“Yaxın Şərqdə hər kolun altından İran çıxır” Dünya

“Yaxın Şərqdə hər kolun altından İran çıxır”

"Milliyet" qəzetində ekspert Nihad Əli Özcan yazır ki, İran rəhbərliyi "Ərəb baharı"nın ilk günlərində gözə çarpacaq dərəcədə təşvişə düşmüşdü. Lakin İran tezliklə hadisələri öz xeyrinə çevirməyə nail oldu. Xüsusən də dövlət strukturlarının çökdüyü və vətəndaş müharibəsinin baş verdiyi ölkələrdə. Bu gün İranın izlərinə praktik olaraq hər yerdə rast gəlmək mümkündür. İran ilk plana qeyri-dövlət strukturlarının çıxdığı və vətəndaş müharbəsinin bürüdüyü ölkələrdə öz nüfuzunu şiə icmalarının vasitəsilə hiss etməyə məcbur edir. Heç şübhəsiz, İranın məxfi əməliyyyatlar potensialı ilə yanaşı kürəsəl tarazlığın dəyişilməsi və bununla bağlı qeyri-müəyyənlik də bu hadisələrdə az rol oynamır.
Son zamanlar şahidi olduğumuz bəzi bəyanat və hadisələr işarə edir ki, İranın baxış nöqtəsinə görə, mənzərə dəyişilə bilər. ABŞ-ın yeni prezidentinin bəyanatı, vitse-prezident Pensin təhlükəsizlik üzrə Münhen konfransındakı çıxışı göstərir ki, bundan sonra İrana dəxli olan hər şey yenidən nəzərdən keçiriləcək. Tramp hər əlverişli məqamda qeyd edir ki, Obama dövründə uğur kimi qələmə verilən nüvə sazişindən, yuşmaq şəkildə desək, vəcdə gəlmir. Tramp gizlətmir ki, bunun nəticələrinə şübhə ilə yanaşır. Trampın İranın keçirdiyi ortamənzilli raketlərin sınağına cavab reaksiyasından aydınlaşdığı kimi, onun etiraz və ittihamları işarə edir ki, hadisələr başqa məcraya yönələcək. Bu cür mənzilli raketlərin nüvə silahının ayrılmaz "tərkib hissəsi" olduğu nəzərə alınsa, aydınlaşır ki, Trampın əlinə mühüm kozır keçib.
Nüvə silahı İranı hədəfə döndərən yeganə amil deyil. Görünür, hərc-mərclikdən keçən Yaxın Şərqdə İranın fəal olmadığı bir ölkə və gizlicə müdaxilə etmədiyi elə bir hadisə yoxdur. Və həqiqətən də, siyahı olduqca uzundur. Biz Fars körfəzindən tutmuş Yəməndəki vətəndaş müharibəsinə qədər, Əfqanıstandan İraqa qədər, Suriyadan Livana qədər geniş bir bölgə və hadisələrdən danışırıq. Siyahının əvvəlində İranın Fars körfəzi ölkələrindəki fəaliyyətidir. Hər şeydən əvvəl bu ölkələrin şiə vətəndaşlarını İranla bağlayan özəl münasibətlər daxili təhlükəsizlik və sabitlik baxımından çətin nəzarət edilən problemlər doğurur. Xidməti siyahı, İranın bu yöndəki potensial və vərdişləri nəzərə alınsa, aydın olur ki, bu ideyalara etinasız yanaşmaq olmaz.
Digər tərəfdən,vətəndaş müharibəsinin sürdüyü Yəmən də Səudiyyə Ərəbistanını narahat edən önəmli İran amilidir. İraqdakı mənzərə isə göründüyündən daha qəlizdir. İran bu cəbhədə eyni zamanda bir neçə oyunçunun vasitəsilə bu ölkəni faktiki olaraq özünün arxa həyətinə çevirib. İŞİD-lə mübarizəyə yardım edən "psixoloji üstünlük", səfərbərlik, təşkilatçılıq və şiə yaraqlıların silahlanması potensialı göz qabağındadır. İran şərait hazırlayır ki, uzunmüddətli perspektivdə özünü "İŞİD-i yenən, Mosulu azad edən" hökumətin ən güclü müttəfiqi qismində qələmə versin. Lakin məsələ bununla da bitmir. İran Şimali İraqın kürd rayonunda siyasi, iqtisadi və hərbi məsələlərdə olduqca mötəbər və fəal "yerli dostlar" qazanıb. İran Livandakı nüfuzu və Suriyada artan iştirakı üzündən bu cəbhədə də fəal və həmişəkindən daha çox gözədəyəndir. Bu mənzərə nüvə sazişindən məyus olmuş və 2006-cı il görə (2006-cı il II İsrail-Livan müharibəsi nəzərdə tutulur-tərc.) "Hizbullah"dan elə ilk fürsətdəcə qisas almağa hazırlaşan İsrailə yaxşı "motiv" təqdim edir. Görünür, Trampın bəyanatı, həmçinin kürəsəl gözlənilməzlik səviyyəsinin artımı İranı yeni dövrdə "gündəmdəki prioritet ölkəyə" çevirir. Yeni bölgəsəl və kürəsəl tarazlıq axtarışları, həmçinin İranın sərgilədiyi reaksiya bölgəmizi diqqətlə izləmək zərurəti doğurur.