Qərb İranı yola gətirməyə çalışır Dünya

Qərb İranı yola gətirməyə çalışır

Tehran isə nüvə silahından əl çəkmək fikrində olmadığını deyir

Cavid

İranla Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransadan ibarət olan "altılıq" ölkələri arasında nüvə danışıqlarının növbəti raundu mayın 13-16-da Avstriyanın paytaxtı Vyanada müzakirəyə çıxarılıb. Qərb hələ də nə vaxtsa İranın bu məsələdə yumşaq mövqe sərgiləcəyinə ümidlidir. Lakin rəsmi Tehran nüvə məsələsində "nala-mıxa" vurmaqdadır.
İSNA-nın məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun rəhbərliyi altında BMT-nin Vyanadakı qərargahında saat 13:00-da öz işinə başlayan danışıqlar cəmi yarım saat çəkib.
Xəbərdə "altılıq" ölkələrinin təmsilçilərinin yekun nüvə razılaşmasının mətninin yazılması mərhələsinə daxil olmamışdan əvvəl lazımi məsləhətləşmələr aparmaq üçün qaldıqları otelə geri döndükləri bildirilir.
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sözçüsü Maykl Mann isə müzakirələrin faydalı keçdiyini bildirib: "Hazırda danışıqlar nümayəndə heyətləri arasında məsləhətləşmələrlə davam etdirilir. Müzakirələr bu gün günortadan sonra yenidən öz işinə başlayacaq".
Qeyd edək ki, mayın 16-dək davam edəcək danışıqlar müavinlər səviyyəsində və ikitərəfli görüşlərlə davam etdiriləcək. Sonda isə M..Zəriflə K.Eşton arasında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, srağagün axşam saatlarında İran xarici işlər naziri ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi arasında görüş keçirilib.
İranın Avstriyadakı səfirliyində verilən işgüzar şam yeməyində bir araya gələn Məhəmməd Cavad Zərif və Ketrin Eşton növbəti nüvə müzakirələrinin gündəliyi və yekun razılaşmanın mətninin yazılması ilə bağlı fikir mübadiləsi aparıblar.
M.C.Zərif görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, bu gün BMT-nin Vyanadakı qərargahında yekun nüvə razılaşmasının mətninin yazılması məqsədilə İranla "altılıq" ölkələri arasında növbəti nüvə müzakirələri başlayacaq: "Danışıqların bu mərhələsi çox çətin olacaq. Çünki hər iki tərəf artıq yekun nüvə razılaşmasının mətnini yazmağa başlayacaq. İranla "altılıq" ölkələri arasında rəsmi, texniki və mütəxəssislər səviyyəsində görüşlərin, əvvəlki müzakirələrin faydalı olması sevindirici haldır. Hər iki tərəf də fikirlərini açıqlayıb, amma hələlik əsas mərhələyə daxil olmamışdıq".
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə yardımçısı Süzan Rays Vaşinqtonda, İsrailin müstəqillik günü ilə bağlı toplantıda çıxış edərək Qərblə İran arasında nüvə müzakirələrindən danışıb. Süzan Rays deyib ki, İran apardığı nüvə fəaliyyətinin dinc xarakter daşıdığını sübuta yetirməlidir: "Əgər İran məsələnin mahiyyəti ilə əlaqədar bizi qane edə bilməsə, yekun nüvə razılaşması da olmayacaq. Biz yalnız o vaxt razı qalacağıq ki, İran danışmaq yerinə əməli addımlar atsın və dediklərinin düzgün olduğuna bizi əmin etsin. Hamımız problemin diplomatik yollarla həll olunmasına töhfə verməliyik. Hamımız bunun üçün məsuliyyət daşıyırıq. Lakin bunu da bilmək lazımdır ki, ABŞ yalnız söz eşitməklə razı qalmayacaq".
Beynəlxalq ictimaiyyət İranın uranı zənginləşdirmək niyyətindən əl çəkməsini istəyir. Bu prosesin nüvə bombası hazırlamaq üçün həyata keçirilməsi barədə narahatlıqlar var. İran iddia edir ki, uran zənginləşdirilməsi yalnız sülh məqsədləri üçündür və sanksiyaların qaldırılması üçün razılaşmanın əldə edilməsinə ümidlidir. İran və danışıqlarda iştirak edən altı ölkə (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) may ayına qədər yeni razılaşmanın şərtlərini hazırlamağa başlamaq istəyirlər. Amma ekspertlərin fikrincə, buna hələ çox qalıb. İrəliləyişlər barədə ümidlər var - Avropa İttifaqının xarici işlər üzrə başçısı, danışıqlara rəhbərlik edən Baronessa Ketrin Eşton ötən ay başa çatan mərhələni "substantiv və faydalı" adlandırmışdı. İranın XİN başçısı Məhəmməd Zərif həmçinin danışıqları müsbət qiymətləndirib: "İran xalqının hüquqlarına hörmət edən sövdələşmənin mümkün olduğunu göstərən əlamətlər var".
