ABŞ-də israilli məhbuslara dəstək yürüşünə hücum Dünya

ABŞ-də israilli məhbuslara dəstək yürüşünə hücum

ABŞ-nin Kolorado ştatı dəhşətli anların şahidi olub. Boulder şəhərində Qəzzadakı israilli məhbuslara dəstək məqsədi ilə keçirilən yürüş iştirakçılarına yanar maddə ilə hücum edilib.

Fələstində baş verən qırğınlara diqqət çəkən və İsrail əleyhinə ifadələr işlədən şəxs “Molotov kokteylinə” bənzər cisimlərlə tədbir iştirakçılarına hücum edib. Hadisədə biri ağır olmaqla çox sayda adam yaralanıb. Xəbər aldıqdan sonra hadisə yerinə gələn polis qrupları tərəfindən hadisəni törədən şəxs nəzarətə alınıb.

Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Kaş Patel hadisəni məqsədli terror hücumu kimi qiymətləndirərək "Agentlərimiz və yerli hüquq-mühafizə orqanları hazırda hadisə yerindədir. Daha çox məlumat əldə olunduqca təfərrüatları paylaşacağıq" deyib.

FBI-nin direktor müavini Dan Bongino da hadisəni terror aktı olaraq qiymətləndirərək "Hadisə ilkin məlumat, dəlil və şahid ifadələri əsasında ideoloji motivli zorakılıq aktı olaraq araşdırılır" deyə bildirib.

Kolorado Baş prokuroru Phil Weiser də hücumu nifrət cinayəti kimi qiymətləndirərək ətraflı araşdırma başlanıldığını açıqlayıb.