındıraraq içəri giriblər, binadan Ukrayna bayrağını çıxarıblar.
Qeyd edək ki, daha əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin Luqanskdakı yerli idarəsinin binası ələ keçirilmişdi. Separatçılar Ukrayna hakimiyyətindən həbs olunanların azadlığa buraxılmasını, referendum keçirilməsini, rus dilinə dövlət dili statusu verilməsini tələb etmişdilər. Separatçılar bu dəfə adiminstrasiya binasına hücumu həmin tələblər yerinə yetirilmədiyi üçün həyata keçirdiklərini bəyan ediblər. Ukrayna rəhbərliyi isə Rusiyanın ölkəyə qoşun yeridəcəyindən ehtiyatlandığı üçün separatçılara qarşı güc işlətməyib.
"Ukrinform" agentliyinin məlumatına görə, Luqansk vilayətinin Staniçno-Luqansk rayonunda da naməlum şəxslər yerli icra hakimiyyətin binasını ələ keçiriblər. 300-ə yaxın separatçı əhval-ruhiyyəli şəxs hücum edərək binanı tutub və onun üzərində Rusiyanın bayrağını qaldırıblar.
Donetskdə də gərginlik davam edir. Xatırladaq ki, federallaşma və "avromaydan" tərəfdarları arasında toqquşma baş verib və ən azı 15 nəfər xəsarət alıb.
Qeyd edək ki, ATƏT-in baş katibi Lamberto Zanyer hazırda Ukraynada səfərdədir. O, Donetsk vilayətinin Slavyansk şəhərində terrorçu qrup tərəfindən saxlanılan ATƏT nümayəndələrinin girovluqdan azad olunmasına çalışır.
Ukrayna xarici işlər nazirinin müavini Danilo Lubkivski ötən gün keçirdiyi brifinqdə deyib ki, terrorçular tərəfindən ələ keçirilən ATƏT-in hərbi missiyasının nümayəndələrini azad etmək üçün Ukraynanın dəqiq planı var: "Girovların sərbəst buraxılması üçün biz dəqiq plan hazırlamışıq".
Diplomat qeyd edib ki, plan ATƏT-in Kiyevdəki nümayəndələri ilə əlaqəli şəkildə hazırlanıb. Lakin D. Lubkivski planın nədən ibarət olduğunu açıqlamaqdan imtina edib və yalnız onu əlavə edib ki, bura bu bir sıra zəruri tədbirlər daxildir: "Biz ümid edirik ki, girovlar mümkün qədər tez azad olunacaq".