Müvəqqəti razılaşmaya görə, İran nüvə fəaliyyətini qismən altı aylıq dayandırıb, əvəzində isə bəzi sanksiyalar qaldırılıb. Beynəlxalq sanskiyasların yüngülləşməsinə səbəb olacaq bir addım kimi İran uran zənginləşdirilməsini dayandırmağa başlayıb. Məlumata görə, Nantazdakı nüvə mərkəzində uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqaların işi hələlik dayandırılıb. Bu addım ötən ilin noyabr ayında ABŞ, Rusiya, Çin və Avropa Birliyi ilə əldə edilən sazişin nəticəsidir. Bundan sonra BMT-nin nüvə üzrə nəzarətçi qurumu olan İAEA Tehranın öz öhdəliklərini yerinə yetirməsini təsdiq etməlidir. Bu, Aİ və ABŞ-ın sanksiyalarının müvəqqəti olaraq dayandırılmasına gətirib çıxarmalıdır. Beləliklə İran dəyəri bir neçə milyard dollar olan neft-kimya ixracını və qızıl ticarətini yenidən başlaya bilər.
İranın Atom Enerji Təşkilatının rəhbəri Əli Əkbər Salehi də deyib ki, "İrana qarşı sanksiyalar aysberqi əriyir".
Gözlənilir ki, İAEA öhdəliklərin yerinə yetirilməsini bazar ertəsinin sonuna qədər təsdiq edəcək və bu qərar Brüsselə çatdırılacaq, BBC-nin Avropa müxbiri Matthew Price deyir. Bundan sonra sanksiyaların qismən qaldırılmasına dair qərarın qəbulu gözlənilir, qərardan bir və ya iki saat sonra sanskiyalar qaldırıla bilər.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif "ölkə üçün, eyni zamanda regional və qlobal sülh və təhlükəsizlik üçün müsbət nəticələr" gözlədiklərini bildirib. Yeni sazişin şərtlərinə görə, İran uranı 5 faizdən çox zənginləşdirməməyə, 20 faizə yaxın zənginləşdirilən uran ehtiyatını "neytrallaşdırmağa" razılaşıb. Əvəzində dünya gücləri İranın qızıl, qiymətli metallar və avtomobil sektoruna və neft-kimya ixracına qoyulan bəzi sanskiyaları dayandırmağa razılaşıb.
Bir müddət öncə isə Aİ-nin təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib ki, diplomatik nümayəndələrin növbəti görüşündə dünya gücləri ilə İran arasında danışıqlar intensiv mərhələyə keçəcək: "Danışıqlar indi yeni mərhələyə keçir, biz əsas sahələr üzrə bütün boşluqları doldurmaq və hərtərəfli yekun razılığın əldə olunması üçün konkret elementlər üzərində çalışacağıq".
Qərb ölkələri beynəlxalq sanksiyalar götürüldükdən sonra İranın silahı istehsal etməsindən də ehtiyat edirlər. Məhəmməd Cavad Zərif isə bir daha təkrarlayıb ki, İran və Qərb əsasən razılaşıblar və güman ki, iyul ayınadək tam razılıq əldə olunar. İranın ali lideri Ayətullah Xamneyi də nüvə danışıqlarına razı olduğunu bildirib. Amma xəbərdarlıq edib ki, heç kəs Tehrana hədə-qorxu gələ bilməz və İran nüvə tədqiqatlarını dayandırmayacaq: "Bizim vasitəçilərimiz qarşı tərəfdən məcburiyyət xarakterli sözlər eşitməməlidirlər. Ölkənin nüvə nailiyyətləri dayandırılmamalıdır, heç kəsin bu barədə bazarlıq etmək haqqı yoxdur. Amerikalılar çox yaxşı bilirlər ki, bizim nüvə silahı istehsal etmək niyyətimiz yoxdur. Lakin onlar vaxtaşırı İran əleyhinə şübhələr yaradırlar. Məhz bu səbəbdən mən danışıqların aparılmasına, dünyanın həqiqəti bilməsinə razı oldum".
İran prezidenti Həsən Ruhani də qeyd edib ki, İran "altılıq" ölkələri ilə növbəti nüvə danışıqlarında şəffaflıq nümayiş etdirməyə hazırdır: "Əvvəllər də dəfələrlə bəyan etmişik, bundan sonra da deyəcəyik: biz qeyri-qanuni fəaliyyət göstərmirik və nüvə silahı hazırlamırıq. Bizim xalqımız kütləvi qırğın silahlarının əleyhinədir. Danışıqlar masasında Qərbin qarşısına şəffaflıqdan başqa bir şey qoya bilməyəcəyik. Bizim nüvə texnologiyamız və biliklərimiz, eləcə də tərəqqiyə aparan yolumuz müzakirə mövzusu deyil".
İran prezidenti həmçinin bildirib ki, heç bir təhqir, sanksiya və ya hədə-qorxu İran xalqına qarşı işə yaramayıb və gələcəkdə də işə yaramayacaq: "Gələcəkdə deməyin ki, biz İranın nüvə silahı hazırlamasının qarşısını aldıq. Bu cür yalanlara yer yoxdur. İran heç vaxt kütləvi qırğın silahları hazırlamayıb və bunu qanuni hesab etməyib".
Politoloq Mütəllim Rəhimli İranla "altılıq" ölkələri arasında aparılan danışıqlara fərqli müstəvidən yanaşır. M.Rəhimli deyib ki, ABŞ-ın və Qərbin İrana qarşı məqsədlərində dəyişiklik baş verib: "Müşahidə etdiklərimiz taktiki addımlardır. Bu taktika isə məsələnin mahiyyətini dəyişmir. Qərbin siyasəti həmişə özünün maraqlarının qorunmasına yönəlib. Bu zaman istəklərini dünyəvi dəyərlərlə maskalamağı çox gözəl bacarır".
Politoloqun sözlərinə görə, indiki halda, Qərbə İranla münasibətləri daha da gərginləşdirmək lazım deyil. Ona görə də loyal münasibət sərgiləyir: "Həm də indiyədək aparılan blokada və təcridetmə siyasəti İranın daxilində ideoloji birliyi gücləndirdi".