Rusiyaya sanksiyalar layihəsi hələ yekunlaşmayıb Dünya

Rusiyaya sanksiyalar layihəsi hələ yekunlaşmayıb

Aparıcı respublikaçı senator deyir ki, Rusiyaya sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi yekunlaşmayıb. Daha öncə hər iki partiyanın razılaşma əldə etdiyi bildirilirdi. Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Corker iyulun 24-də jurnalistlərə deyib ki, "hələ görməli olduğumuz xeyli iş var". O, qanunvericiliyin detallarıyla bağlı fikir ayrılıqlarının tezliklə həllini tapacağını gözlədiyini söyləyib.
Corkerin açıqlamasından bir neçə dəqiqə öncə Ağ ev bildirib ki, prezident Donald Tramp qanun layihəsinin Amerika xalqı üçün "ən yaxşı saziş" olub-olmamasına baxacaq. Həmin layihəyə İrana və Şimali Koreyaya yeni sanksiyalar da salınıb. "O, qanunvericiliyi öyrənəcək, son məhsulun nəyə bənzədiyinə baxacaq", – Ağ evin sözçüsü Sarah Huckabee Sanders iyulun 24-də jurnalistlərə deyib.
Bu şərhlər administrasiya və Konqresin qanunvericiliklə bağlı daha öncəki açıqlamalarından geri çəkildiyini göstərir. İyulun 22-də respublikaçı və demokrat konqresmenlər deyirdilər ki, Moskvaya yeni sanksiyalar qoyacaq qanunvericiliklə bağlı razılığa gəliblər, prezidentin həmin sanksiyaları yüngülləşdirmək, yaxud qaldırmaq səlahiyyəti də məhdudlaşdırılacaq. Bir gün sonra Ağ ev qanunvericiliyi qəbul etməyə hazır olduğunu qeyd etdi.
Prezident Tramp dəfələrlə Moskvayla əlaqələri yaxşılaşdırmaq istədiyini vurğulayıb. Bu isə Konqresdə hər iki partiya mənsublarını əndişələndirib, onlar prezidentin Rusiyaya sanksiyaları qaldıracağından, yaxud yüngüllədirəcəyindən ehtiyatlanıblar. Həmin sanksiyalar Moskvanın Ukraynanın Krım yarımadasını qanunsuz ilhaqı və Ukraynanın şərqində separatçılara dəstəyinə görə qoyulub. Hələlik, ABŞ administrasiyası sanksiyaların qaldırılmasına yönəlik elə bir niyyət sərgiləməyib.
Qanun layihəsi iyulun 25-də Nümayəndələr Palatasında nəzərdə keçiriləcək. Senat da yeni layihəyə səs verməli olacaq. Layihəyə görə, Tramp sanksiyalarla bağlı hər hansı addım istəyərsə, Konqresə bu haqda məlumat verməlidir. Daha sonra konqresmenlər bir ay ərzində belə bir addıma icazə verib- verməmək məsələsinə baxmalıdır. Tramp layihəni imzalamaqdan imtina edərsə, bu, Vaşinqtonda siyasi çaxnaşma yaradar. Hazırda Federal Təhqiqatlar Bürosu (FBI) və Konqres komitələri Rusiyanın ABŞ-da ötənilki prezident seçkisinə mümkün müdaxiləsiylə bağlı araşdırma aparır. Trampın seçki kampaniyasının əməkdaşları və Rusiya rəsmilərinin kontaktları da təhqiqat obyektidir.
Rusiya, eləcə də Vaşinqtonun Avropa Birliyindəki müttəfiqləri bu qanunvericiliyə etiraz edirlər, sənədin enerji layihələrinə göstərəcəyi təsiri önə çəkirlər. Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya avropalı tərəfdaşları ilə bir neçə irimiqyaslı layihələrin gerçəkləşdirilməsi üzərində işləyir. "Bu səbəbdən bu layihələri əngəlləyəcək sanksiyalar mövzusu bizi narahat edir", – Peskov deyib.
Avropa Komissiyasının sözçüsü Margaritis Sçinas isə söyləyib ki, "Avropa Birliyi ABŞ-dan olan həmkarlarıyla Birləşmiş Ştatların addımları sarıdan narahatlığı yoluna qoymaqdan ötrü bütün diplomatik kanalları işə salır".