“Vəziyyət o qədər gərgindir ki, görüş mütləq təşkil olunmalı və danışıqlar aparılmalıdır” Dünya

“Vəziyyət o qədər gərgindir ki, görüş mütləq təşkil olunmalı və danışıqlar aparılmalıdır”

Fikrət Sadıqov: "Bu, geosiyasi gərginliyin nəticəsidir"

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp iyulun 7-də görüşəcəklər. Bunu Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov deyib. Prezident köməkçisi bu görüşün Hamburqda baş tutacağını qeyd edib.
Politoloq Fikrət Sadıqov deyib ki, ABŞ prezidenti Donald Trampın rus həmkarı Vladimir Putinlə G20 sammiti çərçivəsində görüşü bir çox dairələrdə, ABŞ siyasi elitası tərəfindən mənfi qəbul olunur. Onlar düşünür ki, Tramp bunu etməməlidir. O qeyd edib ki, ABŞ-da düşünürlər ki, Rusiya seçkiqabağı kampaniya dövründə seçkilərə müdaxilə edib və faktiki olaraq Rusiyanın köməyi ilə Tramp prezident seçilib: "Eyni zamanda ölkədən bir qrup hesab edir ki, Rusiya prezidenti ilə görüşmək lazımdır. Vəziyyət o qədər gərgindir ki, görüş mütləq təşkil olunmalı və danışıqlar aparılmalıdır. Bu geosiyasi gərginliyin nəticəsidir". Politoloqun fikrincə, reallıq ondan ibarətdir ki, iki lider görüşməlidir: "Müzakirə olunası məsələlər çoxdur. Kifayət qədər gərgin olan ikitərəfli münasibətlər müzakirə oluna bilər, çünki gərginliyi azaltmaq lazımdır. Hesab edirəm ki, Yaxın Şərqdə baş verən hadisələr, xüsusilə Suriya ətrafında ciddi müzakirələr gedəcək. İndi MDB məkanında ən aktual məsələ Ukrayna məsələsidir. Bununla bağlı fikir mübadiləsi aparıla, danışıqların hansısa nəticəsi ola bilər".
F. Sadıqov əlavə edib ki, bir görüşdən böyük nəticələr gözləmək olmaz: "Bu prezidentlərin ABŞ-a və ya Rusiyaya rəsmi səfəri deyil, qısa müddətli görüş olacaq. Ona görə də hər hansı sazişdən söz gedə bilməz. Sadəcə şifahi şəkildə yumşaqlıq naminə danışıqlar olacaq".
Politoloq Mübariz Əhmədoğlu isə "ABŞ və Rusiya prezidentlərinin G20 sammiti çərçivəsində görüşəcəyini düşünmürəm", - dyə vurğulayıb. O qeyd edib ki, Donald Trampın komandası daha çox təşəbbüs göstərir ki, belə görüş alınsın: "Amma Rusiya tərəfində elə bil maraq yoxdur". Politoloq hesab edir ki, iki ölkə arasındakı münasibətlər gərginləşməyə daha çox yaxındır: "Münasibətlər ya indiki kimi qala bilər ya da gərginləşə bilər. Normallaşma ehtimalı isə çox azdır". O vurğulayıb ki, son dövrlərdə Tramp Suriyada çoxlu sayda hərbi əməliyyatlar reallaşdırıb: "Tramp prezident seçkiləri ərəfəsində Suriya ilə bağlı fərqli bəyanatlar vermişdi. Lakin indi əks mövqedədir". M. Əhmədoğlu hesab edir ki, əslində Trampın Suriyadakı hərbi aktivliyi Rusiyaya doğru yönəlib: "Əgər ABŞ Suriyada hərbi əməliyyatlar aparsa Rusiya ABŞ təyyarələrini vuracaq, amma deyəcək ki, komandanı Suriya prezidenti Bəşər Əsəd verib, Vladimir Putin yox".

Əli