

“İndiki mərhələdə ABŞ-Çin münasibətlərində struktur dəyişiklik baş verir. İki böyük güc arasında iqtisadi əməkdaşlığın diplomatik gərginlik üzərində prioritetləşdirilməsi mümkün görünür. Trampın biznes mənşəli düşüncəsi geopolitik rəqabəti iqtisadi məntiqə tabe etmək istəyini göstərir. Bu kontekstdə Çinin layihələri ilə ABŞ infrastruktur planları arasında müəyyən koordinasiya əldə edilə bilər”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Tural İsmayılov deyib.
Politoloq bildirib ki, hərbi-sənaye kompleksinin maraqları isə bu yumşalma prosesinin əsas maneəsidir: “Pentaqon və müdafiə kontraktorları Çin təhdidinin böyüdülməsində maraqlıdırlar. Lakin Trampın ticarət prioritetləri bu təsirlərə qarşı durmağa imkan verir. Tayvan məsələsində ABŞ-nin əvvəlki qəti mövqeyindən çəkilməsi adanın özünümüdafiə strategiyasını yenidən nəzərdən keçirməyə məcbur edir. Bu vəziyyət Tayvan liderliyi üçün Pekinlə birbaşa dialoq perspektivlərini açır”.
Onun söylədiyinə görə, regional balans baxımından Yaponiya və Cənubi Koreya ABŞ-nin Tayvan sahillərində azalan iştirakından narahatdır: “Bu ölkələr öz hərbi potensiallarını artırmağa məcbur olacaqlar. Çinin Si Cinpin administrasiyası bu fürsəti "Çin yuxusu"nun reallaşdırılması üçün istifadə edə bilər. Lakin Pekin də həddindən artıq iddialı olmamaqla yumşaq güc metodlarına üstünlük verməlidir. Nəticə etibarilə, hazırki geosiyasi şəraitdə ABŞ-Çin yumşalması mümkündür, lakin bu proses həm daxili siyasi dinamikadan, həm də beynəlxalq konjonkturdan asılıdır. Qarşılıqlı iqtisadi fayda prinsipi regionda uzunmüddətli sabitliyin təməlini təşkil edə bilər”.
Röya İsrafilova