Merkel yeni hökumətin miqrasiya siyasətini tənqid edir Dünya

Merkel yeni hökumətin miqrasiya siyasətini tənqid edir

Almaniyanın Ulm şəhərində Südwest qəzetinin təşkil etdiyi tədbirdə çıxış edən Almaniyanın keçmiş kansleri Angela Merkel, kansler Fridrix Merzin Almaniya sərhədlərində miqrantları geri qaytaran yeni siyasəti haqqında deyib: "Avstriya və Polşa sərhədlərində qeyri-qanuni miqrasiya ilə tamamilə mübarizə apara biləcəyimizə inanmıram. Mən həmişə Avropa həllərinin tərəfdarı olmuşam. Avropa həllini koordinasiya etmək çətin olsa belə, diqqət xarici sərhədlərin qorunmasına yönəldilməlidir”.

Xalqcəbhəsi.az-ın “TRT Haber”ə istinadla məlumatına görə, Merkel həmçinin xəbərdarlıq edib ki, bu cür təcrübələr daimi olarsa, AB daxilində hərəkət azadlığı hər kəsə baha başa gələcək: "Əks halda biz Avropanın məhv olduğunu görə bilərik və mən bunu istəmirəm. Ümid edirəm ki, yeni federal hökumət də bunu istəmir”.

Bildirək ki, yeni hökumətdə Daxili İşlər Naziri Aleksandr Dobrindt Almaniyanın xarici sərhədlərinə daha sərt nəzarət əmri verib və bu çərçivədə etibarlı giriş sənədləri olmayan və ya başqa bir AB ölkəsinə sığınacaq üçün müraciət edənlər sərhəddən geri qaytarılmağa başlayıb.