

6 May 20:57
ABŞ və Ənsarullah hərəkatı Omanın vasitəçiliyi ilə Yəməndə atəşkəs barədə razılığa gəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi məlumat verib.
Bildirilib ki, razılaşma Yəmən husilərindən Bab əl-Məndəb boğazından tranzit keçən Amerika gəmilərinə hücum etməkdən çəkinməyi tələb edir:
“Oman Sultanlığının gərginliyi azaltmaq üçün Sənada ABŞ və Yəmən hakimiyyət orqanları ilə apardığı son təmas və danışıqlardan sonra tərəflər atəşkəslə bağlı razılığa gəliblər.
Əldə edilmiş razılaşmaların bir hissəsi olaraq, tərəflər bir-birinə hər hansı hücumlardan, o cümlədən Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında Amerika gəmilərinə hücumlardan çəkinməyi öhdələrinə götürürlər ki, bu da naviqasiya azadlığını təmin edəcək və beynəlxalq ticarətə maneələri aradan qaldıracaq”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da husilərə hücumların dayandırılacağını açıqlamışdı.