ABŞ Ukraynaya 2 iyun danışıqlarında iştirak etmək barədə təzyiq edə bilər Dünya

ABŞ Ukraynaya 2 iyun danışıqlarında iştirak etmək barədə təzyiq edə bilər

Rusiya Ukraynanın tələb etdiyi memorandumu təqdim etməsə belə Kiyev iyunun 2-də İstanbulda Rusiya ilə keçiriləcək danışıqlarda nümayəndə heyəti ilə iştirak etmək barədə ABŞ-ın təzyiqinə məruz qala bilər.

Bu barədə “The Washington Post“ məlumat yayıb.

Ukrayna ABŞ-ın hərbi və kəşfiyyat yardımından asılı olduğu üçün Vaşinqtonun Kiyevə danışıqlarda iştirak üçün təzyiq göstərmək imkanının olduğu qeyd olunur.

Bundan əvvəl Ukraynanın müdafiə naziri və danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov bildirib ki, Kiyev Rusiya ilə görüşün əleyhinə deyil. Lakin danışıqlara başlamazdan əvvəl Moskvanın memorandum təqdim etməsini gözləyir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Ukraynanın bu tələbinin qeyri-konstruktiv olduğunu deyib. O vurğulayıb ki, əsas məsələ birbaşa danışıqlar prosesini davam etdirməkdir.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov iyunun 2-də İstanbulda Ukrayna ilə danışıqların ikinci raundunun keçirilməsinin planlaşdırıldığını bəyan edib. Nazir qeyd edib ki, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski böhranın əsas səbəblərinə dair bütün aspektləri əhatə edən memorandumu Kiyev tərəfinə təqdim edəcək.

Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak ötən gün qeyd edib ki, Ukrayna Rusiya tərəfinin görüş başlamazdan əvvəl memorandum layihəsini təhvil verməsini israr edir.

“Ukrayna növbəti görüşə hazırdır, amma biz konstruktiv müzakirə aparmaq istəyirik. Bu o deməkdir ki, Rusiyanın layihəsini əldə etmək vacibdir. Vaxt kifayət qədərdir - sənədlərin hazırlanması və göndərilməsi üçün dörd gün kifayətdir”, - Yermak əlavə edib.

Xatırladaq ki, Rusiya-Ukrayna danışıqlarının ilk raundu mayın 16-da İstanbulda baş tutub. Görüşdə “1000-ə 1000” prinsipi ilə əsir mübadiləsi və mümkün atəşkəs üçün ilkin baxış təqdim olunub. Hər iki tərəf danışıqların nəticələrindən razı qaldıqlarını bildirib.