Meloni: İtaliya tərəfləri müzakirə üçün masaya gətirməyə çalışacaq Dünya

Meloni: İtaliya tərəfləri müzakirə üçün masaya gətirməyə çalışacaq

İtaliya Baş Naziri Giorgia Meloni ABŞ-ın İranın nüvə obyektlərinə hücumundan sonra, İtaliya olaraq tərəfləri danışıqlar masasına gətirmək üçün səylərini davam etdirəcəklərini bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-ın İranın üç nüvə obyektinə hava hücumu təşkil etməsindən sonra Meloni X hesabında paylaşım edib.

Yaxın Şərqdə böhranın pisləşməsindən sonra, bu səhər hökumət üzvləri və kəşfiyyat idarələrinin rəhbərləri ilə videokonfrans keçirdiyini bildirən Meloni, "Böhran, Xarici İşlər Nazirliyinin bölgədəki vətəndaşların vəziyyəti, iqtisadi və təhlükəsizlik təsirləri ilə bağlı davamlı təmasda olduğu hökumətin diqqət mərkəzindədir. İtaliya tərəfləri danışıqlar masasına gətirmək üçün səylərini davam etdirəcək." ifadəsini işlədib.

Meloninin müvafiq nazirlərlə və təhlükəsizlik bürokratiyası ilə keçirdiyi görüşə dair Baş Nazirlikdən verilən yazılı açıqlamada da "Görüş zamanı hücumlar nəticəsində İranda hədəf alınan nöqtələrin vəziyyəti təhlil edildi. Zərərin dəqiq qiymətləndirilməsi yalnız saatlar keçdikcə mümkün olacaq." məlumatı paylaşılıb.

Açıqlamada, Baş Nazir Meloninin irəliləyən saatlarda bölgədəki əsas müttəfiqlər və liderlərlə əlaqələrini davam etdirəcəyi də bildirilib.

ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumundan sonra İtaliya Baş Nazir Müavini və Xarici İşlər Naziri Antonio Tajani səhər saatlarında ilk qiymətləndirməsində İtaliya olaraq gərginliyin bu hücumdan sonra azalmasını ümid etdiklərini bildirib. Müdafiə Naziri Guido Crosetto isə TG1 kanalında "Bu bombardman ssenarini tamamilə dəyişdirir. Daha böyük bir böhranın qapısını açır. İrandan ABŞ-ın bütün obyektlərinə yayıla biləcək daha güclü cavab riski var." şərhini vermişdi.

Məryəm Quliyeva