Putin Trampla görüş üçün yarışa girməyib Dünya

Putin Trampla görüş üçün yarışa girməyib

"Moskva ABŞ Prezidenti Donald Trampla görüşmək üçün rəsmi Kiyevlə yarışa girməyib".
Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz bu məsələdə hansısa yarışa girməyi yersiz sayırıq. Ukrayna məsələsinin həlli ilə bağlı real vəziyyəti əks etdirən informasiyalar Vaşinqtona yaxşı məlumdur, arzuladıqları halda Minskdə imzalanmış razılaşmanın tələblərinə əsasən rəsmi Kiyevin üzərinə düşən öhdəliklərlə rahatlıqla tanış ola bilərlər", - deyə Peskov bildirib.
Rus tərəfi həmçinin Amerika hökumətinin Ukraynaya Minsk müqaviləsinə əməl etməsi ilə bağlı ciddi siqnal verəcəyinə ümid etdiklərini də söyləyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Poroşenko hazırda ABŞ-da səfərdədir. Kiyev Trampın Putinlə görüşdən əvvəl Poroşenko ilə bir araya gəlməsini mühüm fakt olaraq vurğulamışdı.